22 Dekabr 2024, Bazar

Dünən AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 57-ci məşğələsi keçirilmişdir. Lektoriyanın budəfəki mövzusu “Heydər Əliyev – siyasi rəhbərlikdən ümummilli liderliyə” olmuşdur.
Məşğələni giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd etmişdir ki, tarixdə hər bir siyasi lider dövlət xadiminə çevrilə bilmədiyi kimi, dövlət xadimi olan hər bir siyasi lider də ümummilli liderə çevrilə bilmir. Ümummilli liderə o şəxsiyyətlər çevrilə bilirlər ki, onlar taleyüklü məqamlarda məsuliyyəti cəsarətlə öz üzərlərinə götürür, milli və dövlətçilik maraqlarını bütün addımları atmaq üçün əsas istiqamətverici amil hesab edir və millətinin öz müqəddəratını müstəqil şəkildə təyin etməsini təmin edirlər. Xalqımızın böyük oğlu Heydər Əliyev bu keyfiyyətləri özündə ehtiva edən siyasi lider, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideridir. Bölmə sədri dünya səviyyəli müxtəlif dövlət və siyasi xadimlərin ümummilli lider haqqında söylədiyi fikirləri xatırlatmışdır.

Sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli “Heydər Əliyev – siyasi rəhbərlikdən ümummilli liderliyə”  mövzusunda  məruzə etmişdir. Bildirilmişdir ki, Azərbaycanın son qırx ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrindəki dirçəliş məhz onun müdrik və uzaqgörən fəaliyyətinin nəticəsidir. Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.
Ümummilli lider Heydər Əliyev birinci dəfə siyasi hakimiyyətə gələndə – 1960-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz dahi rəhbərin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdır.
Azərbaycanın XX əsrin 90-cı illərinin əvvəllərində düşdüyü ağır ictimai, iqtisadi, siyasi böhrandan danışan məruzəçi o zaman blokada şəraitində olan,  düşmən təcavüzünə məruz qalan Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılmasında ümummilli liderin misilsiz xidmətlərindən bəhs etmişdir.
Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələndə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdır.
Bütün bu illər ərzində məhz görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Ulu öndər Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır.
Vurğulanmışdır ki, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz xalqımızın böyük oğlu Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş dahi rəhbərin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Məşğələyə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR