Dekabrın 28-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası tariximizə həm də 2014-cü ilin Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan edilməsi ilə yazıldı. 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi qeyd olunacaq. “Muxtariyyət ili”ndə qəzetimizin səhifələrində “Naxçıvan Muxtar Respublikası – 90” rubrikası ilə silsilə yazılar təqdim olunacaq. Həmin silsilədən ilk yazını təqdim edirik.
XX əsr beynəlxalq siyasi gerçəkliyin çoxcəhətliliyi, mürəkkəbliyi və dinamikliyi ilə seçilən bir dövr olmuşdur. Ötən əsr boyunca dünyanın aparıcı dövlətlərinin xarici siyasətində Qafqaz regionu və bu regionda yerləşən Azərbaycan mühüm yer tutmuşdur. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana da bəhs edilən dövrdə mühüm əhəmiyyət verilmiş, bu regionun geosiyasi və strateji mövqeyi diqqət mərkəzində olmuşdur.
1920-ci il aprel ayının 27-dən 28-nə keçən gecə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkədə hakimiyyətin Müvəqqəti İnqilab Komitəsinə təhvil verilməsi haqqında qərar qəbul etdi. Bolşeviklərə məlum idi ki, milli hökumət qüvvələri ilə mübarizə aparmaq üçün onlar yalnız Bakıdakı sənaye rayonlarında sosial dəstəyə sahibdirlər. Ölkənin digər regionlarında bolşeviklərin sosial dayağı çox zəif idi; Naxçıvanda isə, ümumiyyətlə, bolşeviklərin yerli qüvvələr hesabına hakimiyyəti ələ keçirməsi qeyri-mümkün idi. Elə bu səbəbdəndir ki, 1920-ci il may ayının birinci yarısına qədər Azərbaycanın bütün digər bölgələrində Sovet hakimiyyətini quran bolşeviklər Naxçıvanda buna nail ola bilməmişdilər.
Türk ordusunun şərq cəbhəsinin komandanı olan Kazım Qarabəkir Paşaya türk milli-istiqlal mücadiləsinin rəhbəri olmuş Mustafa Kamal Paşanın verdiyi göstərişlər türklər üçün bu bölgənin nə qədər əhəmiyyətli olduğunu göstərir. Naxçıvanın Türkiyə üçün beynəlxalq əhəmiyyətini yaxşı bilən Mustafa Kamal Atatürk bu “türk qapısı”nın qorunub saxlanmasında hər zaman israrçı bir mövqe tutmuşdur. Bolşevik Rusiyası ilə 1920-ci ilin dekabr ayında danışıqlara gedən türk nümayəndə heyətinin rəhbərinə Atatürkün Naxçıvan barədə dedikləri Naxçıvan ərazisinin beynəlxalq əhəmiyyətindən xəbər verirdi.
1921-ci ilin martında Moskvada RSFSR və Türkiyə arasında aparılan danışıqlar sovet-Türkiyə münasibətlərinə aydınlıq gətirməklə yanaşı, Naxçıvanın taleyi üçün də mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, Naxçıvanın muxtar vilayət kimi idarəçiliyinin təşkil olunması ilk dəfə olaraq məhz burada imzalanmış sazişdə öz əksini tapmışdır. Təbii ki, Naxçıvanın Azərbaycan ərazisi kimi saxlanılması təkcə Türkiyənin tələbləri ilə bağlı deyildi. Bu həm də Azərbaycanda milli ruhlu ziyalıların Sovet Rusiyası ilə diplomatik əlaqələr yaradılarkən önə sürdükləri şərtlərin nəticəsi idi. Bir tarixi fakta diqqət yetirək. Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətə başlayandan sonra Behbud ağa Şahtaxtinski Sovet Rusiyasının Xalq Xarici İşlər Komissarına məktubunun üçüncü bəndində belə yazırdı: “Çevrilişdən əvvəl Azərbaycana məxsus olan bütün ərazilər – Zaqatala dairəsi, Qarabağ, Naxçıvan diyarı – onun tərkibində qalmalıdır. Bu ərazilər Müsavat hökuməti vaxtında mübahisəsiz Azərbaycana məxsus idi və tarixi, etnoqrafik, iqtisadi baxımdan onunla sıx bağlı olmuşdur. Buna görə də Rusiya mənəvi və siyasi nöqteyi-nəzərdən bu torpaqları Azərbaycandan qoparmamalı və burada, Şərqin qapısında artıq mövcud olan sovet idarələrini əhalisinin gözü qarşısında daşnaklar tərəfindən xarabaya döndərməyə imkan verməməlidir”.
Qeyd etmək lazımdır ki, Türkiyə ilə sovetlər arasında aparılan 1921-ci ilin fevral-mart danışıqlarında Nəriman Nərimanovun yaxın silahdaşı, Azərbaycan SSR-in Moskvadakı ilk fövqəladə və səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinskinin mühüm xidmətləri olmuşdur. O, 1921-ci ilin martında Türkiyə, Rusiya Sovet Federativ Sosialist Respublikası, Azərbaycan Sovet Sosialist Respublikası və Ermənistan Sovet Sosialist Respublikası arasında bağlanmış Moskva müqaviləsinin hazırlanması prosesində yaxından iştirak etmişdir. N.Nərimanovun tapşırığı ilə onun Türkiyə nümayəndələri ilə – Ankara hökumətinin xarici işlər naziri Yusif Kamal bəy, habelə Əli Fuad və doktor Rza Nur ilə Naxçıvan məsələsi ilə bağlı apardığı danışıqlar müvəffəqiyyətlə nəticələnmişdir. Az sonra B.Şahtaxtinski Moskvadan xalq xarici işlər komissarı M.Hüseynova yazırdı: “Türkiyə-Rusiya danışıqlarında məhz Azərbaycanın təkidi ilə Naxçıvan məsələsinin müzakirə edilməsinə və Türkiyənin təkidi ilə Azərbaycanın xeyrinə həllinə nail olunmuşdur”. Bütün bunlar isə Behbud ağa Şahtaxtinskinin nə qədər bacarıqlı diplomat olduğunu göstərən faktlardır.
Beləliklə, uzun danışıqlardan sonra 1921-ci il martın 16-da Moskvada imzalanmış 16 maddədən ibarət “Dostluq və qardaşlıq haqqında” RSFSR-Türkiyə müqaviləsinin 3-cü maddəsində deyilir: “Razılığa gələn hər iki tərəf hazırkı müqavilənin 1 (B) əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir”. Bununla da, Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirildi.
Moskva müqaviləsi bağlanarkən Türkiyə bəzi məsələləri açıq saxlasa da, 1921-ci ilin oktyabrında bağlanmış Qars müqaviləsi məsələni birdəfəlik həll etdi. Keçirilən çoxtərəfli Qars konfransında Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan nümayəndə heyətləri iştirak etdilər. Azərbaycan Kommunist (bolşevik) Partiyası Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtinski Azərbaycan SSR-in Qars konfransına nümayəndəsi təyin olundu.
1921-ci il oktyabr ayının 13-də imzalanan Qars müqaviləsi 20 maddə və 3 əlavədən ibarətdir. Müqavilənin 5-ci maddəsi və 3-cü əlavəsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsini bir daha təsdiqlədi, onun sərhədləri qəti surətdə müəyyənləşdirildi. Müqavilənin 5-ci maddəsində yazılır: “Türkiyə hökuməti, Azərbaycan və Sovet hökumətlərinin hazırkı müqavilənin 3 saylı əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan bölgəsinin Azərbaycan himayəsi altında muxtar ərazi təşkil etməyə razıdırlar”.
Moskva və Qars müqavilələri ilə sovetlər Türkiyənin Naxçıvan üzərində faktiki nəzarətini zəiflətməyə, Türkiyə isə belə bir şəraitdə Azərbaycanın bütövlüyünü, təhlükəsizliyini təmin edəcək bəndlərin müqavilədə əksini tapmasına nail oldu. Ümummilli liderimiz Heydər Əliyev bu müqavilələrin əhəmiyyətindən danışarkən demişdir: “Naxçıvanın muxtariyyəti tarixi hadisədir. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın, Azərbaycanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Tarixin sonrakı gedişatı bunu faktiki olaraq sübut etdi. XX əsrin sonunda Azərbaycan yenidən müstəqilliyini əldə edərkən Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılmasında müqavilələrin mühüm tarixi rolu oldu.
Qars müqaviləsinin imzalanması ilə Türkiyəni müəyyən qədər məsələlərdən yayındıran bolşeviklər isə 1921-ci ilin dekabr ayında Azərbaycanın, o cümlədən Naxçıvanın bütün gələcək taleyində ağrılı rol oynayacaq bir qərar qəbul etdilər. 1921-ci ilin dekabrında Zəngəzur rayonunun Ermənistana verilməsi ilə Naxçıvan eksklav vəziyyətinə düşdü.
Məlumat üçün qeyd edək ki, bir dövlətin ərazisinin müəyyən bir hissəsinin başqa bir dövlət tərəfindən əsas ərazi ilə əlaqəsinin coğrafi olaraq kəsilməsi eksklav adlanır.
Artıq 1922-ci ilin 12 dekabrında Zaqafqaziya Diyar Komitəsinin 12 dekabr tarixli qərarı ilə Naxçıvan muxtariyyət vahidi kimi Azərbaycanın ayrılmaz tərkib hissəsi elan edildi. 1924-cü il fevral ayının 9-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan MSSR-in təşkili haqqında dekret verdi. Bu barədə mənbələrin birində yazılır: “1924-cü il fevralın 9-da Azərbaycan MİK Naxçıvan ölkəsini Naxçıvan Sovet Sosialist Respublikasına çevirmək haqqında qərar verir. Qərarda deyilir:
“1. Naxçıvan ölkəsi Azərbaycan SSR protektoratlığında Naxçıvan Sovet Sosialist Respublikasına çevrilsin.
2. NSSR haqqında əsasnamənin layihəsini hazırlamaq üçün Vəlibəyov, Bağırov, T.Şahbazi və A.Axundovdan ibarət komissiya yaradılsın və həmin komissiyaya tapşırılsın ki, bu qərar dərc edildikdən sonra bir həftə müddətində həmin layihənin hazırlanması işini başa çatdırsın və baxılmaq üçün Azərbaycan MİK Rəyasət Heyətinə təqdim etsin. Komissiyanın hazırladığı əsasnamə 1924-cü il mart ayının 23-də Azərbaycan MİK tərəfindən təsdiq olunur”.
Beləliklə, naxçıvanlıların ciddi müqaviməti və aparılan gərgin diplomatik mübarizənin nəticəsi o oldu ki, bu diyarın əzəli və əbədi sakinləri Naxçıvan regionunun Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu bütün dünyaya sübut etdilər. Bununla yanaşı, XI əsrdən Naxçıvanşahlıqla başlanan, XVII əsrdə Naxçıvan xanlığı, sonralar isə digər formalarda davam edən yerli özünüidarəetmə xarakterli dövlətçilik ənənələrini də qoruyub saxlaya bildilər.
Müasir dövrdə bu ənənələr ən mükəmməl formada davam etdirilməkdədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi xətt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən Naxçıvan Muxtar Respublikasında mükəmməl şəkildə həyata keçirilir.
Bu gün mövcud olan muxtar dövlət idarəçiliyinin “Naxçıvan modeli” qloballaşan dünyada muxtar qurumlar üçün ən mükəmməl model hesab oluna bilər. Azərbaycançılıq ideologiyasına sadiqlik, inkişaf edən iqtisadiyyat, milli sosialyönümlü demokratiya, genişlənən beynəlxalq iqtisadi və mədəni əlaqələr isə Azərbaycanın dövlətçilik beşiyi olan Naxçıvanın parlaq gələcəyindən xəbər verir.
Elnur KƏLBİZADƏ