22 Dekabr 2024, Bazar

Torpaq altının, üstünün zəngin sərvətlərinə görə tanınar. Yurd qədimliyi, üstündə pərvəriş tapan xalqın ululuğu ilə müqəddəsləşər. Vətənə bəşər tarixinə bəxş etdiyi nadir dühalara, böyük şəxsiyyətlərə görə səcdə edərlər.
Hansı meyardan yanaşsaq, hansı prizmadan baxsaq, qədim Naxçıvan torpağı müqəddəs məkandır. Altı da, üstü də zəngin xəzinə olan, hər daşı, hər qayası mifləşən, əsatirləşən bu diyar bəşərin ikinci yaranış beşiyi, Peyğəmbər yurdudur. Tanrı tərəfindən seçilən bu diyarın ilahi gücü, qüdrəti çağdaş dövrümüzdə də özünü büruzə vermiş, Naxçıvan nəinki Azərbaycana, eləcə də bəşəriyyətə Heydər Əliyev kimi nadir şəxsiyyət yetirmişdir. Bu mənada Naxçıvan torpağı müqəddəslik əlaməti kimi hər bir azərbaycanlı, türk övladı üçün seviləsi, səcdə olunası Vətən torpağıdır. Böyük şəxsiyyətlərdə isə Vətən, yurd sevgisi daha güclü olur. Ümummilli liderimiz Heydər Əliyevin müdrikliyə söykənən, müqəddəslikdən yoğrulan Vətən sevgisi kimi.

Həyatını xalqının firavanlığına, Vətənin çiçəklənməsinə həsr edən, bu yolda ömrünü şam kimi əridən ümummilli liderimiz Heydər Əliyev haqqında söz demək böyük məsuliyyətdir. Həm də ona görə ki, bu tarixi və nadir şəxsiyyətin bənzərsizliyi, qeyri-adiliyi, böyük qüdrəti həmişə dünyanın diqqətində olmuş, onun ictimai-siyasi fəaliyyətinin bütün məqamları, dahiliyinin xarakterik cizgiləri mətbuatda dolğun canlandırılmışdır. Eyni zamanda ulu öndərimiz haqqında yazmaq, söz demək hər birimizin qəlbində baş qaldıran istəkdir. Onun xilaskar kimi bitkin obrazı qəlbimizdə qərar tutub və zaman keçdikcə bu nadir şəxsiyyətin qüdrəti öz əzəmətilə insanları düşünməyə sövq edir.
Müstəqil dövlətimizin qurucusu və yaradıcısı olan ümummilli liderimiz haqqında çox yazılıb, yüksək fikirlər söylənilib, sanballı əsərlər ərsəyə gətirilib. Sözsüz ki, gələcəkdə də yazılacaqdır. Ulu öndərin dünya siyasətinə verdiyi töhfələr ən yüksək səviyyəli elmi mərkəzlərdə araşdırılacaq, öyrəniləcəkdir. Çünki onun ideyaları yeniləşən dünyanın ən mühüm tərkib hissəsinə çevrilib.
Ulu öndər Heydər Əliyevin böyük qüdrəti, müdrikliyi Azərbaycanı, onun xalqını nəinki xilas etdi, eyni zamanda varlığımızı dünyaya tanıtdı. Azərbaycan naminə şəhid olmağa hər an hazır olan, azərbaycanlı olması ilə böyük fəxarət duymasını bəyan edən bu dahi şəxsiyyətin bütün fəaliyyəti bəşəriyyətə məxsusdur. O, məhz Azərbaycanın varlığı, gələcəyi naminə ömrünü fəda etdi. Azərbaycanı dünyanın siyasi səhnəsindən silinmək təhlükəsindən qurtardı. Onun Azərbaycan naminə etdikləri də bəşəri xarakter daşıyırdı. Bunu dünyanın böyük şəxsiyyətləri, siyasətçiləri də etiraf edir.

    Əbədi rəhbərsən Azərbaycana,
    Ona həyat verdin, sən həyan durdun.
    Ölkəni tanıtdın bütün cahana,
    Onu sən yaratdın, onu sən qurdun.

Ümummilli liderimiz Heydər Əliyev mərd, qorxmaz, cəsur adamları sevirdi. Çünki özü mərd, cəsur və qorxmaz idi. Heydər Əliyev sədaqəti, etibarı, dəyanəti ən gözəl insani keyfiyyətlərdən hesab edirdi. Çünki özü sədaqətli, etibarlı və dəyanətli şəxsiyyət idi. Heydər Əliyev prinsipiallığı, dönməzliyi, qətiyyəti yüksək qiymətləndirirdi. Çünki özü prinsipial, dönməz, qətiyyətli idi. Heydər  Əliyev professionalları irəli çəkməyi xoşlayırdı. Çünki özü hər bir cəhətdən professional idi.
Ulu öndər Heydər Əliyev milyonlarla insan üçün istiqamət göstərən, yol açan bir mayak olub. Yaddaşlara beləcə həkk olunub. Ulu öndər sadə vətəndaş üçün əsl ata, gənclər üçün qürur qaynağı, Azərbaycan əsgəri üçün əbədiyaşar komandan və ən əsası, Vətən üçün döyünən ürək missiyasını yerinə yetirməyi bacardı. Buna görə də sağlığında qərinəyə, əsrlərə sığmayan qəhrəmanlıq şücaəti onun qismətinə yazıldı.
Dünyanın bir çox dövlət başçıları və tanınmış siyasətçiləri ümummilli liderimizin şəxsiyyəti və dahiliyi barədə dəyərli fikirlər söyləmişlər. Bütün deyilənlər isə bir qənaəti təsdiqləyir: Heydər Əliyev böyük şəxsiyyət, nadir siyasətçi və vətənpərvər rəhbər idi. Belə olmasaydı, Heydər Əliyev işığı nəinki Azərbaycanı, bütün dünyanı bürüməzdi.
Ulu öndər cismən bizdən ayrılsa da, o, mənən həmişə bizimlədir və əbədi olaraq xalqımızla bir olacaqdır. Xalqımızın xoşbəxtliyi həm də ondadır ki, Heydər Əliyev siyasəti bu gün də uğurla davam etdirilir. Bu ölkəyə Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyev rəhbərlik edir.

Zərif Məmmədova
Culfa rayonunun Əbrəqunus kənd internat məktəbinin X“a” sinif şagirdi

12 dekabr 2006-cı il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR