Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar Birliyinin birgə təşkil etdiyi “Heydər Əliyev dühası əbədiyaşardır” adlı rəsm sərgisinin açılışı olmuşdur. Sərgidə naxçıvanlı rəssamların Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri nümayiş etdirilir.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək bildirmişdir ki, Azərbaycan mədəniyyəti və incəsənətinin bugünkü səviyyəyə çatmasında ümummilli liderimizin müstəsna xidmətləri vardır. Dahi rəhbər xalqımızın çoxəsrlik zəngin mədəniyyətini böyük sərvət və iftixar mənbəyi hesab edirdi. Ulu öndər mədəniyyətimizin bütün sahələrinə – muzeylərə, kitabxanalara, təsviri incəsənətimizə, teatr və kinoya, musiqi və xalq yaradıcılığına böyük diqqət yetirirdi.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirmişdir ki, xalqımızın böyük oğlu Heydər Əliyev təsviri incəsənətə, rəssamlığa, monumental heykəltəraşlığa böyük qayğı göstərmiş və bu sahənin gözəl bilicisi olmuşdur. Ulu öndər qədim diyarımızda bu sənətin inkişafı üçün mühüm işlər görmüşdür. 1971-ci ildə dahi rəhbərin təşəbbüsü ilə Naxçıvan Rəssamlar Birliyi yaradılmışdır. Bu gün muxtar respublikada sənətə və sənətkara yüksək qiymət verilir ki, bu da Heydər Əliyev yolunun uğurla davam etdirilməsinin nəticəsidir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar. Sərgidə 32 rəssamın 50-yə yaxın rəsm əsəri nümayiş etdirilir. Azərbaycan Respublikasının əməkdar rəssamları Telman Abdinovun “Sönməyən həyat”, “Zamanın atəşfəşanlığı”, “Bir millət, iki dövlət”, Ülviyyə Həmzəyevanın “Heydər Əliyevin portreti”, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamları Səyyad Bayramovun “Mənalı ömür”, Cavid İsmayılovun “Müstəqillik yollarında”, rəssamlar Rəfael Qədimovun “Ümidimiz sənədir”, Abbas Yaycılının “Zirvədə”, Həbibə Allahverdiyevanın “Türk dünyasının ümummilli liderləri” kimi tabloları rəssamlarımızın ulu öndərin obrazını yaratmaq baxımından axtarışlarını, kompozisiya yeniliklərini dolğunluğu ilə özündə əks etdirir.
Qeyd edək ki, sərgi dekabr ayının sonunadək davam edəcəkdir.
Xəbərlər şöbəsi