Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində Kəngərli rayon Xok kənd tam orta məktəbinin IX sinif şagirdlərinin iştirakı ilə “Naxçıvan xanlığının Azərbaycan tarixində rolu” mövzusunda açıq dərs keçilib.
Məktəbin tarix müəllimi Səyyad İbrahimov şagirdlərə Naxçıvan xanlığı haqqında məlumat verərək bildirib ki, Azərbaycan ərazisində 1747-ci ildən yaranmış 18 feodal dövlətdən biri olan Naxçıvan xanlığı milli dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edib, bölgənin inkişafında, müdafiə qabiliyyətinin gücləndirilməsində, sərhədlərin qorunub saxlanmasında və inzibati idarəçiliyin formalaşmasında vacib tarixi missiyanı yerinə yetirib. İnzibati ərazi baxımından 2 dairədən və 9 mahaldan ibarət olan Naxçıvan xanlığı Zəngəzur dağlarından başlayaraq Araz çayı vadisinə qədər 9429 kvadratkilometr ərazini əhatə edirdi.
Öz ərazisi, qoşunu, dövlət rəmzləri − bayrağı və gerbi olan Naxçıvan xanlığında bitkin idarəçilik mexanizmləri formalaşdırılıb, iqtisadiyyatın əsas sahələri inkişaf etdirilib, geniş abadlıq-quruculuq işləri aparılıb. Bu xanlıqda Heydərqulu xan, Nəzərəli xan, Kərim xan, Ehsan xan kimi nüfuzlu dövlət və hərb xadimləri yetişib, 30 il Naxçıvan xanlığının rəhbəri olan Kalbalı xan mahir dövlət xadimi və diplomat kimi tarixə düşüb.
Muzey haqqında şagirdlərə bu mədəniyyət müəssisəsinin direktoru Nəzakət Əsədova məlumat verib. O bildirib ki, Azərbaycan milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 23 oktyabr 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.
Bildirilib ki, Azərbaycan tarixində Naxçıvan xanlığının xüsusi yeri olmasına, xüsusilə dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsində mühüm rol oynamasına baxmayaraq, Naxçıvan və İrəvan xanlıqlarının tarixləri dərindən araşdırılmayıb, elmi əsaslarla az tədqiq olunub. Bu cəhətdən muzeyin yaradılması və fəaliyyətə başlaması çox əhəmiyyətlidir. Maraqlı, kəşməkəşli tarix yaşayan Naxçıvan xanlığına aid materialların əldə edilərək bir mənbəyə toplanılması, o dövrün hərbi-siyasi, iqtisadi-mədəni həyatının öyrənilməsi, arxiv və elmi-tədqiqat sənədlərinə əsaslanaraq muzey vasitəsilə xanlıqlar dövrünün təbliğ edilməsi kimi mühüm işlər qarşıda duran əsas vəzifələrdir. El arasında “Xan evi” kimi tanınan, XVIII əsrin ortalarında Kalbalı xan Kəngərli tərəfindən tikdirildiyi bildirilən tarixi binada fəaliyyətə başlayan muzeydə yüzlərlə eksponat mövcuddur. Muzeyin ekspozisiyası yalnız arxiv materialları və tədqiqat mənbələri ilə deyil, həm də xanlıqlar dövrünə aid qiymətli sənət nümunələri, yerli rəssamlarımızın yaratdıqları əsərlərlə də zəngindir.
Sonra şagirdlərə muzeydəki eksponatlar haqqında ətraflı məlumat verilib. Açıq dərsin iştirakçıları Möminə xatın abidəsinə də ekskursiya ediblər.
Səbuhi HÜSEYNOV