Babək rayonunda ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar “Ulu öndər Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilmişdir. Konfransda rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyevin, Təhsil Şöbəsinin müdiri Kamil Kazımovun, Şəkərabad kənd tam orta məktəbinin direktoru Sədaqət Mahmudovun, Babək qəsəbə tam orta məktəbinin müəllimi Gülxar Novruzovanın, Cəhri kənd 2 nömrəli tam orta məktəbin müəllimi Qadir Əkbərovun çıxışları olmuşdur.
Çıxışlarda qeyd edilmişdir ki, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafı, təhsil işçilərinə müntəzəm diqqət və qayğı ümummilli liderimizin ciddi önəm verdiyi prioritet istiqamətlərdən biri olmuşdur. Azərbaycan təhsilinin yüksək sürətlə inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Xalqımızın böyük oğlu Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkəmizdə orta və ali təhsilin yüksək səviyyədə inkişafı təmin edilmiş, o cümlədən ölkədən kənarda kadr hazırlığına başlanılmışdır. Məhz ümummilli lider Heydər Əliyev 1970-80-ci illərdə SSRİ-nin 50-dən artıq şəhərinin 170-dən çox ali məktəbində ölkəmizin elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına köməklik göstərmişdir. Bütün görülən bu işlər Azərbaycan xalqının gələcəyi üçün atılmış addımlar olmuşdur. Bir faktı yada salmaq lazımdır ki, 1970-ci ilə qədər ölkədən kənarda təhsil alanların 40 faizi azərbaycanlı idisə, 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində bu rəqəm 97,7 faizə yüksəlmişdir.
Bildirilmişdir ki, təhsili millətin gələcəyi adlandıran ulu öndər ölkəmizə ikinci rəhbərliyi dövründə də təhsil islahatlarının aparılmasını ciddi vəzifə kimi qarşıya qoymaqla və beləliklə də, ölkə təhsilinin qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiyası yolu ilə inkişafına möhkəm zəmin yaratmışdır. Ümummilli lider Heydər Əliyevin əzəmətli şəxsiyyəti, böyük rəhbərin Azərbaycana, doğma xalqına həsr edilmiş ömür yolu bugünün və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyə məktəbidir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Xəbərlər şöbəsi