22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Özəl Univer­sitetində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Ulu öndər Heydər Əliyevin dövlətçilik dərsləri” mövzusunda “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir. Məşğələni giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti boyu Azərbaycan dövlətçiliyinə və Azərbaycançılıq ideologiyasına xidmətindən danışmış, milli müstəqilliyimizin qorunmasındakı rolundan bəhs etmişdir.
Məşğələdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin “Görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik dərsləri” mövzusunda məruzəsi dinlənilmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycanın bugünkü sosial-iqtisadi, elmi və mədəni inkişafının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər ötən əsrin 70-80-ci illərində sovet dövlətinin iqtisadi potensialından Azərbaycanda iqtisadiyyatın, elmin və mədəniyyətin inkişafı üçün bacarıqla istifadə etmiş, beləliklə, Azərbaycan xalqının rifahının yüksəldilməsi təmin olunmuş, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Xüsusilə ölkənin aqrar regiondan aqrar-sənaye regionuna çevrilməsi qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Dahi rəhbər hakimiyyətə gələndə Azərbaycanda 735 sənaye obyekti var idisə, 1982-ci ildə onların sayı 1048-ə çatmışdı. Həmin dövrdə Azərbaycandan dünyanın 65 ölkəsinə müxtəlif məhsullar ixrac olunurdu.
Bildirilmişdir ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın iqtisadi-mədəni inkişafı, sənayenin, kənd təsərrüfatının, elm və təhsilin idarə olunması üçün yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi qayğı göstərirdi. Dahi şəxsiyyətin göstərişi ilə hər il yüzlərlə gənc ittifaqın müxtəlif ali təhsil müəssisələrinə oxumağa göndərilir, təhsilini başa vurduqdan sonra ölkədə müvafiq sahələrdə ixtisaslı kadr kimi işlə təmin edilirdi. Hərbi kadrların yetişdirilməsinə də prioritet vəzifə kimi diqqət yetirilirdi. Ulu öndərin cid­di səyləri və qətiyyəti nəticəsində 1971-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi dahi rəhbərin bu sahədə həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasətin nəticəsi idi.
Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu müddət ərzində Sovet İttifaqının tərkibində müstəqil Azərbaycanın əsaslarını qoymuş, milli ruhun, milli mənəviyyatın vətəndaşlarımızın əqidəsinə çevrilməsinə nail olmuşdur. Bunun nəticəsidir ki, ölkəmiz 1991-ci ildə öz dövlət müstəqilliyini yenidən bərpa edə bilmişdir. 1991-1993-cü illərdə hakimiyyətdə olan adamların səriştəsizliyi ucbatından Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalsa da, 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli liderin yenidən siyasi hakimiyyətə qayıdışı tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlət kimi əbədi varlığını təmin etmişdir.
Məşğələyə ali təhsil ocağı­nın rektoru İsmayıl Əliyev yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR