Naxçıvan Qızlar Liseyində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri liseyin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva açaraq geniş məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, ölkəmiz üçün kifayət qədər mürəkkəb sayılan taleyüklü bir dönəmdə xilaskarlıq və quruculuq missiyasını yerinə yetirən müasir Azərbaycanın memarı ulu öndər Heydər Əliyev bəşəriyyətin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi tarixdə silinməz iz qoymuşdur. Məhz ümummilli liderin titanik xidmətləri sayəsində həqiqi dövlət müstəqilliyinə qovuşan, dinamik və sürətli bir inkişaf yoluna çıxan Azərbaycan dünyanın siyasət meydanında öz sözünü deyə bilən qüdrətli bir dövlətə çevrilmişdir. Ümummilli liderimizin tarixi xidmətlərini hər zaman dərin ehtiramla anan xalqımız Azərbaycanın qurtuluşuna və tərəqqisinə həyatını həsr etmiş ulu öndərin xatirəsini daim əziz tutur, onu böyük minnətdarlıq hissi ilə yad edir.
Sonra liseyin müəllimlərindən Səkinə Allahverdiyeva, Fərqanə Həsənova, Gülüstan Cabbarova çıxış etmişlər. Bildirilmişdir ki, bu gün Azərbaycanın qazandığı uğurlar dünyanın diqqət mərkəzindədir. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin yeritdiyi daxili və xarici siyasət respublikamızı regionda lider dövlətə çevirmişdir. Artıq müstəqil dövlətimiz, sosial-iqtisadi sabitliyimiz və dinamik inkişaf edən iqtisadiyyatımız var.
Qeyd olunmuşdur ki, Heydər Əliyev siyasəti muxtar respublikamızda da uğurla davam etdirilir. Bu gün Naxçıvan Muxtar Respublikasının hər bir yerində möhtəşəm abadlıq-quruculuq işləri həyata keçirilir, iş yerləri açılır, əhalinin rifahı gündən-günə yaxşılaşır. Bütün bunlara isə ulu öndərin, bütün zamanların dahisinin əbədiyaşar siyasətinin nəticəsində nail olunmuşdur.
Sonda liseyin şagirdləri ulu öndərə həsr edilmiş şeirləri bədii qiraət etmişlər.
Xəbərlər şöbəsi