1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada “İnsan Hüquqları Günü” kimi qeyd olunur.
Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. İnsan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən vacib meyardır. Çünki insan hüquqlarına hörmət, insan hüquqlarının qorunması bəşəri dəyərlərə qovuşmağın əsas yoludur. Müstəqil Azərbaycan Respublikası bu gün dünya birliyinin tamhüquqlu üzvü kimi demokratik, hüquqi və dünyəvi dövlət yolu seçmiş, insan hüquqları üzrə əsas beynəlxalq konvensiyalara qoşulmuş, ölkəmizdə insan haqlarının təmin edilməsi sahəsində zəngin qanunvericilik bazası yaradılmışdır.
Azərbaycanda hər bir şəxsin həyatında və cəmiyyətdə insan hüquq və azadlıqlarının reallığa çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ölkəmizə rəhbərliyi dövründə insan hüquq və azadlıqları sahəsində ardıcıl tədbirlər görülmüş, normativ-hüquqi baza formalaşdırılmış, insan hüquq və azadlıqları ən ali dəyər kimi dövlətin prioritet məqsədləri sırasına daxil edilmişdir.
Ümummilli liderin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada əksini tapmış bu strateji məqsəd, ilk növbədə, hüquqi islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Konstitusiyanın qəbulundan sonra Azərbaycanda hüquqi islahatların keyfiyyətcə yeni mərhələsi başlanmış, yeni qanunvericilik aktları hazırlanaraq qəbul edilmişdir.
Konstitusiyanın III fəsli, bütövlükdə, yəni 48 maddə insan hüquq və azadlıqlarına həsr olunmuşdur. Əsas Qanunun 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir, bu hüquqları və azadlıqları qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qarşısında mühüm vəzifə kimi qoyulur. Bir sözlə, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşması vasitəsilə xalqın hakimiyyət funksiyasının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və bu kimi digər məsələlər Əsas Qanunumuzun mahiyyətini təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiyasında əsas insan və vətəndaş hüquqları və azadlıqları ilə yanaşı, hüquqi məsuliyyət yaradan dövlətin, cəmiyyətin və vətəndaşların, o cümlədən hər bir şəxsin öz mənafeyi naminə yerinə yetirməli olduğu zəruri davranışı müəyyən edən vəzifələr də təsbit edilmişdir.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman və 1998-ci il 18 iyun tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam ölkəmizdə insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmişdir. Daha sonra ölkəmizdə “Məhkəmələr və hakimlər haqqında” Qanun, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual və digər məcəllələr qəbul edilmiş, 1993-cü ildən tətbiqinə moratorium qoyulan ölüm hökmü 1998-ci ildə tamamilə ləğv edilmişdir. Bununla yanaşı, 2001-ci il dekabrın 28-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi və Ombudsman təsisatının yaradılması insan hüquqlarının qorunması və davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Qanunvericilik sisteminin təkmilləşdirilməsi ilə yanaşı, Azərbaycan müstəqil dövlət kimi insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra mühüm beynəlxalq konvensiya və sazişlərə də qoşulmuşdur. 2001-ci ildən Avropa Şurasının bərabərhüquqlu üzvü olan Azərbaycan Respublikası həmin ilin dekabrında “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanı ratifikasiya etmiş və üzərinə milli qanunvericiliyin bu Konvensiyaya uyğun təkmilləşdirilməsi öhdəliyini götürmüşdür. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmini istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması prosesinin məntiqi davamı kimi 2002-ci il dekabrın 24-də qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun da mühüm əhəmiyyəti vardır.
Ulu öndər Heydər Əliyevin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev ötən müddətdə insan hüquq və azadlıqlarının təminatı istiqamətində də kompleks tədbirlər həyata keçirmişdir. Bu gün sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoyan Azərbaycan Respublikası beynəlxalq arenada da böyük nüfuz sahibinə çevrilmişdir. Uzun illərdir, dünyada ardıcıl olaraq sülh və tərəqqi siyasəti yürüdən ölkəmizin hazırda BMT ilə əlaqələri yüksək səviyyədə davam etdirilir. Aydın siyasi iradənin, çağdaş hüquqi dövlət quruculuğu işində qısa müddətdə mühüm uğurlar əldə edilməsinin, cəmiyyət həyatının bütün sferalarını əhatə edən demokratik islahatların qətiyyətlə və ardıcıl həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycan BMT-nin yeni yaradılmış İnsan Hüquqları Şurasına üzv seçilmişdir. 2006-cı il mayın 9-da BMT Baş Assambleyasında keçirilən seçkilər nəticəsində Azərbaycanın bu quruma üzv seçilməsi ölkəmizin əldə etdiyi ən mühüm nailiyyətlərindən biridir. Azərbaycan-BMT əlaqələrinin inkişafı, möhkəmlənməsi və ölkəmizin bu təşkilatda böyük nüfuz qazanmasını göstərən ən əhəmiyyətli hadisə isə 2011-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu quruma rəhbərlik etməsi olmuşdur.
İnsan hüquqlarının qorunmasını və inkişafını daim diqqət mərkəzində saxlayan ölkə Prezidentinin sərəncamları ilə 2006-cı il dekabrın 28-də “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, 2011-ci il dekabrın 27-də isə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilmişdir. İnsan hüquqları sahəsində dövlət siyasətinin konkret istiqamətlərini müəyyənləşdirən bu sənədlər, əsasən, yeni mexanizmlər müəyyənləşdirərək həyata keçirilmişdir.
Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin təmini ilə bağlı həyata keçirilən islahatlar Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Muxtar respublikada hüquq institutlarının təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin yüksəkkeyfiyyətli hüquqi yardımla təmin edilməsi istiqamətində geniş tədbirlər həyata keçirilir. Son illər muxtar respublikada insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan dövlət orqanlarının fəaliyyəti təkmilləşdirilmiş, insan hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli təşkili məqsədilə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı yaradılmışdır.
Ölkə Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquq institutlarının inkişafında müstəsna rol oynamışdır. Fərmanın qəbul edilməsindən ötən illər ərzində muxtar respublikada hüquq institutlarının inkişaf etdirilməsi, o cümlədən məhkəmə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Bununla yanaşı, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir.
2011-ci il dekabrın 29-da keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda müvafiq dəyişikliklər edilmişdir. Bu dəyişikliyə əsasən, ölkəmizin qoşulduğu “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını və informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri Naxçıvan Muxtar Respublikasında yerinə yetirməsinə nəzarəti həyata keçirən təsisat qismində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir. Qanuna edilmiş bu dəyişiklik muxtar respublikada insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına xidmət edir.
Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq insan hüquq və azadlıqları sahəsində yeni-yeni uğurlara imza atır. Çünki ölkəmizdə həyata keçirilən hüquq islahatları, ilk növbədə, qanunçuluğun daha da möhkəmlənməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına hesablanmışdır.
Naxçıvan Muxtar Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat xidməti