22 Dekabr 2024, Bazar

Ulu öndər Heydər ƏLİYEV: Bizim islahatlarımız bütün sahələrdə gedir. Təbiidir ki, biz birinci növbədə iqtisadiyyatda dəyişikliklər etməli idik, yəni iqtisadiyyatın vəziyyətini düzəltməli idik. Çünki iqtisadiyyat hər şeyin əsasıdır. Azərbaycan dövlət müstəqilliyi əldə edən zaman çox güclü iqtisadi potensiala malik bir ölkə olmuşdur. O vaxtlar SSRİ-yə daxil olan 15 müttəfiq respublikanın içərisində yalnız Azərbaycan və Rusiya özü-özünü təmin etməyə qadir olan respublikalar idilər. Ancaq təəssüflər olsun ki, 1988-1989-cu illərdən başlayaraq Azərbaycanda gedən dağıdıcılıq prosesi ölkəmizin iqtisadiyyatına böyük zərbələr vurmuşdu. Artıq ölkəmiz öz dövlət müstəqilliyini əldə edən zaman və ondan sonrakı illərdə Azərbaycanın iqtisadiyyatı nəinki inkişaf etməyib, ilbəil aşağı düşübdür, tənəzzülə uğrayıbdır. Ona görə biz bu tənəzzülün qarşısını almalı idik. Bu da asan məsələ deyildi. Çünki çox şey dağılmışdı. Biz yalnız 1995-ci ildə iqtisadiyyatda tənəzzülün qarşısını aldıq. 1996-cı ildən Azərbaycanda iqtisadiyyatın inkişafını təmin etməyə başladıq. 

Xalqımızın ümummilli lideri, fenomenal şəxsiyyət Heydər Əliyevin ölkə­mizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sferalarında olduğu kimi, iqtisadi sahədə də atılan həlledici addımlar Azərbaycan iqtisadiyyatının tərəqqisində müstəsna rol oynamışdır.

Ulu öndərin milli dövlətçilik konsepsiyasının əsas atributlarından biri olan müstəqil və inkişaf etmiş iqtisadiyyat quruculuğu onun gərgin əməyi sayəsində gerçəkliyə çevrilməklə müasir Azərbaycanın iqtisadi və sosial inkişaf  yolunu müəyyən etmişdir. Ölkəni rifaha aparan bu yolun başlanğıcı 1969-cu ildə xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə bütün sahələrdə mövcud olan geriliyi aradan qaldırmaq məqsədilə start götürmüş irimiqyaslı islahatlar­la qoyulmuşdur. Həmin dövrlərdə görkəmli dövlət xadimi Heydər Əliyevin səyləri nəticəsində uzun illərdən bəri respublika  iqtisadiyyatında kök salmış tənəzzül və durğunluq meyilləri yüksək inkişaf templəri ilə əvəz olunmuş, iri layihələrin həyata keçirilməsi hesabına böyük iqtisadi potensial yaradılmışdı. Ona görə də mütəxəssislər haqlı olaraq dönə-dönə vurğulayırlar ki, Azərbaycanın bugünkü inkişafının təməli həmin dövrdə ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır. Məhz həmin illərdə Vətəninə, xalqına sədaqət ruhunda, yüksək peşəkarlıq, təşkilatçılıq və idarəçilik bacarığı əsasında  həyata keçirilən tədbirlərin nəticəsi olaraq iqtisadi sahədə qarşıya qoyulan məqsəd və vəzifələrin icrasına yüksək səviyyədə nail olunmaqla  respublikamız keçmiş SSRİ miqyasında 12 dəfə qırmızı keçici bayraq əldə etmişdi.
İqtisadiyyatda şaxələndirmə strategiyasının tətbiqi ümummilli liderin idarəçilik təcrübəsində hələ o zamanlardan mövcud olmuşdur. Belə ki, uzun müddət sovet Azərbaycanında yanacaq sənayesi başlıca sahə idisə və onun payına bütün sənaye istehsalının 85 faizi düşürdüsə, 1980-ci illərin əvvəlində ölkənin sənaye strukturunda artıq bütün müasir sahələr təmsil edilmişdi.  Azərbaycanın sənayesi keçmiş ittifaqın bütün respublikalarından fərqli olaraq orta illik artım 7,9 faiz olmaqla daha yüksək sürətlə inkişaf edirdi. 1969-cu ilədək Azərbaycanda 735 sənaye obyekti tikilmişdisə, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkə­mizə rəhbərlik etdiyi 1969-1982-ci illərdə onların sayı 1048-ə çatdırılmışdı.
1993-cü ildə xalqımızın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyevin işləyib hazırladığı iqtisadi inkişaf konsepsiyası əsasında ölkədə başlanan ciddi islahatlar müstəqillik dövrü iqtisadiyyatının formalaşmasında mühüm mərhələni təşkil etmişdir. Ümummilli lider həmin dövrdə iqtisadiyyatda mövcud olan situasiyanı və qarşıda duran vəzifələri xarakterizə edərək deyirdi: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən, yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.
Doğrudan da, ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın təkamül yolu ilə yeni iqtisadi sistemə transformasiyası, çoxmülkiyyətli iqtisadiyyatın formalaşması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırılmış, bununla da, Azərbaycan iqtisadiyyatının inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyulmuşdur. Ümummilli liderin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar iqtisadiyyatımızın çox mühüm sahəsi olan kənd təsərrüfatında yeni iqtisadi münasibətlərin təşəkkül tapmasına şərait yaratmışdır.
Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.
Bazar münasibətlərinə keçidi şərtləndirən iqtisadi, siyasi, hüquqi islahatların gerçəkləşdirilməsi ilə yanaşı, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, habelə Xəzərin karbohidrogen ehtiyatlarından məharətlə istifadə edilməsi nəticəsində ölkəmiz, tədricən, ümummilli böhranı aradan qaldırmağa, sabit inkişaf yoluna qədəm qoymağa müvəffəq ola bilmişdir. Ulu öndər Heydər Əliyevin enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onun geosiyasi və geoiqtisadi mövqelərini daha da möhkəmləndirmiş, dövlətimizi dünyanın siyasi-iqtisadi arenasında etibarlı tərəfdaş və sabit enerji təminatçısı kimi tanıtmışdır.
Ümummilli lider Heydər Əliyevin ölkəmizə ikinci rəhbərliyi dövründə Əsrin müqaviləsi də daxil olmaqla, dünyanın 19 ölkə­sinin 41 neft şirkəti ilə imzalanmış 21 saziş çərçivəsində görülən işlər miqyasına görə XX yüzilliyin ən möhtəşəm layihələri kimi iqtisadi tariximizdə dərin izlər buraxmışdır. Həmin illərdə Bakı-Novorossiysk neft kəmərinin bərpa olunması, Bakı-Supsa kəmərinin tikilməsi, Səngəçal və Supsa terminallarının inşa edilməsi enerji sektorunda böyük iqtisadi uğurlarımızın təməlini qoymuşdur.  Ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycan neftinin və təbii qazının Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə ixracını nəzərdə tutan və çoxlarının şübhə ilə yanaşdığı, əfsanə adlandırdığı nəhəng layihə qısa bir zamanda reallaşdırılmışdır. Bu layihə bir tərəfdən özünün texniki, iqtisadi, kommersiya, maliyyə göstəricilərinə görə, digər tərəfdən isə nəinki ölkəmizin, eləcə də Avropanın enerji təhlükəsizliyində oynadığı rola və dünyanın aparıcı neft şirkətlərinin marağını cəlb edə bilməsinə görə dünya əhəmiyyətli bir hadisə kimi qiymətləndirilir.
Milli sərvətin nəsillər arasında ədalətli bölgüsü, neft gəlirlərinin səmərəli idarə edilməsi məqsədilə 1999-cu ildə Dövlət Neft Fondu təsis edilmiş və bu gün uğurla fəaliyyət göstərməkdədir. Fondun qarşısında qoyulan əsas məqsədlər neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılması və eyni zamanda bu gəlirlərdən ölkəmizin sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələbləri­ni nəzərə almaqla bugünkü nəsillər üçün istifadə edilməsidir. Açıqlanan son məlumata görə, artıq fondda 35,8 milyard dollar həcmində valyuta ehtiyatları toplanmışdır.
Xalqımızın böyük oğlu Heydər Əliyevin tarixi İpək Yolunun bərpası sahəsində atdığı addımlar nəticəsində 1998-ci ildən başlayaraq Avropa-Qafqaz-Asiya magistral dəhlizində Azərbaycanın mərkəzi mövqe tutması ölkəmizin Avropa ölkələri ilə səmərəli iqtisadi əlaqələrin inkişafına əlverişli zəmin yaratmışdır.
Beynəlxalq və regional əhəmiyyətli layihələrdə müəllifliyin və fəal iştirakçılığın təmin edilməsi ilə yanaşı, ölkə daxilindəki hər bir iqtisadi proses də daim onun diqqət mərkəzində olmuşdur. Azərbaycanda və keçmiş SSRİ-də uzun müddət ali rəhbər vəzifələrdə çalışmış təcrübəli və müdrik bir dövlət xadimi kimi ulu öndər Heydər Əliyev Azərbaycanın iqtisadi potensialı barədə dəqiq məlumatlara malik idi. Elə bir şəhər, rayon, qəsəbə, iri sənaye, emal müəssisəsi tapmaq olmazdı ki, dahi rəhbər Heydər Əliyev şəxsən ora baş çəkməsin, onun təsərrüfatı, işi ilə maraqlanmasın. O, həmçinin regionların kompleks inkişafına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yüksək səviyyədə diqqət yetirirdi.
Bu gün Azərbaycan iqtisadi inkişafın yeni mərhələsindədir, ölkədə texnoloji və innovativ iqtisadiyyata yönəldilmiş siyasət həyata keçirilir. Azərbaycan Respublikası bir çox inkişaf parametrlərinə görə dünyanın inkişaf etmiş ölkələri ilə arasında olan fərqi azaltmaqdadır. Ölkəmizdə Heydər Əliyev siyasətinin formalaşdırdığı möhkəm iqtisadi təməl demokratik proseslərə dinamizm qazandırmış, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması üçün geniş perspektivlər açmışdır. Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyi 2003-2013-cü illər ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm addımlar atılmışdır. Son 10 ildə iqtisadiyyatımızda müasir sosial-iqtisadi infrastruktur yaradılmış,  iqtisadiyyat şaxələndirilmiş və qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmişdir.  Bu dövr ərzində ölkədə bir milyon 200 mindən çox yeni iş yeri açılmış, işsizlik səviyyəsi 4,8 faizədək azalmışdır. 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2013-cü ildə bu rəqəm cəmi 6 faiz olmuşdur.  Bu, yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir. Azərbaycan iqtisadiyyatına bütövlükdə 150 milyard dollar həcmində sərmayə qoyulmuş, ölkənin strateji valyuta ehtiyatları 49,4 milyard dolları ötmüşdür. Ölkəmiz regionda lider dövlətə çevrilmişdir. Hazırda Cənubi Qafqaz iqtisadiyyatının təqribən 80 faizi Azərbaycan Respublikasının payına düşür. Azərbaycan 2013-cü ildə özünün telekommunikasiya peykinin orbitə buraxılması ilə inkişaf etmiş iqtisadiyyatlar və ölkələr sırasında təmsil olunmağa qadir olduğunu sübut etmişdir. Bütün bu uğurların etibarlı təməli, şübhəsiz ki,  dövlətin iqtisadi inkişaf məqsədlərini daim diqqət mərkəzində saxlayan ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Bu günə qədər aparılan islahatlar və əldə edilmiş nəticələr deməyə əsas verir ki, bundan sonra da Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir. Bütün makroiqtisadi göstəricilər yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 5,4 faiz artmışdır... Son on ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Heç bir başqa ölkədə son on il ərzində buna oxşar nəticə müşahidə olunmamışdır. Bu, bizim nailiyyətimizdir”.
Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsindəki uğurları beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir. Bu da ölkəmizin dünya arenasındakı siyasi nüfuzunu getdikcə yüksəldir. Dünyanın aparıcı beynəlxalq təşkilatları, qurumları və tanınmış siyasətçilər, iqtisadçılar Azərbaycanda həyata keçirilən islahatları və iqtisadi mühiti inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərirlər. Ölkəmizin iqtisadi sahədəki uğurları beynəlxalq reytinq mərkəzləri və nüfuzlu təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Heydər Əliyev siyasətinin Naxçıvan Muxtar Respulikasında da uğurla davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Təkcə son on ildə muxtar respublika iqtisadiyyatı real ifadədə 12,5 dəfə artmışdır. Sənaye sahəsində 45,4 dəfə, kənd təsərrüfatında 4,5 dəfə, tikinti sektorunda 14,2 dəfə, nəqliyyat sektorunda gəlirlər üzrə 3,3 dəfə, rabitə və informasiya sektorunda 9,7 dəfə, xarici ticarət dövriyyəsində 12,2 dəfə artım olmuşdur. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün əsas kapitala 3 milyard 704 milyon manat vəsait yönəldilmiş, onun 46,4 faizini dövlət, 53,6 faizini isə qeyri-dövlət investisiyaları təşkil etmişdir. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 15,8 dəfə artaraq 3 milyard 588 milyon manat təşkil etmiş, xarici mənbələrdən əsas kapitala 116 milyon manat vəsait yönəldilmişdir. Dövlət tərəfindən sahibkarlıq subyektlərinə 89,8 milyon manat güzəştli kredit verilmişdir. Ümumi məhsul istehsalının həcmində qeyri-dövlət müəssisələrinin payı 87 faiz olmuşdur. Bu dövrdə 954 istehsal və xidmət müəssisəsi yaradılmış, sahibkarlıq subyektlərinin sayı 2 dəfə artmışdır. Sahibkar­lığın inkişafına göstərilən qayğının, iqtisadiyyatın sürətli inkişafının nəticəsidir ki, 58 min 460 yeni iş yeri açılmış, muxtar respublikada işsizliyin səviyyəsi sıfra enmişdir.    

Heydər Əliyev yolunu inamla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son onillikdə əldə olunmuş nailiyyətlər bir daha təsdiq edir ki, Azərbaycan iqtisadi və sosial sahələrdə yeni çağırışları qarşılamağa hazırdır və bunun üçün adekvat inkişaf strategiyasına malikdir. 2013-cü ilin prezident seçkiləri isə sübut etdi ki, xalqımız bu strategiyanı formalaşdıran Heydər Əliyev ideyalarına və onu gerçəkləşdirən siyasi liderə – ölkə Prezidenti cənab İlham Əliyevə sadiqdir! 

Müslüm CABBARZADƏ
iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR