“Əzizim! Mələyim mənim, Allaha dua eləyək ki, bundan sonra bizi bir də ayrı salmasın. Burada əsirlər məni dəli eləyiblər. Bəzilərini geri vermirlər, bir başqaları isə özləri qayıtmaq istəmirlər. Onların ucbatından burada hədər vaxt itirdim, tamamilə hədər. Nə vaxt sənin yanına qayıdacağam? Bilirsənmi, səndən ötrü yaman narahatam... Bir az əvvəl şəhərə gəzməyə çıxmışdım; zəngin məscidlər, bazar, karvansara İran dövlətinin özü kimi xarabazarlıq təsiri bağışladı. Çox güman ki, biz gələn il bu yerlərə səninlə birlikdə gələcəyik və yəqin, onda hər şey gözünə yaxşı görkəmdə dəyəcək”.
XIX əsr Rusiya ədəbi mühitində yetişmiş istedadlı yazıçı, eyni zamanda siyasətçi Aleksandr Sergeyeviç Qriboyedov ağlına da gətirməzdi ki, qalib ölkənin səfiri kimi məğlub ölkədə sevgilisinə yazdığı bu məktubdan bir müddət sonra o, həyatda olmayacaq. Əlbəttə, “Ağıldan bəla” əsəri ilə yazıçı istedadını rus ədəbiyyatında isbatlamış bu şəxsin həm də uğurlu siyasi karyerasının olması və dünyanın ən böyük dövlətinin səfarətinə başçılıq etməsi onun gözlərini tutmuşdu. Kim idi A.S.Qriboyedov?
A.S.Qriboyedov 1795-ci ildə polyak əsilli zabitlər ailəsində anadan olmuşdur. Təhsil aldığı müddətdə fransız, ingilis və italyan, alman, daha sonra yunan, latın, fars, ərəb və türk dillərinə yiyələnir. Universitetdə oxuyarkən onun poetik istedadı da üzə çıxır və kiçik əsərlər yazmağa başlayır.
Napoleon tərəfindən başlanan müharibə onun planlarını dəyişir – o, kiçik zabit kimi müharibəyə yollanır. Müharibədən qayıtdıqdan sonra Peterburqa köçür, bir çox dekabristlərin, o cümlədən Puşkinin də çalışdığı Xarici İşlər Kollegiyası İdarəsinə işə düzəlir.
1818-ci ildə rus missiyasının katibi kimi İrana göndərilir və burada iki il işləyir. Onun İranda yaşadığı həyat, əsərləri və gündəliklərində yer alır. 1821-ci ildə İrandan qayıtdıqdan sonra Qafqaz generalı A.Yermolovun rəhbərlik etdiyi ordunun diplomatik katibi vəzifəsinə təyin edilir.
1826-cı ildə çar hakimiyyəti tərəfindən dekabristlərin işi üzrə həbs edilir. O, bütün məxfi sənədləri öncədən məhv edir və buna görə də günahı sübuta yetirilmədiyindən azadlığa buraxılır. Yenidən Qafqaza qayıdaraq diplomat vəzifəsində çalışır. 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi kimi çıxış edir. 1828-ci ildə İranla imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edir. Bundan sonra isə o, İrana rəsmi səfir təyin edilir. Elə həmin ildə o, Tehranda səfirlik binasında qətlə yetirilir və cənazəsi Tiflisə aparılır.
Azərbaycana böyük erməni köçü
Türkmənçay müqaviləsinin imzalanmasından sonra polkovnik Lazarev ermənilərin köçürülməsi işinin ona tapşırılması ilə əlaqədar olaraq, 1828-ci il fevral ayının 14-də Paskeviçin qarşısında vəsatət qaldırdı. Onun fikrincə, ermənilər müharibənin gedişində Rusiyanın qələbəsi üçün əllərindən gələni etmişdilər və buna görə də onların Rusiyada yaşamaq arzusuna diqqətlə yanaşılmalı idi. İran ərazisində yaşayan ermənilərin sürətlə Rusiyaya köçürülməsinin təşkili üçün polkovnik Lazarev aşağıdakıları təklif edirdi:
1) köçürülmə işlərinə rəhbərlik etmək üçün Paskeviç tərəfindən ona yazılı sərəncam verilsin və bu sərəncamda köçənlər üçün nəzərdə tutulan güzəştlər də öz əksini tapsın; 2) köçürmə işlərinə rəhbərlik üçün qərargah yaradılsın və həmin qərargahda işləyə biləcək kadrların seçilməsi ona həvalə edilsin; 3) iqlim şəraitinə görə köçürülmə işləri ləngiyən yerləri rus ordusu tərk etməsin və köçənlər rus bölmələri tərəfindən müşayiət olunsun; 4) köçkünlər içərisində maddi imkanları zəif olanlara dövlət xəzinəsindən vəsait ayrılsın.
1828-ci ildə Naxçıvan və İrəvan xanlıqları ərazisindən yeni bir inzibati mərkəz – erməni vilayəti təşkil edildi. Bunun təşkili ilə azərbaycanlıların öz doğma torpaqlarında sıxışdırılması prosesi müntəzəm xarakter aldı. Hansı ki erməni vilayəti təşkil edilən zaman həmin ərazidə olan 752 yaşayış məntəqəsindən 62-si erməni kəndi idi. Paskeviçin Qafqaz rus ordusuna baş komandan təyin edilməsi və onun bacısı oğlu A.Qriboyedovun da Rusiya Xarici İşlər Nazirliyinin bölmələrindən birinə başçılığı bu prosesi daha da sürətləndirdi.
Hələ bu müqavilə bağlanmazdan əvvəl belə, ermənilərin Arazdan şimala köçürülməsi artıq qəti bir fikir kimi formalaşmışdı. Rusiya dövləti tərəfindən İrana qarşı irəli sürülməsi planlaşdırılan strateji əhəmiyyətli tələblərdən biri də İranda yaşayan ermənilərin Şimali Azərbaycan ərazisinə buraxılması idi. Rusiya tərəfindən danışıqlarda iştirak edən nümayəndələr də belə bir məsələni həll etməli idilər. Erməni tarixçiləri həmin məsələnin İran tərəfinə qəbul etdirilməsində A.S.Qriboyedovun geniş fəaliyyət göstərdiyini yazırdılar.
Amma ermənilərin köçürülməsinin təşəbbüsçülərindən olan A.S.Qriboyedov həmin məsələ ilə əlaqədar olaraq yazırdı: “Ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib duracaqlarından müsəlmanlar içərisində yaranan qorxunu aradan qaldırmaq və onların düşdükləri ağır vəziyyətin uzun sürməyəcəyini bildirməklə onları sakitləşdirmək məsələsini biz dəfələrlə götür-qoy etmişdik”.
1827-ci ilin noyabr ayında Cənubi Azərbaycan ərazisindəki Dehqarqan məntəqəsində danışıqlar aparılarkən Nersesin təklifi əsasında İran ermənilərinin ruhani nümayəndələri Paskeviç və Qriboyedovla görüşmüş və onlara həm qayğılarını, həm də tələblərini çatdırmışdılar. Dekabr ayında Paskeviç Tiflisin hərbi qubernatoru general Sipyaginə göndərdiyi məktubda qeyd etmişdi ki, Urmiya ətrafında yaşayan 15 min yunan və erməni Rusiyanın ərazilərinə köçmək istəyir. General Sipyagin isə onların İrəvan və Naxçıvan ətrafında yerləşdirilməsini məqsədəuyğun bilmişdi.
Paskeviç tələb edirdi ki, köçürülənlərin İrəvan ətrafında yerləşdirilməsi ilə bərabər, Naxçıvan əyalətində, Qafan və Meqri ətrafında məskunlaşdırılması da diqqət mərkəzində saxlanılsın. Görünür, şimala köçmək istəyənlər İrəvan xanlığı ərazisində yerləşdirilməyə daha çox meyil edirmişlər. Rusiyanın maraqları isə onların sərhəd boyunca bərabər yerləşdirilməsini və bununla da, sərhəd boyunca təhlükəsizlik zolağının yaradılmasını tələb edirdi.
Polkovnik Lazarev İran ərazisində yaşayan xristianların Şimali Azərbaycan xanlıqları ərazisinə köçürülməsinin nəticələri haqqında general Paskeviçə yazdığı 24 dekabr 1829-cu il tarixli hesabatında göstərirdi ki, köçürmə işləri 26 fevral 1828-ci ildə başlanmış və iyunun 11-də başa çatmışdır. Bu müddət ərzində 8249 xristian ailəsi (onlardan cəmi 100-ü aysor ailəsi olmuşdu, qalanları isə erməni ailələri idi) İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdür. Köçürmə işlərinə xəzinədən 16 min qızıl pul və 400 gümüş pul xərclənmişdi. Guya köçmək istəyən 1500 erməni ailəsi isə İranda qalmışdı və onların köçürülməsinə imkan tapılmamışdı.
Mövcud faktlara görə, 5000 erməni ailəsinin İrəvan xanlığı ərazisində yerləşdirilməsi ortaya çıxanda erməni vilayətinin rəhbərliyindən Paskeviçə bildirilmişdi ki, burada onların hamısının dolandırılması üçün imkan yoxdur. Ona görə də ermənilərin Qarabağa göndərilməsi məqsədəuyğun sayılırdı. Polkovnik Lazarev də Paskeviçə yazdığı məktubunda bildirirdi ki, Urmiya, Səlmas və Xoydan olan köçkünlər artıq Naxçıvana çatmışlar. Onların arasında daha çox ehtiyac duyanlar Qarabağa göndərilsinlər. Orada 3000 erməni ailəsinin yeni məhsul əldə edilənə kimi ərzaqla təmin edilməsi imkanı var idi.
Ermənilərin əsas hissəsi azərbaycanlı ailələrin sıxışdırılması, onların adi hüquqlarının tapdanması hesabına məskunlaşdırılırdı. Azərbaycanlı əhali yüksək vergilər altında əzildiyi halda, İrandan gətirilən ermənilər ən yaxşı torpaqlarda yerləşdirilirdi. Bundan başqa, onların bəzən qarışıq yerləşdirilməsi iki tərəf arasında toqquşmalara da səbəb olurdu. Bu problem Rusiya tərəfi üçün də bir narahatlıq yaradırdı və həmin narahatlığın aradan qaldırılması üçün, yuxarıda qeyd edildiyi kimi, ermənilərin ayrıca yerləşdirilməsinə xüsusi diqqət yetirilirdi.
Ermənilər, əsasən, varlı adamların torpaqlarına köçürülürdü. Hətta Qriboyedovun özü də bu köçdən bəhs edərkən yazırdı ki, ermənilər, əsas etibarilə, müsəlman mülkədarlarının torpaqlarına köçürülürdülər.
İran ərazisindən köçürülən ermənilərin Şimali Azərbaycan ərazisində yerləşdirilməsi İrəvan, Naxçıvan və Qarabağda əhalinin etnik tərkibini dəyişdirə bilmişdi. Bu əyalətlərdə gəlmə ermənilərin artımı və yerli azərbaycanlıların çar təzyiqinə davam gətirməyərək İran və Türkiyə ərazilərinə köçməsi nəticəsində əhalinin etnik tərkibindəki fərq ermənilərin xeyrinə idi. Məsələn, erməni vilayətində Türkmənçay müqaviləsinə qədər 22500 erməni yaşayırdısa, sonrakı iki il ərzində onların sayı az qala üç dəfə artdı və 64450 nəfərə çatdırıldı. Naxçıvan əyalətində ermənilərin sayı 2150 nəfərdən 13771 nəfərə, Ordubad dairəsində isə 1880 nəfərdən 3389 nəfərə çatdırıldı.
Rus tarixçisi İ.Şopenin verdiyi məlumata görə, bütünlükdə İran ərazisindən erməni vilayətinə 6949 ailə və ya 35560 nəfər köçürülmüşdü. Erməni vilayəti təşkil edilərkən onun əhalisinin 81749 nəfərini (16078 ailə) azərbaycanlılar təşkil edirdilərsə, ermənilər cəmi 25131 nəfər (4428 ailə) təşkil edirdilər. İrandan ermənilərin köçürülməsi nəticəsində isə onların sayı 60691 nəfərə (11377 ailəyə) çatmışdı. Bununla da, ermənilərin sayı 24 faizdən 43 faizə çatdırılmışdı.
Bütünlükdə Türkmənçay sülh müqaviləsindən sonra İran ərazisindən Şimali Azərbaycan ərazisinə 6976 ailə və ya 35560 nəfər miqrasiya etmişdi. Həmin miqrantlardan 2557 ailə Naxçıvan əyalətinə göndərilmişdi. Onlardan da 416 ailə şəhərlərdə, 1869 ailə isə kəndlərdə məskunlaşdırılmışdı. Yalnız Ordubadın özünə 266 ailə gətirilmişdi. Qarabağ xanlığı ərazisində 3000 ailə və ya 15 min erməni yerləşdirilmişdi. İrəvan xanlığı ərazisində isə 1395 erməni ailəsi yerləşdirilmişdi.
Hətta V.A.Parsamyan açıq şəkildə etiraf edərək yazırdı: “Rusiyaya birləşənə qədər şərqi Ermənistanın 160 min 195 nəfər əhalisinin 56 305 nəfəri, yaxud 33,8 faizi erməni, 84089 nəfəri, yaxud 49,7 faizi müsəlman, 26911 nəfəri, yaxud 16 faizi kürd və 850 nəfəri, yaxud 0,5 faizi kənar millətlər olmuşdur”. Parsamyanın rəqəmləri, şübhəsiz ki, şişirdilmiş olsa da, yenə də ermənilərin yerli əhalidən az olması diqqət çəkir.
“Ağıldan bəla” müəllifinin ağıllı etirafı
Əslində, bu etirafa diqqət etsək, görərik ki, Qriboyedovun ermənilərə xüsusi sevgisi və pərəstişi olmayıb. O, istedadlı yazıçı olduğu qədər qızğın Rusiya təəssübkeşi idi. Onun üçün Rusiyanın cənubunda iki böyük müsəlman ölkəsi sayılan Osmanlı və İranla sərhəddə ermənilərdən ibarət bufer zonanın olması vacib idi və o, bu planı canla-başla yerinə yetirirdi. Lakin bütün bunlarla yanaşı, Qriboyedovun rus imperatoruna yazdığı məktubdakı bu fikirlər onun ermənilərin xarakterinə yaxından bələd olduğu və onları düzgün qiymətləndirdiyi anlamına gəlir. O yazır: “Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar və bura bizim qədim dədə-baba torpağımızdır deyəcəklər”.
Fikrimizcə, bu məktubundan sonra Qriboyedovun ziddiyyətli şəxsiyyət olması bir daha isbatlanır. Qeyd etdiyimiz ziddiyyətli xasiyyət sonda onun faciəvi şəkildə ölməsinə də səbəb oldu.
Qriboyedovun qətli
Gürcüstan əsilzadələrindən biri, İranda müsəlmanlığı qəbul edən Yaqub xan Fətəli şahın sarayında 30 ilə yaxın xidmətindən sonra Qriboyedovla görüşür və xahiş edir ki, onun öz vətəninə dönməsinə şərait yaratsın. Türkmənçay müqaviləsində Qafqaz əsilli xristian əhalinin istədikləri vaxt İranı tərk etmək və ölkələrinə qayıtmaq hüququ olduğu qeyd olunmuşdu. Olduqca varlı olan Yaqub xanın istəyi rus səfirini təəccübləndirsə də, onun ölkəsinə dönüşünü təmin etməklə razılaşdı. Yaqub xan isə, öz növbəsində, Qriboyedova şahın vəziri Asəf-əd Dövlənin sarayında iki erməni qadının vəziyyəti barədə danışaraq onların əsir kimi yaşadıqlarını və öz vətənlərinə dönmək istədiklərini söylədi. O, bunu onunla əsaslandırırdı ki, Asəf-əd Dövlə bu qadınları məcburi şəkildə müsəlmanlaşdırıb və örtünməyə məcbur edib. Belə olduqda Qriboyedov Allahyar Asəf-əd Dövlənin siğə qadını sayılan iki erməninin səfirliyə gətirilməsinə göstəriş verdi. Hadisədən xəbərdar olan vəzir şaha bildirmədən ruhaniləri topladı və namusunun tapdalandığını bildirdi. Tezliklə xəbər bütün Tehrana yayıldı. Əhalinin dindar kəsimi keçmiş vəzirin “namusunu təmizləmək” üçün bir qığılcıma bənd idi. Ruhanilərin verdiyi fitva qüvvəyə mindi və gözü qanla dolmuş əhali Tehranın Adinə məscidindən hərəkətə başladı. Hadisələr elə sürətlə cərəyan etdi ki, hətta Tehran valisi belə, müdaxilə etmək üçün lüzum görmədi. Onlar səfirliyin qarşısına çatdıqda Qriboyedov əhalini pulla ələ almağa cəhd etsə də, nəticə vermədi. Radikallaşmış əhali səfirliyə daxil olaraq səfir də daxil olmaqla qarşılarına çıxan hər kəsi qətlə yetirdilər. Yalnız səfirliyin katibi olan Malzov soyadlı şəxs qaçıb qurtula bildi.
Əminə Pakrəvan özünün “Abbas Mirzə və Azərbaycan” əsərində haqlı olaraq yazır: “Torpağının ruslar tərəfindən işğal olunmasına təpki göstərməyib susan bu əhali və onun dini rəhbərləri sanki İslamı qəbul etmiş iki erməni qadınının intiqamını almaq üçün macəra axtarırdılar... Xatırladım ki, rus ordusu Təbrizə girdiyi zaman din xadimlərinin istəyi üzərinə onların qarşısında qurban kəsmişdilər. Din xadimləri İslamın təhqir olunduğunu sanırdılar. Lakin iki erməni qadınının İslamla nə ilgisi ola bilərdi?...”
Beləliklə, keçmiş dekabrist, dövrünün sayılıb-seçilən yazarı və siyasətçisi olan Qriboyedov ömrünün gənc çağında özünün düşünülməmiş hərəkətinin və mənasız xristian təəssübkeşliyinin qurbanı oldu. Hansı ki onun ölümü çoxlarında, hətta Abbas Mirzənin özündə də elə təəssürat yaratmışdı ki, bu artıq sondur. Rusiya kimi güclü dövlət bu qətliamla barışmayacaq və müharibəyə başlayacaqdır. Lakin bu baş vermədi. Çünki çarın dekabristlərə nifrəti və Qriboyedovun da vaxtilə bu düşərgəyə mənsub olması onun bu işə soyuq yanaşması üçün əsas oldu. Bir sözlə, çar bir o qədər də bəyənmədiyi Qriboyedov üçün İrana müharibə elan etmədi.
Öz dikbaşlığı və çalışdığı regiondakı insanların xüsusiyyətlərini nəzərə almaması ucbatından öldürülən Qriboyedovun ermənilərin Şimali Azərbaycan torpaqlarında məskunlaşdırılması planı işə yaradı. Erməni məkrinin şahidi olan və bu baxımdan çarı xəbərdar edən yazıçının “fədakar”lığı nəticəsində bu gün Azərbaycan torpaqlarının böyük bir hissəsi işğal altındadır. Əvvəlcə İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, daha sonra Qarabağ erməni məkrinin qurbanı oldu. Bu gün qədim Azərbaycan torpaqlarında bu qədər erməninin yaşaması və regionda erməni dövlətinin yaradılması məhz onun köçürmə planının acı nəticəsidir. Erməniləri himayə etməsi və eyni zamanda onlardan bufer vilayət düzəltmək istəyi həm A.S.Qriboyedovun, həm də Azərbaycan torpaqlarının gələcək faciəsinin başlanğıcı idi.
Anar TURAN