22 Dekabr 2024, Bazar

Sərhəd hər bir dövlətin milli atributu olub, müqəddəs və əzizdir. Ona görə müqəddəsdir ki, bu sərhədlərin daxilində Vətən adlandırdığımız coğrafi məkan yerləşir. Ona görə əzizdir ki, həmin müqəddəs məkan üzərində isti yuva qurub böyüyür, firavan ömür sürməyə çalışırıq. “Müstəqil Azərbaycan Respublikası öz ərazisinin, sərhədlərinin sahibidir, müstəqil dövlət kimi öz sərhədlərini qorumalıdır və bunun üçün də sərhəd dəstələri, sərhəd qoşunları yaradılmışdır”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi bu fikirlər bir daha ölkə sərhədlərinin toxunulmazlığını sübut etməklə bərabər, onun etibarlı qorunmasını da qarşıya müqəddəs vəzifə olaraq qoyur.
Bu gün Naxçıvan Muxtar Respublikasının sərhədləri “Naxçıvan” Sərhəd Diviziyasının əsgərləri tərəfindən etibarlı qorunur. Elə biz də budəfəki yolumuzu həmin əsgərlərin xidmət yerindən salmağı qərara aldıq. Beləliklə, yolumuz Sədərək rayonu ərazisində yerləşən  sərhəd zastavasınadır.

... Avtomobilimiz Naxçıvan-Türkiyə gömrük-buraxılış məntəqəsindən sağa dönərək sərhəd zastavasına tərəf yol alır. Zastavaya qədər uzanan 3 kilometrlik asfalt yolda sıra ilə kross qaçışı keçirən əsgərlərlə rastlaşırıq. Bir neçə dəqiqəlik yoldan sonra zastavanın nəzarət-buraxılış məntəqəsinə çatırıq. Sərhəd zastavasının zabiti Röyal Həsənov bizi gülərüzlə qarşılayır. Yol boyu qaçan əsgərləri göstərərək – “Deyəsən, idman yarışı keçirilir?” – deyə soruşuruq. Zabit: “Bu gün yekun nəzarət-yoxlama məşğələlərinə start verilib. İldə iki dəfə bu cür məşğələlər keçirilir. Məqsəd şəxsi heyətin fiziki hazırlığını yoxlamaqdır. Əsgərlərimiz bu gün müxtəlif idman normativlərini yerinə yetirəcəklər” – deyir. Məşğələlərdə iştirak edən digər zabitlərlə də salamlaşırıq. Sonra Röyal Həsən­ovla birlikdə sərhəd zastavası ilə tanışlığa başlayırıq.
Məlumat üçün qeyd edim ki, 2012-ci il avqust ayının 22-də – üçrəngli bayrağımızın ilk dəfə Naxçıvandakı Sərhəd Dəstəsində qaldırılmasının 20-ci ildönümü günündə bu sərhəd zastava kompleksinin açılışı olub. Kompleksdə əsgər yataqxanası, sərhədçi ailələri üçün 2 mərtəbədən ibarət olan 8 mənzilli yaşayış binası istifadəyə verilib. Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “20 il dövlətçilik və dövlət quruculuğu tarixində elə bir böyük dövr deyil. Azərbaycanın ilk milli Sərhəd Dəstəsinin yaradılmasından ötən qısa müddət ərzində ölkəmizin Sərhəd Qoşunları böyük inkişaf və təşkilatlanma yolu keçmişdir. Bu gün hər birimiz fəxr edirik ki, müstəqil Azərbaycanın sərhədlərini onun milli sərhədçiləri qoruyur. Bu, xalqımızın əldə etdiyi böyük bir nailiyyətdir. Hələ 20 il bundan əvvəl üçrəngli bayrağımız Naxçıvandakı Sərhəd Dəstəsində qaldırılarkən ulu öndərimiz deyirdi: “Sərhəd xalqımız və müstəqil dövlətimiz üçün müqəddəsdir. Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini   nümayiş etdirən mühüm amildir”. Bu gün ulu öndərimizin bu fikirləri əsas götürülərək Azərbaycanın müqəddəs sərhədləri onun sərhədçiləri tərəfindən layiqincə qorunur”.

Röyal Həsənov qeyd edir ki, son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində hərbi hissənin maddi-texniki bazası xeyli möhkəmləndirilib, sərhəd zastavası müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunub, şəxsi heyətin peşəkar­lığı artırılıb, yeni sərhəd infra­strukturu yaradılıb. Bütün bunlar isə sərhədlərimizin etibarlı şəkildə qorunmasına gözəl imkanlar yaradır.
Yataqxana binasına daxil oluruq. Bir-birindən yaraşıqlı xidməti otaqlar, muxtar respublikanın təbiət və tarixi abidələrini özündə əks etdirən divar fotoşəkilləri, yüksəktəchizatlı rabitə otağı, yataqxana hissəsində isə səliqə ilə düzülmüş çarpayılar əsl sərhədçi səliqəsindən xəbər verir. Sinif otaqları ilə də tanış oluruq. Müsahibimiz deyir ki, əsgərlərin hərtərəfli öyrədilməsi, onlara sərhədçi peşəsinin dərindən mənimsədilməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir. Zabitlərin hər bir əsgərə fərdi qayğısı, onlarla yaxından maraqlanması, bilik və bacarıqlarını böyük maraqla onlara öyrətməsi əsgərlərin yüksəkhazırlıqlı və peşəkar sərhədçi kimi yetişməsində mühüm rol oynayır. Söhbətimizə bir az bundan əvvəl görüşdüyümüz, zastavanın digər zabiti Elçin Mirzəyev də qoşulur. O qeyd edir ki, əsgərlərlə hərbi-tərbiyəvi işlərin aparılması da mühüm amillərdəndir. Maraqlı fakt kimi deyim ki, bu ilin aprel ayında zastavada “Valideyn günü” keçirilib. Müxtəlif bölgələrdən əsgər valideynləri bura dəvət olunub. Onlarla maraqlı söhbətlər aparılıb, konsert proqramı təşkil edilib. Fərqlənən əsgərlərə buraxılış vərəqələri və komandanlıq adından təşəkkürnamələr təqdim olunub.
Həmsöhbətlərimizə əsgərlərlə də söhbətləşmək fikrində olduğumuzu deyirik. Sinif otaqlarının birində görüşdüyümüz əsgərlərin bir neçəsi ilə oxucularımızı tanış edək. Əsgər Fuad Seyidov Quba rayonundan hərbi xidmətə çağırılıb. Hərbi xidmətinin çox hissəsini geridə qoyub.
Fuad Seyidovun dediklərindən: “2012-ci ildə hərbi xidmətə çağırılmışam. Tale elə gətirdi ki, bu qədim Azərbaycan torpağında xidmətə başlamalı oldum. Bu, mənim üçün daha yaxşı oldu ki, bu diyarı yaxından tanıdım. Sərhədçi kimi xidmətimə gəldikdə isə onu deyə bilərəm ki, Vətən sərhədləri müqəddəsdir. Müqəddəs olanı qorumaq isə şərəfli işdir. Ona görə də bu şərəfli işin incəliklərini bizə öyrədən komandirlərimizə bir daha minnətdarlığımızı bildirirəm”.
Cəlilabad rayonundan olan Mərahim Musayev isə hərbi xidmətə dörd ay bundan əvvəl gəlib. Dediyinə görə, sərhədçi olmaq onun ürəyincədir:
– Sərhəd rayonu olan Cəlilabad rayonundanam. Orta məktəbin yuxarı siniflərində oxuduğum zaman sərhədçilərlə daha çox maraqlanır, onlar kimi xidmət etmək istəyirdim. Mənə elə gəlirdi ki, sərhədçilər daha çevik olmalı, qarşılaşdıqları hər hansı bir problemə ani və düzgün reaksiya verməyi bacarmalıdırlar. Xidmətə gəldikdən sonra doğru düşündüyümün bir daha təsdiqini gördüm. Həqiqətən, sərhədçi fiziki cəhətdən tam hazırlıqlı, dünyagörüşlü, insanlarla yaxşı ünsiyyət qura bilmək bacarığına malik  olmalı, bu istiqamətdə özünü yetişdirməlidir. Fəxr edirəm ki, Azərbaycan sərhədlərinin keşiyində dururam.
Digər tanış olduğumuz əsgər Mir­əli Həbib isə Bakı şəhərindən həqiqi hərbi xidmətə çağırılıb. Deyir ki, bir ildən artıqdır, Naxçıvanda xidmət edirəm. Xidmət etdiyimiz sərhəd zastavası bizim doğma evimizdir və maraqlı burasıdır ki, coğrafi cəhətdən kiçik olan bu ərazidə üç dövlətlə həmsərhədik. Sərhəd boyu xidmətdə olarkən düşünürsən ki, ölkənin təhlükəsizliyinə, onun milli maraqlarına zidd ola biləcək hər hansı bir iş sərhədi pozmaqla ola bilər. Ona görə də xidmətin məsuliyyəti heç zaman səni tərk etmir. Düşünürsən ki, səndən arxada Vətən deyilən məkan və bu məkanda yaşayan insanlar – həmvətənlərin var. Onları qorumaq bizə həvalə edilibsə, bu işin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Fəxr edirəm ki, Azərbaycan Respublikasının dövlət sərhədlərinin qorunmasında mənim də xidmətim var.

Bəli, əsgərlərimizlə olan söhbət bizi də qürurlandırır. Sevinirsən ki, ölkəmizin sərhədləri bu cür vətənpərvər əsgərlər tərəfindən qorunur. Sərhədçi olmağın məsuliyyətini dərk edən, bu xidməti yüksək səviyyədə həyata keçirən əsgərlərimiz həm də üç dövlətin sərhədində xidmət apardıqlarının qürurunu yaşayırlar. Bu sərhəddən isə Vətən başlayır...

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR