22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilmişdir

Konfransı giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq bildirmişdir ki, 1992-ci ildə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası mürəkkəb ictimai-siyasi şəraitdə – ölkədə daxili qarşıdurmanın gücləndiyi, milli birliyin, vətəndaş həmrəyliyinin bərqərar olunmasına zərurət duyulduğu bir vaxtda  yaranmışdır. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş,  partiya qısa bir zamanda milli həmrəyliyə nail olmuş, sivil, demokratik fəaliyyəti ilə Azərbaycanın müstəqil dövlət quruculuğunda mühüm rol oynamışdır. 1993-cü ildə dahi rəhbər Heydər Əliyevin Prezident seçilməsi ilə Yeni Azərbaycan Partiyası iqtidar partiyasına çevrilərək ölkə­nin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 21 illik fəaliyyəti boyu Yeni Azərbaycan Partiyası hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirməklə ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmuşdur.
Konfransda Yeni Azərbaycan Partiyası universitet ərazi ilk təşkilatının sədr müavini, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov “Yeni Azərbaycan Partiyasının memarı və qurucusu” adlı məruzəsində partiyanın tarixi qələbələrinin məhz ümummilli liderin xarizmatik şəxsiy­yəti, fenomenal siyasətçi və dövlət xadimi nüfuzu, yüksək rəhbərlik bacarığı ilə bağlı olduğunu vurğulamışdır.

Azərbaycan tarixi kafedrasının dosenti,  tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov “Yeni Azərbaycan Partiyasının keçdiyi yol” adlı məruzəsində ulu öndər Heydər Əliyevin banisi olduğu partiyanın 21 il ərzində cəmiyyətdə özünəməxsus aparıcı yer tutmasından, xalqımızın bu gün də dahi siyasətçinin dövlətçilik ideyalarına sədaqət nümayiş etdirərək partiya ətrafında sıx birləşməsindən bəhs etmişdir.
Fransız dili müəllimliyi ixtisasının III kurs tələbəsi, Yeni Azərbaycan Partiyası universitet ərazi ilk təşkilatı üzrə gənclər təşkilatının sədri Aytən İsmayılova “Yeni Azərbaycan Partiyası və gənclik” mövzusundakı məruzəsində partiyanın günbəgün artan gənc üzvlərinin bundan sonra da ölkədəki ictimai-siyasi proseslərdə öndə gedəcəklərini, Heydər Əliyev ideyalarını əzmlə yaşadacaqlarını bildirmişdir.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş gənc­lərə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR