22 Dekabr 2024, Bazar

Dekabrın 10-da “Naxçıvan Muxtar Respublikasında azad sahibkarlıq hüququnun inkişafı və perspektivləri” mövzusunda tədbir keçirilib.
10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bay­ram­ova açaraq bildirib ki, 1948-ci il dekabrın 10-da BMT-nin Baş Assambleyasında “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” qəbul edilib. Assambleyanın 423 saylı qətnaməsi ilə bütün ölkələrə qətnamənin qəbul edildiyi günün “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd edilməsi tövsiyə olunub.
Qeyd edilib ki, qəbulundan 65 illik bir müddət keçməsinə baxmayaraq, bəyannamə bu gün də öz aktuallığını və universallığını qoruyub saxlayır. Dünya birliyinin bərabərhüquqlu üzvü və beynəlxalq hüququn müstəqil subyekti olan Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmini dövlətin əsas prioritet məqsədləri sırasına daxildir.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının 12-ci maddəsində insan hüquq və azadlıqlarının və Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin olunması dövlətin ali məqsədi kimi elan edilib. İnsan hüquqları sistemində əsas hüquqlardan biri də azad sahibkarlıq hüququ və onun müdafiəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsi birbaşa azad sahibkarlıq hüququnu təsbit edir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın dövlət tərəfindən hüquqi tənzimlənməsi və dövlət nəzarəti” mövzusunda məruzə edib. Bildirilib ki, sahibkarlığın bazar iqtisadiyyatı şəraitində iqtisadi yüksəlişə verdiyi töhfəni aydın görən ümummilli lider Heydər Əliyevin gerçəkləşdirdiyi sistemli tədbirlər sayəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunması kontekstində özəl sektorun formalaşması üçün hüquqi baza yaradılıb, digər mühüm əməli tədbirlər görülüb, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək göstərilib. Bu tədbirlər Naxçıvan Muxtar Respublikasında da böyük sürətlə həyata keçirilib.
Vurğulanıb ki, muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik sahibkar­lığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Fondu yaradılıb. Bu qurum özəl sektorun maliyyə ehtiyacının qarşılanmasında genişmiqyaslı işlər görməkdədir. Sahibkarlığa Kömək Fondu vasitəsilə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırıb. Sahibkarlıq sahəsində yoxlamaların reyestrinin yaradılması da bu sahənin inkişafına yönələn ən mühüm addımdır. Artıq yoxlayıcı orqanlar reyestrdə qeydiyyatdan keçmədən, müvafiq şəhadətnamə almadan yoxlama apara bilməzlər. Muxtar respublikada azad sahibkarlığın inkişafında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlarla keçirdiyi görüşlərin də böyük əhəmiyyəti vardır. Bu il mart ayının 29-da Naxçıvan Biznes Mərkəzində sahibkarlarla keçirilən görüşdə Ali Məclisin Sədri demişdir: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf konsepsiyasının mühüm istiqamətlərindən biri də sahibkarlığın inkişafı ilə bağlıdır. İndi getdikcə daha aydın görünür ki, kiçik və orta sahibkarlığı inkişaf etdirmədən dayanıqlı inkişafı təmin etmək mümkün deyil. Bu amil əsas götürülərək Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq subyektlərinin inkişafı diqqət mərkəzində saxlanılır. Bu diqqət və qayğının tərkib hissəsi olaraq, hər il sahibkarlarla görüşlər keçirilir, ortaya çıxan problemlərin aradan qaldırılması və fəaliyyətin stimullaşdırılması üçün konkret tədbirlər görülür”.
Qeyd edilib ki, aparılan iqtisadi siyasətin davam etdirilməsi və sənayenin modernləşməsi istiqamətində islahatların həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə “Sənaye parkları haqqında Əsasnamə” təsdiq olunub. Təsdiq edilmiş Əsasnamə sənaye parkının yaradılması haqqında qanunvericilik bazası olub, onun idarə edilməsi və bu ərazidə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyərək muxtar respublikada sənayeləşmənin yeni mərhələsinin başlanğıcıdır. Sənaye parklarının yaradılması sənayedə işgüzar fəallığın artmasına, kiçik sahibkarlığın daha güclü inkişaf etməsinə stimul olacaqdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Qarayevin, muxtar respublika iqtisadi inkişaf nazirinin müavini Anar Seyidovun, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərovun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayevin, vergilər nazirinin müavini Nurlan Əliyevin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Vüqar Muxtar­ovun, Sahibkarlar Konfederasiyasının sədri Abbas Babayevin çıxışları olub.  

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR