22 Dekabr 2024, Bazar

Noyabrın 23-də Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsinin 15 illiyi münasibətilə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən hüquq olimpiadasının açılış mərasimi olub.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazır­lanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə demokratik hüquqi dövlət qurucu­luğunu daha da sürətləndirib. Ölkə Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının statusu, onun Konstitusiyası, qanunvericilik sistemi, habelə muxtar respublikada hakimiyyətin bölünməsi və idarəetmə ilə bağlı digər məsələlər öz təsdiqini tapıb.

Bildirilib ki, ölkə Konstitusiyası ilə üzvi surətdə bağlı olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyası 29 dekabr 1998-ci ildə qəbul edilərkən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, muxtar respublikada əhalinin layiqli həyat səviyyəsini təmin etmək, güzəranını yaxşılaşdırmaq, Konstitusiya çərçivəsində demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat vermək, qanunun aliliyini qorumaq kimi ülvi niyyətlər bəyan edilib. “Bu il Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsinin 15 ili tamam olur və bu münasibətlə muxtar respublikanın ali, orta ixtisas və ümumtəhsil məktəbləri arasında hüquq olimpiadası keçirilir”, –  deyən Ülkər Bayramova olimpiada iştirakçılarına uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək bildirib ki, olimpiadanın keçirilməsində əsas məqsəd muxtar respublikada təhsil alan gənc­lərimiz tərəfindən Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müddəalarının daha dərindən öyrənilməsinin tə­min edilməsindən, istedadlı gənc­­lə­r­in aşkarlanmasından, həmçinin bu sahədə onların inkişafının stimullaşdırılmasından ibarətdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev çıxış edərək vurğulayıblar ki, hüquq olimpiadasının keçirilməsi şagirdlərin, tələbə-gənclərin əldə etdikləri biliklərin nümayişi baxımından olduqca əhəmiyyətlidir.
Sonra muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən hüquq olimpiadasının I turuna start verilib. Olimpiadanın I turu Naxçıvan Dövlət Universitetinin müvafiq auditoriyalarında  keçirilib.
I turda muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin – Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Özəl Universiteti, Naxçıvan Tibb Kolleci, Naxçıvan Musiqi Kolleci, Naxçıvan Dövlət Texniki Kollecinin II və III kurslar üzrə, ümumilikdə, 227 tələbəsi iştirak edib.
İki turda keçiriləcək olimpiadada muxtar respublikanın 3 ali, 3 orta ixtisas, həmçinin Naxçıvan şəhəri də daxil olmaqla, 7 rayonu üzrə 167 orta ümumtəhsil müəssisəsindən 1014 tələbə-şagird iştirak üçün qeydiyyata alınıb. İştirakçılar biliklərini 1 saat ərzində Azərbaycan Respublikası Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyası əsasında hazırlanmış 4 variantda (A, B, C, D) 60 test tapşırığı ilə yoxlayacaqlar. I mərhələdə yüksək bal toplamış iştirakçılar II tura vəsiqə qazanacaqlar. Olimpiadanın nəticələri dövlət qurumları və  elm-təhsil müəssisələri nümayəndələrindən ibarət yaradılan olimpiadanın münsiflər heyəti tərəfindən yoxlanılacaq və 3 təhsil müəssisəsi üzrə II turda ən yüksək bal toplamış 9 tələbə-şagird qalib elan olunacaq.
Qeyd edək ki, muxtar respublikanın orta ümumtəhsil məktəblərinin şagirdləri arasında olimpiadanın I turu noyabrın 27-də keçiriləcək.

 Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR