Heydər Əliyev Muzeyində Naxçıvan Tibb Kollecinin tələbələrinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və Azərbaycan” mövzusunda açıq dərs keçilmişdir.
Açıq dərsdə kollecin müəllimi Rəna Vəliyeva mühazirə oxumuşdur. Bildirilmişdir ki, ulu öndərimizin bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti müasir tariximizin mühüm və şərəfli mərhələsini təşkil edir. O, respublikamızın ictimai-siyasi, eləcə də sosial-iqtisadi həyatında həlledici və əzmkar tədbirləri, təşəbbüsləri ilə nəhəng tarixi missiya yerinə yetirmişdir.
“Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi iki quruluşu – sovet sosializmi və dünya kapitalizmi dövrünü əhatə edir”, – deyən mühazirəçi vurğulamışdır ki, dahi rəhbər bu əks-qütblü ictimai-iqtisadi formasiyaların hər bir qayda-qanunlarına öz siyasi bacarığı ilə sinə gərərək özünün optimal idarəetmə prinsiplərini və metodunu yaratmışdır.
Tarixi faktlar bir daha sübut edir ki, ulu öndər SSRİ idarəçiliyinin diktəsilə şəraitin tələblərinə uyğun deyil, Vətəninin və xalqının arzusuna, mənafeyinə söykənən fəaliyyət göstərmişdir.
Ulu öndərimizin quruculuq və vətəndaşlıq missiyasını, həyata keçirdiyi siyasətin nəhəngliyini və incəliyini bu gün bütün dolğunluğu ilə daha dərindən dərk edirik. Biz tarixi prosesləri ardıcıllıqla izlədikdə tarixin gedişində şəxsiyyətin rolunun nə qədər əhəmiyyətli olduğunu dərk edirik. Məhz tarixi prosesdə insanın roluna diqqət yetirdikdə görürük ki, insan özü tarix yaradır. Bu mənada ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixi qarşısındakı xidmətləri tariximiz qədər böyükdür, desək, yanılmarıq.
Qeyd olunmuşdur ki, dahi rəhbər Heydər Əliyevin Vətənimizə ürəkdən bağlılığı onun Azərbaycanın azadlığı, istiqlaliyyəti, təşəkkülü və inkişafı yolunda apardığı mübarizədə qazanılan qələbələrdə öz əksini tapmışdır.
Sonra tələbələr muzeyin ekspozisiyasına baxmışlar.
Xəbərlər şöbəsi