22 Dekabr 2024, Bazar

Heydər Əliyev Muzeyində ulu öndərin adını daşıyan Hərbi Liseyin kursantlarının iştirakı ilə ümummilli liderimizin anım gününə həsr olunmuş “Azərbaycanı dünyaya tanıdan lider” mövzusunda açıq dərs keçilmişdir.
Açıq dərsdə liseyin tarix müəllimi Abbas İsmayılov bildirmişdir ki, dahi rəhbər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə hələ uzun illər ehtiyac olacaqdır. Hakimiyyətinin sovetlər dövründəki birinci mərhələsində Azərbaycanı əyalət respublikasından inkişaf etmiş sənaye diyarına çevirən müdrik rəhbərin müstəqillik illərində ölkəyə rəhbərliyinin əsasında doğma Vətənini dünyada qüdrətli dövlət, parlayan Günəş kimi tanıtdırmaq istəyi dayanmışdır. 1990-cı ilin ağır günlərində xalqının yanında olmaq üçün Moskvadan Bakıya qayıdan, oradan isə doğulub boya-başa çatdığı Naxçıvana gələn böyük şəxsiyyət bütünlükdə Azərbaycan naminə çox böyük və əhəmiyyətli tarixi hadisələrin əbədilik müəlliflik hüququna imza atmışdır. Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçildiyi gün tək muxtar respublikanın deyil, bütünlükdə Azərbaycan xalqının xilas günü kimi tarixə yazıldı.

1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev çox qısa zamanda uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı bütün dünyada tanıtmışdır. Əsrin müqaviləsini reallaşdırmaqla Azərbaycanı enerji diyarı kimi dünyada tanıdan dahi şəxsiyyətin hazırladığı neft strategiyası ölkəmizin iqtisadi inkişafının təməlini qoymuşdur. Dünyanın enerji xəritəsində Azərbaycanın önəmli yer tutması ulu öndərin xalqına göstərdiyi xidmətin nəticəsidir. Dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycanın islahatlar ölkəsi adlandırılması da Heydər Əliyev ideyalarının gerçəkləşməsinin təzahürüdür.
Qeyd olunmuşdur ki, “Azərbaycan dünyaya Günəş kimi doğacaq” arzusu ilə yaşayan ümummilli lider Heydər Əliyevin istəkləri artıq reallaşmışdır. Qərblə Şərq arasında körpü olan, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən Azərbaycan, həqiqətən, dünya siyasətində fərqlənən mövqeyi ilə diqqəti cəlb edir. Ən möhtəşəm tədbirlərə ev sahibliyi edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülhün, sabitliyin qorunması naminə səylərini əsirgəmir. Beynəlxalq terrorizmə qarşı mübarizədə öz sözünü əməli işi ilə təsdiqləyən Azərbaycan haqq, ədalət tərəfdarı olduğunu dəstəklənən xarici siyasəti ilə bəyan edir. Ölkəmizin tolerantlıq sahəsində qazandığı təcrübə dünya miqyasında təbliğ olunur. Elə bir beynəlxalq tədbir, mərasim, idman yarışı, musiqi müsabiqəsi yoxdur ki, orada Azərbaycan bayrağı qaliblər sırasında dalğalanmasın. Bu uğurlar bir daha ölkəmizi bütün dünyada tanıtdıran böyük şəxsiyyətin uzaqgörən siyasətinin nəticələridir.
Sonra kursantlar “Heydər Əliyev fenomeni” adlı filmə baxmış, muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR