22 Dekabr 2024, Bazar

Dekabrın 5-də Heydər Əliyev Muzeyində Babək rayon Sirab və Zeynəddin kənd tam orta məktəbləri şagirdlərinin iştirakı ilə açıq dərs keçilmişdir.
Açıq dərsdə Sirab kənd tam orta məktəbinin tarix müəllimi Savalan Qasımov “Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, o cümlədən onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması muxtar respublikanın həyatına ciddi təsir göstərmişdir. Bu dövrdə bütün Azərbaycanda, həmçinin Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik rəhbər lazım idi. Belə bir rəhbər xalqımızın müdrik oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev idi.

Ulu öndər Heydər Əliyev 1990-cı il iyulun 20-də Mos­kvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvana gəlmişdir. Bu dövrdən etibarən ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü başlamışdır. Qeyd olunmuşdur ki, 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilmişdir. Həmin sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Аli Məclisi Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
Naxçıvan Muxtar Respublikası Аli Məclisində müzakirə olunan ən mühüm məsələlərdən biri də 1990-cı il 20 Yanvar faciəsinə verilən siyasi qiymət idi. 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul etmişdir.
Bildirilmişdir ki, 1991-ci il 3 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəl­adə sessiyası çağırılmışdır. Həmin sessiyada dahi şəxsiyyət yekdilliklə Ali Məclisin Sədri seçilmişdir.
Qeyd olunmuşdur ki, 1992-ci ildə qonşu İran və Türkiyə respublikaları ilə bağlanmış əməkdaşlıq müqavilələri əsasında Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri yaradılmış, Naxçıvan şəhəri yaxınlığında İstilik-Elektrik Stansiyası tikilmişdir. Eyni zamanda İran İslam Respublikasından, Türkiyə Respublikasının İqdır vilayətindən yüksəkgərginlikli elektrik xətlərinin çəkilişi Naxçıvanın elektrik enerjisinə olan ehtiyacını əsasən ödəmişdir.
Beləliklə, 1991-1993-cü illərdə ümummilli lider Heydər Əliyev Naxçıvandakı siyasi fəaliyyəti dövründə muxtar respublikanı geniş tərəqqi yoluna çıxarmışdır.
Zeynəddin kənd tam orta məktəbinin təşkilatçısı Gülnisə Əliyeva açıq dərsdə “Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı” mövzusunda danışmışdır. Qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan, böyük miqyaslı fəlakətlərdən qurtardı. Böyük şəxsiyyətin titanik fəaliyyəti nəticəsində daxildə vətəndaş müharibəsinin, xaricdən isə torpaqlarımıza müdaxilənin qarşısı alındı. Çox qısa zamanda bütün sahələrdə əsaslı islahatlar aparılaraq müsbət nəticələr əldə olundu. Ən əsası isə dövlətçiliyimizin sütunları möhkəmləndirildi, müstəqilliyimiz qorunub saxlanıldı. Məhz dahi şəxsiyyətin yorulmaz fəaliyyətinin nəticəsidir ki, bu gün ölkəmiz, eyni zamanda onun ayrılmaz hissəsi olan muxtar respublikamız sürətli inkişaf dövrünü yaşayır. Buna görə də xalqımız ulu öndərin xatirəsini daim əziz tutur, onu böyük minnətdarlıq hissi ilə yad edir.
Sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR