Dünən Naxçıvan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir.
Məşğələni giriş sözü ilə institutun tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru Akif İmanlı açmışdır.
Sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Azərbaycan xalqı haqlı olaraq ümummilli lider Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin qurucusu, banisi, memarı, xilaskarı adlandırır. Ulu öndər ölkədə ictimai-siyasi sabitliyi bərpa etdikdən sonra müstəqil dövlət quruculuğuna başlamışdır. O, müstəqil, hüquqi və dünyəvi Azərbaycan dövlətinin yaradılması konsepsiyasını işləyib hazırlamış və onu uğurla həyata keçirmişdir.
Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ümummilli liderin apardığı siyasətin tərkib hissələrindən biri də Azərbaycançılıq ideologiyasının yaradılması və ümumxalq, dövlət siyasəti səviyyəsinə yüksəldilməsidir.
Qeyd olunmuşdur ki, 15 iyun 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev özünün fövqəladə təşkilatçılıq bacarığı, qətiyyəti və sarsılmaz iradəsi ilə ölkəni məhv olmaqdan xilas etmiş, xalqı vahid məfkurə – Azərbaycançılıq ideyası ətrafında sıx birləşdirmiş, vətəndaş cəmiyyətini formalaşdırmış, hüquqi dövlətin yaradılmasına nail olmuşdur. Beləliklə, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan adlı mükəmməl bir dövlət qurmuş və onu Azərbaycan xalqına bəxş etmişdir.
Xəbərlər şöbəsi