22 Dekabr 2024, Bazar

O, dünyaya gələndə kimsə ağlına gətirməzdi ki, iki il sonra baş verən müharibə onun taleyini bu qədər dəyişəcək, o, tamamilə başqa bir mühitdə böyüyəcək və öz həyatının, demək olar ki, bütün şüurlu fəaliyyət dövrünü böyüyüb boya-başa çatdığı məmləkətin müdafiəsinə və tərəqqisinə həsr edəcək. O, öz fəaliyyəti ilə eyni zamanda sübut edəcəkdi ki, bir məkanı, bir yeri sevmək üçün orada dünyaya göz açıb-açmamaq elə də böyük bir şərt deyil. Əsas olan səmimiyyət, cəsarət və sədaqətdir.

Məhəmməd xan Təkinski – o, 1879 və yaxud 1880-ci ildə Mərkəzi Asiyada Axal-Təki vadisində anadan olsa da, Naxçıvanda böyüyüb boya-başa çatmış, Kəngərlilər nəslinin ən qüdrətli nümayəndələrindən biri olan Ehsan xanın oğulluğu olmuşdur. Qeyd edək ki, son illərə qədər onun doğum tarixi dəqiq məlum olmasa da, tədqiqatçı Ataxan Paşayevin Ukraynanın Odessa vilayətinin Dövlət Arxivində apardığı araşdırmalar nəticəsində Təkinskinin Novorossiya Universitetinin Hüquq fakültəsinin tələbəsi olarkən yaradılmış şəxsi işini aşkarlaması bu suallara aydınlıq gətirmişdir. Qeyd edək ki, bu universitetdə Naxçıvanın XX əsr tarixində rol oynamış digər görkəmli simalar – Azərbaycan Xalq Cümhuriyyətinin Batumdakı Konsulluğunun katibi olmuş Əziz bəy Qədimbəyov, Əliqulu xan Kəlbəlixan­ov, Hidayət bəy Sultanov, Həmid bəy Şahtaxtlı da təhsil almışlar.

Tədqiqatçı A.Paşayev “Məhəmməd xan Təkinski kimdir?” adlı məqaləsində yazır ki, “Tiflis şəhəri birinci gimnaziyanın şagirdləri haqqında verilmiş məlumatda M.Təkinskinin atasının adı qrafasında – “Ehsan xan Təkinski”, qəyyumu adlı qrafada isə göstərilir: “Cəfərqulu xan Naxçıvanski”, milliyyəti türkmən, dini etiqadı müsəlman, təvəllüdü 1879-cu il”.
1881-ci il yanvar ayının 12-si  baş vermiş rusların türkmənlərlə Göytəpə qalasını ələ keçirmək uğrunda apardıqları mübarizə zamanı bütün qohumları rus əsgərləri tərəfindən məhv ediləndə onu bir saman tayasının yanında rus ordusunun polkovniki olan Ehsan xan tapmış və oğulluğa götürmüşdür.
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin yazdığına görə, sonralar Naxçıvana gələn Ehsan xan bu uşağı da özü ilə bərabər gətirmiş, gələcəkdə Azərbaycan tarixində özünəməxsus rol oynayacaq Məhəmməd xan Təkinski Cəfərqulu xan, Rəhim xan və Hüseyn xan Naxçıvanskilərin əhatəsində böyümüşdür.
Tiflis birinci kişi gimnaziyasını, 1908-ci ildə isə Odessada yerləşən Novorossiya İmperator Universitetinin Hüquq fakültəsini bitirən Məhəmməd xan Təkinskinin 1918-ci ilə qədərki fəaliyyəti ilə bağlı məlumatlar, demək olar ki, yox səviyyəsindədir. Moskvada Rusiya Dövlət Hərbi Tarix Muzeyində və Sankt-Peterburqdakı Rusiya Dövlət Tarix Arxivində araşdırmalar aparan M.Quliyev onun gimnaziyanı başa vurduqdan sonra Rusiya ordusunda hərbi qulluqda olduğunu, Odessa vilayətinin Dövlət Arxivində tədqiqatlar aparan A.Paşayev isə Novorossiya Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra Güney Qafqazda hüquq-mühafizə orqanlarında fəaliyyət göstərdiyinin güman edildiyini yazmışdır. A.Paşayev bunu Məhəmməd xanın 1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasına andlı iclasçı cəlb olunması ilə əsaslandırmışdır. Qeyd edək ki, Fövqəladə Təhqiqat Komissiyası 1918-ci ildə Azərbaycan hökuməti tərəfindən Birinci Dünya müharibəsinin əvvəlindən başlayaraq bütün Zaqafqaziya boyunca müsəlman əhaliyə və onların əmlakına qarşı törədilən zorakılıq, talan və soyğun faktlarının araşdırılması məqsədilə yaradılmışdı.
Məhəmməd xan Təkinskinin Azərbaycan, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan qarşısında ən böyük xidmətləri isə Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu illərinə təsadüf edir. Parlamentin yaranmasından sonra formalaşdırılan ilk milli Azərbaycan hökumətində əvvəlcə ona müvəqqəti olaraq xarici işlər naziri vəzifəsini həyata keçirmək həvalə olunur. Yeddicildlik Azərbaycan tarixinin beşinci cildində isə Azərbaycan Respublikası Dövlət Arxivinin sənədinə əsasən, (ARDA, f. 970, siyahı 1, iş 149, v. 13.) Məhəmməd xan Təkinski həm də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı kimi göstərilir. Kitabda yazılır: “Azərbaycan parlamentinin üzvü Məhəmməd xan Təkinski 1919-cu il yanvarın 29-da İrəvana səfir təyin edilmişdi”.
1919-cu ilin yanvarında, yəqin ki, fövqəladə dərəcədə cəsarəti, inadkarlığı, analitik təhlil qabiliyyətinin yüksəkliyi nəzərə alınaraq o, Ermənistana Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndəsi kimi göndərilir və həmin ilin oktyabrına qədər bu vəzifəni şərəflə yerinə yetirir. Akademik İsmayıl Hacıyev “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” məqaləsində Təkinskinin Naxçıvanın qorunması uğrunda apardığı diplomatik mübarizələrlə bağlı yazır: “Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Naxçıvanla bağlı hərbi səciyyəli müəyyən işləri görə bilməsə də, bəzi diplomatik-siyasi yollardan istifadə edirdi... Naxçıvan bölgəsində ermənilərin özbaşınalıqlarının qarşısının alınmasında M.Təkinskinin böyük əməyi olmuşdur. O, bu məsələlərlə əlaqədar məlumat hazırlayaraq Xarici İşlər Nazirliyinə göndərirdi”.
1919-cu il oktyabr ayının 1-də isə Məhəmməd xan Təkinski Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər nazirinin müavini təyin edilir. Xarici işlər nazirinin müavini olarkən Məhəmməd xan Təkinski Bakıda Polşanın Qafqazdakı nümayəndəsi Vatslav Ostrovski, Britaniyanın Zaqafqaziyadakı ali komissarı Oliver Uordrop, Polşanın Bakıya gəlmiş fövqəladə missiyası ilə danışıqlarda Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin təmsilçisi kimi iştirak edir. Cümhuriyyətin süqutuna qədər bu vəzifəni yerinə yetirən Məhəmməd xan Təkinskinin 1920-ci ilin aprelindən sonrakı taleyi naməlumdur.
Məhəmməd xan Təkinskinin ölüm tarixi də son illərə qədər naməlum olaraq qalsa da, biz tədqiqatçı Ədalət Tahirzadə tərəfindən tərtib olunmuş “1937-1938-ci illərdə güllələnən (həbs olunan) şəxslər” siyahısında onun da adına rast gəlirik. Onun adının qarşısında “18.03.1938*, 58 yaş” yazılıb. Siyahının əvvəlində isə tədqiqatçının belə bir qeydi var: “* Bu işarə güllələnmə tarixini bildirir”.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR