22 Dekabr 2024, Bazar

Görkəmli dövlət xadimi, müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, Azərbaycan deyilən bir məmləkəti dünya birliyində tanıdan möhtərəm Heydər Əliyevin əbədiyyətə qovuşması xəbərini eşidib dərin mütəəssir oldum, sanki bir boşluğa düşdüm. Sanki Azərbaycanımız yetim qaldı.
Heydər Əliyev bizim üçün kim idi?
– Azərbaycanın rəhbəri, xalqımızın arxa və dayağı, güvənc yerimiz, ən çətin məqamlarda inandığımız böyük Azərbaycanlı. Dövlətçilik təfəkkürünə, yüksək idarəçilik qabiliyyətinə, ensiklopedik biliyə, möhkəm və inanılmaz yaddaşa, dərin zəkaya, böyük hövsələyə, hər bir adamı öz dilində danışdırmaq qabiliyyətinə malik böyük şəxsiyyət. Elə bir şəxsiyyət ki, onunla ünsiyyətdə olanı əfsunlayan, onu yaxşı mənada cazibə meridianından çıxmağa qoymayan dahi insan. Onda insanlığa və dövlət adamına xas olan bütün keyfiyyətlər toplanmışdı. Çox sadə və səmimi, bir qədər zəhmli, iradəli və dözümlü, əsl intellekt sahibi idi. Heydər Əliyevi xalqa sevdirən bu keyfiyyətlər idi. Təkcə bumu? O, əsl dövlət və siyasət adamı idi. Ona görə də onu bütün dünyada sevir və ona hörmətlə yanaşırdılar. Həm dövlət xadimləri, görkəmli sənət və elm adamları, həm də sadə insanlar.

Heydər Əliyev əsl lider idi. O, siyasət aləminin korifeyi idi. Hamı ondan əsl dövlətçilik və idarəetmə dərsi almaq istəyirdi. Ən məşhur dövlət adamları belə, onu özlərinin müəllimi hesab edirdilər. Dünya siyasətində aparıcı simalar belə, ondan öyrənirdilər.
Azərbaycanımız onun sayəsində inkişaf etdi, möhkəmləndi, dünya birliyində, beynəlxalq təşkilatlarda öz layiqli yerini tutdu. Heydər Əliyev Azərbaycanı parçalanmaqdan qurtardı, güclü və inkişaf etmiş bir dövlətə çevirdi. Elə bir dövlətə ki, artıq onun istiqaməti də bəllidir, ideologiyası da.
Azərbaycan heç vaxt Heydər Əliyev nəhəngliyində siyasi və dövlət xadimi yetirməmişdir. Hər bir dövlət xadimimizin fəaliyyətinə kölgə salmadan onu qətiyyətlə bildirirəm ki, Heydər Əliyevin etdiklərini heç biri edə bilməmişdir.
Azərbaycanımızın ərazi bütövlüyü, sosial-iqtisadi inkişafı və beynəlxalq nüfuzu bu dahi insanın adı ilə bağlıdır.
Respublikamızın elm və sənət adamları, mədəniyyət, təhsil və ədəbiyyat adamları onun qayğısını həmişə hiss etmişlər. Onun siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Nə qədər ki Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev də var olacaqdır. O, əslində, hər bir azərbaycanlının, onu tanıyanların ürəyinə köçmüşdür.

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri

17 dekabr 2003-cü il 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR