22 Dekabr 2024, Bazar

Ulu öndər Heydər ƏLİYEV: Mən bütün həyatım boyu həmişə və hər yerdə, həyatımın bütün mərhələlərində, cəmiyyətin inkişafının bütün dövrlərində mədəniyyətə böyük əhəmiyyət vermişəm.

Azərbaycan mədəniyyəti və incəsənətinin bugünkü səviyyəyə yüksəlməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Dahi rəhbər mədəniyyəti xalqın böyük sərvəti və iftixar mənbəyi hesab edirdi.
“Fəxr edirəm ki, mən Azərbaycanlıyam”, –  deyən ümummilli liderimiz Heydər Əliyev haqqında söz demək hər bir azərbaycanlıda iftixar duyğusu yaradır. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan mədəniyyəti və incəsənəti bütün sahələrdə uğurlu inkişaf yolu keçmişdir.

Ümummilli liderimiz öyrədirdi ki, mədəniyyət özündə əməkdaşlıq, müxtəlif sivilizasiyalara qarşılıqlı hörmət, mehriban qonşuluq, müxtəlif xalqlara ehtiram kimi prinsipləri ehtiva edir. Dahi rəhbər deyirdi: “Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən böyüyü mədəniyyətdir”.
Azərbaycan mədəniyyəti və incəsənəti zəngindir, çoxçalarlıdır. Mədəniyyət dedikdə muzeylərimiz, kitabxanalarımız, ədəbiyyatımız, folklorumuz, ana dilimiz, muğamımız, kinomuz, teatr sənətimiz, tarixi abidələrimiz, xalça sənətimiz, memarlığımız, təsviri incəsənətimiz, monumental heykəltəraşlığımız, miniatür sənətimiz və başqa sahələr göz önündə canlanır. Bu sahələrdən hər hansı biri haqqında danışanda ulu öndərin misilsiz xidmətlərini görürük. Milli və ümumbəşəri mədəniyyəti çox dərindən bilən xalqımızın böyük oğlu Heydər Əliyev mədəniyyətimizin inkişafı üçün hər zaman əzmkarlıq, fədakarlıq, təşəbbüs və yüksək təşkilatçılıq nümunəsi göstərmişdir.
Azərbaycan mədəniyyəti tariximizin heç bir mərhələsində ümummilli liderin zamanında olduğu qədər yüksək qiymətləndirilməmişdir. “Kitabi-Dədə Qorqud” eposu, Xaqani, Nizami dühası, Füzuli dünyası, Əcəmi Naxçıvani sənəti, Gəmiqaya rəsmləri, Qobustan, İçərişəhər, Atəşgah, Əshabi-Kəhf abidə kompleksləri, Nəsimi, Vaqif, Cavid, Mirzə Cəlil, Müşfiq, Səməd Vurğun, Aşıq Ələsgər, Bəxtiyar Vahabzadə, Məmməd Araz ədəbi-bədii düşüncəsi, Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyovun rəng düzümü, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tofiq Quliyev, Müslüm Maqomayev, Arif Məlikovun musiqi dünyası, bir sözlə, bütün bu dəyərli xəzinə ulu öndərimiz tərəfindən yüksək qiymətləndirilmiş və daim onun diqqət mərkəzində olmuşdur. Ulu öndərin böyük sənətkarlara qayğısı və məhəbbəti Azərbaycana, Vətəninə sonsuz sevgisindən qaynaqlanırdı. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərliyinin  birinci dövründə onun təqdimatı ilə böyük sənətkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşlər. Ümummilli lider Azərbaycan musiqisinin dünya arenasına çıxması üçün böyük işlər görürdü. Ulu öndərimiz ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da Azərbaycan musiqisinin inkişafına böyük qayğı və diqqət göstərirdi. Onun sərəncamı ilə 24 nəfər bəstəkar və musiqişünasa Prezident təqaüdü verilmiş, onların bir çoxu “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişlər.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə mədəniyyətimizin bir sahəsi kimi muzeylərimizin inkişafında və tərəqqisində böyük uğurlar əldə edilmişdir. 1980-ci ildə dahi rəhbərin təşəbbüsü ilə Azərbaycanın bütün rayonlarında tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında qərar qəbul edilmişdir. 1980-ci il 4 yanvar tarixli qərarla Azərbaycanda muzey işi ilə bağlı Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin Elmi-Bərpa Mərkəzi yaradılmışdır. Az vaxt ərzində respublikanın bütün rayonlarında, o cümlədən muxtar respublikanın Culfa, Ordubad, Şərur və başqa rayonlarında tarix-diyarşünaslıq muzeyləri fəaliyyətə başlamışdır.
Ümummilli liderin Azərbaycana rəhbərliyinin ikinci dövründə də muzey işinin tərəqqisi sahəsində böyük işlər görülmüşdür. 1993-cü ildə Nazirlər Kabinetində ulu öndərin təşəbbüsü ilə muzey işçilərinin respublika müşavirəsi keçirilmişdir. 1994-cü ildə bu müşavirənin materialları əsasında respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması tədbirləri haqqında qərar qəbul edilmişdir.
Azərbaycanda görkəmli şəxsiyyətlərimizin ev-muzeylərinin yaradılması da dahi rəhbərin adı ilə bağlıdır. Ulu öndərin hakimiyyəti illərində Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Nəriman Nərimanovun, Abdulla Şaiqin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Məmməd Səid Ordubadinin, Bülbülün, Niyazinin, Yusif Məmmədəliyevin, Cəmşid Naxçıvanskinin və onlarla böyük şəxsiyyətlərimizin ev-muzeyləri yaradılmışdır. Hazırda Azərbaycanda 50-dən çox ev-muzeyi fəaliyyət göstərir. Halbuki görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər Azərbaycanda cəmi 1 ev-muzeyi var idi.
Respublikamızda ilk xalça muzeyinin yaradıcısı da ulu öndər Heydər Əliyev olmuşdur. 1972-ci ildə ümummilli liderin iştirakı ilə açılan muzey həm də qədim xalça sənətimizə olan məhəbbətin ifadəsi idi. 1982-ci ildə keçmiş ittifaq məkanında Şərq xalça sənəti ilə bağlı I beynəlxalq simpoziumun YUNESKO səviyyəsində Bakıda keçirilməsi də ümummilli liderin xidməti idi. Xalqımızın böyük oğlu Heydər Əliyev Lətif Kərimov və Kamil Əliyev kimi xalça sənətkarlarına böyük diqqət və qayğı göstərirdi. Görkəmli xalça sənətkarı Kamil Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi bu sənətə qayğı və məhəbbətin ifadəsi idi.
Qeyd etmək lazımdır ki, Azərbaycanda görkəm­li şəxsiyyətlərin yubileylərinin keçirilməsi ənənəsi də bu dahi insanın adı ilə bağlıdır. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Aşıq Ələsgər, Süleyman Rüstəm, Əliqulu Qəmküsar, Əcəmi Naxçıvani və başqa böyük şəxsiyyətlərimizin yubileyləri ulu öndərimizin hakimiyyəti illərində yüksək səviyyədə qeyd olunmuşdur. Müstəqillik illərində “Dədə Qorqud” eposunun 1300 illiyinin dünya səviyyəsində qeyd olunması ulu öndərin xidmətidir.
Böyük şəxsiyyətlərin Bakıda və respublikamızın başqa şəhərlərində əzəmətli heykəl və abidələrinin ucaldılması dahi rəhbərin həm də Azərbaycan mədəniyyətinə sonsuz məhəbbətinin ifadəsidir. Nəsimi, Xətai, Nəriman Nərimanov, Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Mehdi Hüseynzadə, Əcəmi, Məmməd Səid Ordubadi və başqa böyük şəxsiyyətlərimizin abidələri monumental heykəltəraşlıq sənətimizin inciləri kimi bu gün də şəhər mədəniyyətinə öz töhfəsini verməkdədir.
Mədəniyyətimizin teatr, kino və başqa sahələri də ümummilli liderimizin daim diqqət və qayğı göstərdiyi sahələr idi.
Ulu öndərimizin ölkəmizə rəhbərliyinin birinci dövründə Azərbaycan teatrının 100 illik yubileyinin təntənə ilə qeyd olunması bu dövrün əsl sənət bayramı idi. Böyük öndər Naxçıvan teatrının fəaliyyətinə də həmişə yüksək qiymət vermiş və Naxçıvanda yaşadığı dövrdə bu teatrın hazırladığı tamaşalara böyük həvəslə baxmışdır.
Ümummilli liderimiz milli kino sənətimizi sevir və bu sahəyə xüsusi qayğı göstərirdi. Azərbaycan milli kinosu tarixində indiyədək 350-dən çox film çəkilmişdir ki, bu filmlərin də çoxu ulu öndərin hakimiyyəti illərində lentə alınmışdır. Ulu öndərin təşəbbüsü və göstərişi ilə çəkilən “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud” və başqa tarixi filmlər kino mədəniyyətimizin böyük hadisəsi idi.
Respublikamızda “Milli Kino”, “Milli Musiqi”, “Azərbaycan Əlifbası və Ana Dili” günlərinin təsis edilməsi haqqında sərəncamların imzalanması mədəniyyətimizə məhəbbətin bariz nümunəsidir.
Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə ölkəmizdə 15 professional teatr, 50 xalq və özəl teatr, 8 konsert təşkilatı, 1740 klub müəssisəsi, 2001 kitabxana, 164 muzey, 30 şəkil qalereyası, 2 bədii sərgi salonu, 225 musiqi və incəsənət məktəbi yaradılmışdır. Halbuki 1969-cu ilə qədər respublikada cəmi 12 teatr, 5 konsert təşkilatı, 2312 kitabxana, 1535 klub müəssisəsi, 29 muzey, 75 musiqi məktəbi var idi. Ölkəmizdə bir şəkil qalereyası belə, fəaliyyət göstərmirdi.
Azərbaycan mədəniyyəti ötən əsrin 70-ci illərindən başlayaraq keçdiyi tarixi inkişaf yoluna və tərəqqisinə görə ümummilli lider Heydər Əliyevə borcludur. Onun mədəniyyətə, incəsənətə belə qayğı və diqqəti, hamilik etməsi Vətənə, xalqa bağlılığında idi. Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Mədəniyyət və incəsənət kiçik yaşlarımdan qəlbimdə xüsusi yer tutur. Bəlkə də, gənclik illərində arzum rəssam olmaq, yaxud teatra getmək idi, amma qismət başqa cür oldu. Ona görə də hamısı qəlbdən gəlir”. Bu böyük şəxsiyyət, doğrudan da, hər işi qəlbdən, ürəkdən edirdi. Əsl sənət bilicisi idi. Sənətdən, mədəniyyətdən, incəsənətdən danışanda elə məsələlərə toxunurdu ki, hamı heyrətlənirdi.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ümummilli liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti uğurla davam etdirilir. Yeni mədəniyyət müəssisələri, konsert salonları inşa olunur, teatrlarımız, muzeylərimiz, kitabxanalarımız təmir olunur, sənət adamlarına böyük qayğı göstərilir. Ulu öndərin bu sahədə yaratdığı ənənələr davam etdirilir, mədəniyyət sahəsində böyük layihələr həyata keçirilir.
Bu gün ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu mədəniyyət sahəsinin inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun mədəniyyət və incəsənətimizə qayğısı ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsinin bariz ifadəsi və bu yola sədaqətin nümunəsidir. Diyarımızda geniş vüsət almış abadlıq və quruculuq tədbirləri mədəniyyət və incəsənət müəssisələrini də əhatə etmişdir. Muxtar respublikada mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, teatrlar, musiqi məktəbləri üçün yeni binalar inşa olunmuş və ya əsaslı təmir edilərək istifadəyə verilmişdir. Mədəniyyət və incəsənət müəssisələri ən müasir inventar və avadanlıqlarla təmin edilmiş, peşəkar musiqi və folklor kollektivləri, qrupları, bədii özfəaliyyət ansamblları dövlət qayğısı ilə əhatə olunmuşdur.

Sərgilər, konsertlər, tamaşa proqramları, ədəbiyyat gecələri, kitab təqdimatları, elmi toplantılar, dünyanın müxtəlif ölkələrində yüksək səviyyədə keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti günləri, bütün bu tədbirlər xalqımızın, o cümlədən biz mədəniyyət və incəsənət işçilərinin ümummilli lider Heydər Əliyevə olan dərin və sonsuz məhəbbətindən güc alır. Bu mənəvi birlik ümumən Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin təntənəsidir. Xalqımızın böyük oğlu Heydər Əliyevin milli-mədəni intibah amalı bu gün də yaşayır və gələcəkdə də yaşayacaqdır.  

Çingiz AXUNDOV
Azərbaycan Respublikasının xalq artisti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR