Dünən Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin 175-ci məşğələsi keçirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş “Heydər Əliyev idealları və müasir Azərbaycan” mövzusundakı məşğələdə əvvəlcə ümummilli liderin əziz xatirəsi dərin ehtiramla yad olunmuşdur.
Universitetin rektoru, professor Saleh Məhərrəmov məşğələdə giriş sözü ilə çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin dövlət müstəqilliyinin qorunmasındakı, Azərbaycanın güclü və qüdrətli dövlət kimi dinamik inkişafındakı, ölkəmizin dünyada tanınmasındakı misilsiz xidmətlərindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsinə çevrilmiş, dünya siyasət arenasında layiqli mövqeyə sahiblənmişdir.
Vurğulanmışdır ki, Heydər Əliyev şəxsiyyəti və irsinin öyrənilməsi, gələcək nəsillərə çatdırılması Vətənimizin gələcək inkişafı baxımından olduqca vacibdir. Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev mövzu ilə bağlı məruzə edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyev ölkədə siyasi anarxiya və xaosun baş alıb getdiyi, xarici qüvvələrin və daxili seperatçıların təhriki ilə vətəndaş müharibəsi və milli parçalanmanın qaçılmaz olduğu bir şəraitdə yenidən hakimiyyətə gələrək xilaskarlıq və liderlik missiyasını öz üzərinə götürmüşdür. Dahi rəhbər xalq və hakimiyyət yekdilliyini simvolizə edən, müstəqil, azad və demokratik ölkənin mənafelərini müdafiə edən, Azərbaycançılıq ideologiyasını qürurla təbliğ edən qətiyyətli siyasəti ilə əbədilik qazanmışdır. Qeyd olunmuşdur ki, ölkədə milli ideologiyanın formalaşması, dövlətimizin məqsədyönlü uğurlu xarici və daxili siyasətə malik olması, güclü iqtisadiyyatın əsasının qoyulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
“Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan XXI əsrə sivil, hüquqi, demokratik dövlət kimi qədəm qoymuşdur”, – deyən məruzəçi bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və çiçəklənməsi naminə xalqımız bu siyasətin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşir, Heydər Əliyev ideyalarına sədaqət, milli birlik nümayiş etdirir.
Mehriban SULTAN