Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərinin etibarlı qorunmasından asılıdır. Sərhədlər isə o zaman etibarlı qorunur ki, onu qoruyan ordu çevik və peşəkar insanlardan ibarətdir. Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanın sərhədlərinin qorunması hər zaman aktual olmuşdur. Sovetlər Birliyinin dağılmasından sonra Azərbaycan, xüsusilə Naxçıvan Muxtar Respublikası şimal sərhədlərindən gələn hücumlara cavab verməli oldu – vaxtilə torpaqlarını güzəştə getdiyi bir ölkənin güzəştsiz ittihamlarına qarşı savaşa başlamış oldu.
Tarix sübut edir ki, Azərbaycanın, həmçinin onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının müxtəlif zamanlarda hərbi müdaxilələrə məruz qalması, əsasən, ordumuzun yeni formalaşdığı dövrlərə təsadüf etmişdir. Elə ötən əsrin 90-cı illərinin əvvəllərində erməni hərbi birləşmələrinin muxtar respublikanın şimal sərhədlərinə mütəmadi hücumlarının əsas hədəfi də bu qədim türk yurdunun işğal edilməsi məqsədini daşıyırdı.
Tarixdən bəllidir ki, Naxçıvan torpaqlarına olan iddialar çoxdan var idi. Mənfur ermənilər həm ötən əsrin əvvəllərində, həm II Dünya müharibəsi dövründə, həm də sovetlər zamanında bu iddialarından əl çəkməmişlər. “Böyük Ermənistan” yaratmağın əsas cinahlarından biri də qədim Naxçıvan torpaqlarını ələ keçirməklə Türkiyə Respublikası ilə Uzaq Şərqə doğru uzanan türk torpaqları arasında on bir kilometrlik əlaqənin kəsilməsini təmin etmək idi. Hətta “böyük Ermənistan” qurulmasa belə, bu on bir kilometrlik məsafə Şərqə və Qərbə istənilən təsiri etmək üçün ermənilərin əlində ən gözəl vasitə olacaqdı. Təbii ki, ermənilər böyük Atatürkün Naxçıvan haqqında düşüncə və ideyalarını, Moskva və Qars müqavilələrinin şərtlərinin hansı zərurətdən yarandığını unutmamışdılar. İllər keçəcək, ermənilər yaxın tarixdə yol verdikləri “səhvi” etiraf etməkdən də çəkinməyəcəkdilər: “...Əslində, Naxçıvan bizə Dağlıq Qarabağdan daha çox lazım idi. Doğrudur, Qarabağın müstəqilliyi bizim üçün vacibdir, lakin Naxçıvanı almaq bizim bütün planlarımızın və arzularımızın yerinə yetirilməsi üçün gözəl imkanlar açacaqdı. Yəqin ki, bizim gənclər “bu tarixi ədalətsizliyi” bərpa etmək üçün ata-babalarının mübarizəsini davam etdirəcəklər”.
Təxminən on-on beş il bundan əvvəl erməni mətbuatında dərc olunan bir yazıdan yadımda saxladığım bu fikirlər, düşünürəm ki, onlar üçün hər zaman aktual olub. Şükürlər olsun ki, ötən əsrin 90-cı illərində bu qədim yurdun mərd insanlarının cəsarəti ilə və ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində bu işğalın qarşısı alındı. Ancaq buna baxmayaraq, muxtar respublikanın böyük yaşayış məntəqələrindən biri olan Sədərək rayonu, Şərur rayonunun Şahbulaq, Yuxarı Yaycı, Havuş, Babək rayonunun Yuxarı Buzqov, Gərməçataq, Şahbuz rayonunun Şada və adını sadalamadığımız onlarla belə sərhəd kəndlərimiz mütəmadi olaraq mərmi yağışı altında yaşamağa məhkum idilər. Bu hadisələr həm də elə bir dövrdə baş verirdi ki, o zamankı respublika rəhbərliyi həm Naxçıvana kömək edə bilmirdi, həm də bu köməyin olunmasında faktiki olaraq maraqlı deyildi. Hətta keçmiş “hərbi rəhbərlərdən” biri Naxçıvanda ikinci cəbhənin açılması üçün bura “təşrif də buyurmuşdu”. Bütün bu hadisələrin fonunda türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi ilk iş Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təmin olunması ilə bağlı müvafiq tədbirlərin görülməsi oldu. Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili ilə bağlı mühüm qərarlar qəbul etmiş, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən müvafiq dövlət qurumu yaratmışdır. 1992-ci il sentyabrın 15-də isə Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş, bununla da, Azərbaycanın nizami ordusunun yaradılmasına başlanmışdır. Sonralar ümummilli liderimizin qayğısı ilə 705 saylı motoatıcı briqada 1995-ci ildə motoatıcı diviziyaya çevrilmiş, 1998-ci ildə isə 705 saylı diviziyanın bazasında ordu korpusu yaradılmışdır. Azərbaycan Ordusunun yaradıcısı, böyük dövlət xadimi Heydər Əliyev deyirdi: “Ordu qurmaq, silahlı qüvvələr yaratmaq böyük bir bina tikmək deyil. Ordu canlı orqanizmdir. Bu bir tərəfdən canlı orqanizm kimi yaşayır, ikinci tərəfdən isə canlı orqanizm kimi daim inkişaf etməlidir. Ona görə də biz Silahlı Qüvvələrimizi ilbəil təkmilləşdirməliyik, onun gücünü artırmalıyıq, peşəkarlıq səviyyəsini yüksəltməliyik, təchizatını ilbəil yaxşılaşdırmalıyıq”.
Bəli, Silahlı Qüvvələrimizi təkmilləşdirmək, ordunun döyüş və peşəkarlıq səviyyəsini artırmaq sahəsində ümummilli lider Heydər Əliyevin başladığı iş bu gün uğurla davam etdirilir. Ordunun döyüş qabiliyyəti daha da yüksəldilir, maddi-texniki bazası möhkəmləndirilir, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin də maddi-texniki təminatı müasir tələblər nəzərə alınaraq möhkəmləndirilir, əsgərlər üçün məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Ötən 18 ildə muxtar respublikamızda 160-dan çox hərbi obyekt tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Ordumuzun Naxçıvan Muxtar Respublikasındakı birləşmə və hissələrinin döyüş qabiliyyəti və peşəkarlığı artırılmışdır.
Qeyd etdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının müdafiəsinin etibarlı təminatı hər zaman diqqət mərkəzində saxlanılmışdır. Bu istiqamətdə atılan növbəti addım ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dekabrın 18-də Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Fərman imzalaması oldu. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır.
Əlahiddə Ümumqoşun Ordusu nədir və bu ordunun funksiyaları nədən ibarətdir? Əvvəlcə qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının məlum hadisələrdən sonra blokada vəziyyətinə salınması, Vətənimiz Azərbaycanla hava yolu istisna olmaqla birbaşa heç bir əlaqənin olmaması, istənilən vaxtda xarici hərbi müdaxilələrin olması ehtimalı, istər sülh, istərsə də müharibə vəziyyətində hər hansı bir təhlükə yarandığı zaman buradakı qüvvələrin koordinasiyasının həyata keçirilməsi, regiondankənar digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə döyüş apara bilən peşəkar orduya ehtiyacı zəruri edirdi. Əlahiddə Ümumqoşun Ordusunun yaradılması məhz bu baxımdan regionun təhlükəsizliyində mühüm rol oynayır.
Təbii ki, yeni ordunun funksiyaları da geniş olacaq. Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasında müsbət tərəflər bundan ibarətdir ki, burada şəxsi heyətin say çoxluğu, zabit və əsgərlərin peşəkarlığının artırılması, fiziki və döyüş hazırlığının daim diqqətdə saxlanılması, regionun relyefinə uyğun müvafiq döyüş əməliyyatlarının aparılması daha yüksək səviyyədə həyata keçiriləcək. Təbii ki, bütün bu işlərin həyata keçirilməsində də əsas məqsəd muxtar respublikanın müdafiəsinin daha etibarlı təminatına nail olunmasından ibarətdir. Bütün bunlarla bərabər, yeni ordunun yaradılmasını ordu quruculuğunda yeni mərhələ kimi də qəbul etmək olar.
Nəzərə alaq ki, ordu quruculuğu həm də tükənməyən bir prosesdir. Yəni müasir dünyada istənilən ölkə öz ordusunda modernləşmə aparır, hərbi texnikalar yeniləri ilə əvəz olunur, peşəkarlığın yeni metodları tətbiq edilir və sairə. Bu baxımdan yanaşsaq, Əlahiddə Ümumqoşun Ordusunun yaradılması ilə muxtar respublikamızın müdafiəsinin gücləndirilməsində, təhlükəsizliyimizin yüksək səviyyədə qorunmasında yeni bir tarixi dövrə qədəm qoyulur. Gündən-günə dəyişən diyarımızın gözəlliyini və bu gözəlliyi bizə bəxş edən inkişafı qorumaq üçün bizə xüsusiqabiliyyətli, peşəkar ordu lazımdır. Bu Əlahiddə Ordu isə həm də qədim Naxçıvanın strateji mövqeyinin keşiyində duracaq, ərazi bütövlüyümüzə edilən əsassız iddialara əsaslı cavab verə biləcək. Bir kəlamda deyildiyi kimi: “Ordum varsa, yurdum var...”.
Səbuhi HƏSƏNOV