Babək Rayon Mədəniyyət və Turizm Şöbəsində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə şöbə müdiri, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Aybəniz Babayeva açaraq yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının törətdiyi qanlı cinayətlər nəticəsində xalqımızın başına gətirilmiş müsibətlər, baş verən qanlı qırğın barədə söz açmışdır. Qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifə yazdılar.
Konfransda Zeynəddin Kənd Uşaq Musiqi Məktəbinin direktoru Hüseyn Qafarov, C.Məmmədquluzadə adına Xatirə Muzeyinin direktoru Akif Hacıyev, Cəhri Kənd Uşaq Musiqi Məktəbinin müəllimi Validə Hüseynova və başqaları çıxış edərək bildirmişlər ki, 20 Yanvar faciəsinin tariximizdə şərəfli yeri var və illər, əsrlər ötəcək, bu qanlı olayda canlarını qurban vermiş şəhidlərimiz heç zaman unudulmayacaq. Unudulmayan bir tarixi gerçəklik də ondan ibarətdir ki, bu hadisəyə siyasi-hüquqi qiyməti ümummilli lider Heydər Əliyev vermişdir. 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi, onların ailələrinə və bu qanlı olayda sağlamlıqlarını itirmiş əlillərə dövlət qayğısı ulu öndərin daim diqqət mərkəzində olduğu kimi, bu gün Prezident cənab İlham Əliyevin də həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biridir.
Sonda Babək Rayon Xalq Teatrının üzvlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Xəbərlər şöbəsi