Ulu öndər Heydər ƏLİYEV: Azərbaycan Respublikasında dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, onun əbədi edilməsi hər birimizdən var qüvvəsini sərf etməyi tələb edir. İnanıram ki, tarixin bir çox sınaqlarından ləyaqətlə çıxmış xalq bu ali məqsəd uğrunda bütün imkanlarından lazımınca istifadə edəcək, müstəqil Azərbaycan dövlətinin bu günü və sabahının tam təminatçısı olacaqdır.
XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan ulu öndər Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə bütöv bir xalqın dünəni, bu günü və sabahı aydın görünür. Azərbaycan xalqı çox haqlı olaraq ulu öndərin adını müstəqillik tarixinə dövlətimizin milli xilaskarı, memarı və böyük qurucusu kimi həkk etmişdir.
Bəşəriyyətin mövcudluq salnaməsinə möhürünü vurmuş görkəmli tarixi şəxsiyyətlərin mənsub olduqları xalqların, millətlərin tarixindəki rolunu tədqiq etmiş böyük mütəfəkkirlər daim bu fenomen insanların fəaliyyətini dərindən öyrənməyə, obyektiv elmi-politoloji nəticələr çıxarmağa səy göstərmişlər. Çoxsaylı nəzəriyyələrə, geniş fikir müxtəlifliyinə baxmayaraq, ümumi qənaət belə olmuşdur ki, hər bir xalqın milli inkişaf yolu müəyyənləşdirilərkən həmin xalqı dünya miqyasında tanıdan, layiqli mövqelərə ucaldan məhz belə xarizmatik milli liderlərdir. Çin mütəfəkkiri X.Fey yazırdı: “Şəxsiyyət xalqın məşəlidir, onsuz irəliyə yol yoxdur. Çünki şəxsiyyətin işini ayrı-ayrı fərdlər görə bilməzlər. Şəxsiyyətlər səma adamlarıdır, yerə müəyyən missiya üçün göndərilir”.
Bu mənada ümummilli lider Heydər Əliyevin müstəsna missiya ilə müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq təcrübi surətdə həyata keçirmiş böyük şəxsiyyət olduğu danılmaz həqiqətdir. Ulu öndərin siyasi kimliyi xalqımızın uzun minillikləri əhatə edən dövlətçilik tarixində iz qoymuş görkəmli şəxsiyyətlərin ən müsbət cəhətlərinin ümumiləşmiş obrazıdır. O, Azərbaycanın müasir tarixini əhatə edən, zaman baxımından bir qərinəlik, mahiyyətcə isə əhəmiyyəti əsrlərlə ölçülən mərhələsində həm dünya şöhrətli uzaqgörən siyasi və dövlət xadimi, həm mahir strateq və yenilməz sərkərdə, həm iqtisadi-mədəni intibahın memarı və milli-mənəvi mədəniyyətin böyük hamisi, həm yorulmaz vətənpərvər və polad əqidəli vətəndaş, həm də görkəmli mütəfəkkir və milli ziyalılığın öndəri kimi titanik fəaliyyət göstərmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə ölkədə hakimiyyətə qayıdışından sonra Azərbaycanın hüquqi-siyasi və sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisi istiqamətində aparılan islahatlar, bu islahatlar nəticəsində yalnız ölkəmizdə deyil, hətta regionumuzda baş verən dəyişikliklər, mütərəqqi yeniliklər ən yaxın tariximizin siyasi reallığıdır. Milli istiqlaliyyətimizin 23-cü ilinə qədəm qoyduğumuz bu müddətdə xalqımız məhz görkəmli dövlət xadimi Heydər Əliyevin konseptual irsinə sadiq qaldığı üçün müstəqilliyini və suverenliyini qoruyub saxlamış, uzun müddət davam edən dərin iqtisadi böhrandan çıxaraq sürətli və hərtərəfli inkişaf yoluna qədəm qoymuş, zəruri demokratik islahatlar nəticəsində Avropa ailəsinə qoşulmuş, bu gününün və gələcəyinin rifahını təmin etmişdir. Ulu öndərimizin əfsanəvi şəxsiyyətini, onun malik olduğu bilik və qabiliyyətləri fenomenal keyfiyyətləri ilə birlikdə tam xarakterizə etmək bütöv bir tarixi dövrü təsvir etmək qədər çətin bir elmi-ictimai vəzifədir. Lakin bir həqiqət artıq tarixin daş yaddaşına qızıl hərflərlə həkk olunmuşdur: ulu öndər Heydər Əliyevin bütünlüklə ana Vətəninə, xalqına, dövlətinə, doğma torpağına həsr edilmiş həyat və fəaliyyətinin müasir müstəqil Azərbaycanla, onun tarixi ilə sıx bağlı və paralel olduğu danılmazdır.
XX əsrdə dövr, zaman xalqımızı bir neçə dəfə ağır imtahana, sınağa çəkmişdir. Sovet imperiyasının süqutu ərəfəsində – xalqımızın 1918-ci ildə qazandığı müstəqilliyin itirilməsindən 70 ildən artıq vaxt keçməsinə, nəsillərin dəyişməsinə baxmayaraq, qəlblərdəki azadlığı, müstəqillik arzusunu boğmaq mümkün deyildi. Ümummilli liderimizin Azərbaycana rəhbərliyinin ilk dövründə, 1969-1982-ci illərdə həyata keçirdiyi ardıcıl milli dirçəliş konsepsiyasının bütöv sistem təşkil edən tarixi yubiley tədbirləri, ümumxalq mərasimləri, milli ziyalılığın gizli və açıq şəkildə qətiyyətlə dəstəklənməsi xalqımızın milli-tarixi yaddaşını məhv olmaqdan qurtardığı kimi, müstəqillik ərəfəsində və istiqlaliyyət illərində qlobal miqyaslı maddi-mənəvi səfərbərlik və quruculuq tədbirləri Azərbaycanın yaxın-uzaq imperiya maraqları ilə təhlükəyə məruz qoyulmuş dövlətçiliyini intibaha qovuşdurmuşdur. XX əsrin sonunda özünün rəhbərliyi altında keçilən tarixi yola nəzər salaraq ulu öndər deyirdi: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatına əsaslanır”.
1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov.İKP Siyasi Bürosunun üzvü vəzifəsində işlədiyi dövrdə də böyük öndərin həyatı və fəaliyyəti doğma xalqının mənafeyi ilə sarsılmaz şəkildə bağlı olmuş, hətta bütün türk xalqlarının maraqlarının ardıcıl müdafiəsinə yönəlmişdi. 1986-cı ildə türklər Bolqarıstandan didərgin salınanda, Qazaxıstan rəhbəri D.Kunanbayev qeyri-milli kadrla əvəz olunanda sovet rəhbərliyinə qəti etirazını bildirərək onları antitürkçülükdə ittiham edən dahi rəhbər Heydər Əliyev bir xalqın liderliyindən həm keçmiş SSRİ tərkibində, həm də bütün dünyada yaşayan türk xalqlarının ən böyük şəxsiyyətinə çevrilmişdi.
Bu böyük şəxsiyyət ali dövlət vəzifələrində olmadığı dövrlərdə belə, xalqımız qarşısında xidmətlərini davam etdirmiş, həyatını təhlükə qarşısında qoyaraq 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə bədnam sovet rəhbəri M.Qorbaçovu və bu qanlı cinayətin digər təşkilatçılarını kəskin ittiham etmişdi. Xalqımızın böyük oğlunun 1990-cı il iyulun 22-də çox ciddi maneələrə və həyati təhlükələrə sinə gərərək Moskvadan doğma Vətəni olan Naxçıvana gəlməsi, torpağımızın ən məşəqqətli günlərində burada yaşayıb siyasi fəaliyyət göstərməsi, 1991-ci il sentyabrın 3-də muxtar respublika əhalisinin təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Naxçıvanı siyasi oyunlardan və erməni işğalından xilas etmişdir. Ümummilli liderimizin bu dövrdə həyata keçirdiyi uzaqgörən tədbirlər, qəbul etdiyi tarixi-siyasi qərarlar yalnız Naxçıvanın yox, bütövlükdə Azərbaycanın xilasına xidmət edirdi.
Müstəqilliyimizin ilk illərinin acı ibrət dolu dərsləri elə sarsıdıcı oldu ki, səbri daşan xalq 1993-cü ilin iyununda ulu öndəri öz dövlətinin rəhbərliyinə çağırmaqla ağıl, cəsarət, ədalət üzərində qurulan xoşbəxtliyə – əbədiyyətə uzanan Heydər Əliyev yoluna qədəm qoydu. Beləliklə, həm real dövlətçilik fəaliyyətində, həm də mənəvi sferada ideologiyasızlıq problemi birdəfəlik həll edildi. Böyük öndərin müəllifi olduğu Azərbaycançılıq məfkurəsi cəmiyyətdə mənəvi-ideoloji boşluğun olduğu bir vaxtda irəli sürüldü və ötən dövrdə bu fəlsəfənin alternativsizliyi tam təsdiqini tapdı. 1994-cü il sentyabrın 20-də imzalanmış Əsrin müqaviləsi (sonralar daha 20-dən artıq belə müqavilə) ilə ölkəmizdə sosial-iqtisadi yüksəlişin təməli atıldı. Hüquqi dövlət quruculuğunun əsasını təşkil edən 1995-ci il Konstitusiyası isə qanunçuluğun ən ali səviyyədə təmin edilməsinin əbədi nümunəsi oldu.
Müstəqil dövlətçiliyin əsas istiqamətləri kimi irəli sürülən milli təhlükəsizlik və milli maraqların qorunması, Dağlıq Qarabağ üzərində konstitusion səlahiyyətlərin bərpa edilməsi, ordunun gücləndirilməsi, ölkənin müdafiə potensialının inkişafı, xarici siyasət və beynəlxalq əlaqələrin gücləndirilməsi 1993-2003-cü illərdə ümummilli liderimizin Azərbaycan Respublikasının Prezidenti kimi çoxşaxəli fəaliyyətinin başlıca istiqamətləri oldu. Cəmiyyətin siyasi sisteminin inkişaf etdirilməsi, sosial-iqtisadi siyasət, sosial-mədəni və mənəvi inkişaf sahəsində fəaliyyətin əsas istiqamətləri Azərbaycanın müstəqilliyinin xilaskarı kimi dövlət rəhbərliyi missiyasını öz üzərinə götürmüş ulu öndərin daxili siyasətdə əsaslandığı sabit və uğurla reallaşdırılan taleyüklü siyasi vəzifələr idi.
Ümummilli lider Heydər Əliyev özünün öndərliyində Azərbaycanda həyata keçirilən müstəqil dövlət quruculuğu tədbirlərini belə dəyərləndirirdi: “Qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik, Vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz milli Konstitusiya qəbul etdik. Prezident, parlament və bələdiyyə seçkiləri keçirdik, mühüm siyasi və iqtisadi islahatlar apardıq”.
Böyük öndərin milli dövlətçilik konsepsiyası müstəqil dövlətçiliyimizin bundan sonrakı inkişafının bütün mərhələlərini əhatə edəcək qədər uzaqgörən və bəşəridir. Elə buna görə də 2003-cü ilin prezident seçkiləri öncəsi Azərbaycan xalqına tarixi müraciətində ümummilli lider deyirdi: “Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir...”
Son üç dövlət başçısı seçkilərində xalqımız cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçməklə həm öz liderinə qədirbilənliklə vəfa borcunu göstərmiş, həm də Heydər Əliyev yolu ilə gələcəyə doğru getməkdə qətiyyətli olduğunu sübut etmişdir. Ötən dövr ümummilli liderimizin tarixi müraciətində irəli sürdüyü müddəaların onun adına layiq şəkildə yerinə yetirilməsi ilə əlamətdar olmuşdur. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyev yolunun davam və inkişaf etdirilməsinə dayanıqlı siyasi və güclü mənəvi stimul yaratmışdır. Möhtərəm Prezidentimiz elə rəhbərliyinin ilk günlərindən ölkəmizin strateji yolunun dəyişməzliyini qətiyyətlə bəyan etmişdir: “Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”. Ümummilli liderimizin milli dövlətçilik irsinin layiqli siyasi varisi Prezident cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ilk günündən elan etdiyi bu xətt müstəqil Azərbaycanı əsl tərəqqiyə qovuşdurmuş, ölkəmiz regionda lider dövlətə çevrilmişdir: “Həyat yerində durmur, qarşımıza yeni tələblər çıxır. Amma prinsipial istiqamət, ideoloji istiqamət dəyişməz olaraq qalır. Bu, Heydər Əliyev fəlsəfəsidir, siyasətidir, ideologiyasıdır...”
Elman CƏFƏRLİ
YAP Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent