22 Dekabr 2024, Bazar

Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Jan Qabrielse Naxçıvan Muxtar Respublikasına ikigünlük səfəri çərçivəsində muxtar respublikanın  təhsil, mədəniyyət və  istehsal müəssisələrində də olub.
Dünən niderlandlı səfir Naxçıvan Dövlət Universitetinə gəlib, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki tədris və elmi-tədqiqatyönlü laboratoriyalarda, Botanika bağında, Geologiya, minerologiya və yerşünaslıq, eləcə də Botanika və zoologiya muzeylərində olub. Səfir Beynəlxalq münasibətlər və xarici dillər fakültəsindəki Tərcümə-Tədris Mərkəzində tələbələrlə görüşüb, onların suallarını cavablandırıb.

Muxtar respublikanın qonağı Naxçıvan şəhərindəki bir neçə istehsal müəssisəsini də gəzib. Qonağın ilk baş çəkdiyi ünvan  Naxçıvan  Avtomobil Zavodu olub. Zavodda bu müəssisənin istehsal gücü, istehsal bazarı, ixrac imkanları haqqında səfirə ətraflı məlumat verilib. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal sahələrinə baxış zamanı niderlandlı səfirə məlumat verilərək bildirilib ki, “Badamlı” təbii mineral suyunun mənbəyi Şahbuz rayonunun Badamlı kəndində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. Badamlı Zavodu 1947-ci ildən Şahbuz rayonunda fəaliyyət göstərib. 1970-80-ci illərdə həmin müəssisə yenidən qurulduqdan sonra məhsulun 90 faizi respublikamızdan kənara göndərilirdi. 2004-cü ildə özəlləşdirilən müəssisə tədricən əvvəlki şöhrətini bərpa edib. “Gəmiqaya Mineral Sular” MMC müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat verib. Naxçıvan şəhərində elmi-texniki tərəqqinin ən son nailiyyətləri əsasında yaradılmış yeni zavod yüksəkkeyfiyyətli məhsullar istehsal etməyə başlayıb.
Daha sonra niderlandlı səfir Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət edib, Naxçıvanqala abidəsi ilə tanış olub, bu ərazidəki kəhrizlərlə maraqlanıb.
Səfir ölkəmizin paytaxtı Bakıya qayıtmazdan öncə “Gəmiqaya Mebel Fabriki” MMC-də də olub. Səfirə məlumat verilərək bildirilib ki, daxili bazarı yüksəkkeyfiyyətli məhsullarla təmin edən istehsal müəssisələrindən biri də “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisədə Almaniya, İtaliya və Türkiyə respublikalarından alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb, müxtəlif çeşiddə məhsul istehsalı üçün geniş imkanlar yaradılıb. Burada ağac profilli qapı və pəncərələr, modern və klassik üslubda dizayn edilmiş mebellər, sosial və inzibati binalar üçün müxtəlif avadanlıqlar istehsal edilməklə yanaşı, dizayn-dekorasiya xidmətləri də göstərilir.
Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Jan Qabrielsenin Naxçıvan Muxtar Respublikasına ikigünlük səfəri başa çatıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR