22 Dekabr 2024, Bazar

Tarixə həkk olunmuş hadisələr və ya yaddaşlarda əbədi yaşayacaq günlərə qısa ekskurs

Yüz illər boyu özlərinin çirkin əməllərini gah gizlin, gah da aşkarda həyata keçirən daşnakların 1988-ci ildə yenidən üzə çıxan əsassız torpaq iddiaları, bu iddiaların yaratdığı məlum hadisələr sərhəd kəndləri sakinlərinin sərhədçi ömrü yaşamaları ilə nəticələndi. Ata-baba əmanəti olan torpaqlarımızın qorunması, düşmən tapdağına çevrilməməsi üçün bütün Azərbaycan ayağa qalxdı, o ağır illərdə belə, yurd yerlərimiz qəhrəmanlıqla qorundu. “Torpaq – uğrunda ölən varsa, Vətəndir”, – deyib səngərlərə atılaraq “Təki Vətən sağ olsun” amalı ilə ölümün gözünə dik baxdı eloğullarımız. Bu mücadilədə sağlamlığını itirərək öz ev-eşiyinə qayıdanlar da az olmadı. Onlarla igidimiz isə şəhidlik zirvəsinə ucaldı. Belə yurd yerlərindən biri ümummilli liderimiz Heydər Əliyevin “Qeyrət qalası” adlandırdığı  Sədərək rayonudur. Burada bir haşiyə çıxaraq deyim ki, “Sədərək” sözünün, naxçıvanlıların düşüncəsində, etimoloji sinonimi “sərhəd” leksik vahididir. Çünki 1988-ci ildən başlanan hadisələr dövründən indiyədək “Sədərək” deyəndə hamımız sərhədlərimizi xatırlamışıq. O sərhədlərimizi ki, Vətənimiz oralardan başlayır.

Sədərəyin 1990-cı il avqust ayının 28-də muxtar respublikanın inzibati ərazi bölgüsünə rayon kimi daxil olması bölgənin geostrateji mövqeyi ilə bağlı idi.        
2002-ci ilin avqust ayında Sədərək əhalisi ilə görüşündə ümummilli liderimiz bunu belə açıqlayacaqdı: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir, mən indi qəsəbəni belə görəndə həddindən artıq sevinirəm. Çünki sizin, yəqin ki, xatirinizdədir. Vaxtı ilə 1977-1978-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, “bu, bizimdir, o, bizimdir” deyirdilər. Ona görə mən burada o vaxtlar bu qəsəbəni salmaq barədə göstəriş verdim. Layihələr hazırlandı, qəsəbə tikildi və sədərəklilərin bəziləri də buraya köçüb yaşamağa başladılar”.
Sözümüzün əvvəlinə qayıdaraq qeyd etmək yerinə düşər ki, məlum hadisələr başlayandan bir qədər sonra – 1990-1993-cü illərdə ermənilər 14 dəfə Sədərəyə hücuma keçiblər. İlk döyüş 1990-cı il yanvar ayının 18-də olub. 1990-cı il mart ayının 28-də Ermənistan tərəfdən Sədərəyə 300-ə yaxın top mərmisi atılıb. Bu müddət ərzində ərazidə 500-ə yaxın yaşayış evi, məktəblər, inzibati binalar dağıdılıb. Elə o vaxt qədim yurd yerinin müdafiəsi vətənpərvər oğulların üzərinə düşüb. Muxtar respublikanın rayonlarından gələn igid eloğullarımız burada böyük qəhrəmanlıqlar göstəriblər. Həmin illərdə muxtar respublikamızın bütün bölgələrindən, həmçinin ölkəmizin 12 rayonundan Sədərəyə kömək gəlib. Qeyri-bərabər döyüşlərdə 500-ə yaxın adam yaralanıb. 108 nəfər şəhidlik zirvəsinə ucalıb ki, onların 58 nəfəri rayonun yetirmələri idi. Döyüşlərdə qəhrəmanlıq göstərən kapitan Məhərrəm Seyidov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bu statistik rəqəmləri xatırlayanda yenə də ulu öndərin sözləri yada düşür: “Muxtar respublikanın sərhəd kəndləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq həmişə Sədərəyin üzərinə düşmüşdür. Sədərək kəndində vəziyyət tamam başqadır. Burada əsl müharibə gedib, atışmalar olub”.
Güllə səslərindən qulaq tutulan, həyət-bacaları dağıdılan Sədərəkdə 1993-cü il avqust ayının 13-də axırıncı döyüşdə ermənilər “Qeyrət qalası”nı qoruyan qeyrətli oğullara bata bilməyəcəklərini yəqin edərək yerlərində oturdular. Sədərək belə qorundu. Bu gün də qorunur. Özü də yüksək səviyyədə – həm torpaq təəssübünü, yurd sevgisini hər şeydən üstün tutan sədərəklilərin, burada xidməti borcunu yerinə yetirən, sərhəddə ayıq-sayıq dayanan əsgərlərimizin hesabına, həm də dövlətimizin böyük qayğısı gücünə. Bu məqamda  istər-istəməz ulu Dədə Qorqudun aforizmə çevrilmiş sözlərini xatırlayırsan: “Torpağı qorumursansa, əkməyinə, əkmirsənsə, qorumağına dəyməz”. Sədərəkdə torpaq həm qorunur, həm də becərilir.  Bu cəhətdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2000-ci il tarixdə imzaladığı “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” Sərəncamın böyük əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Məhz bu sərəncam sərhəd bölgəsinin öz simasını tamamilə dəyişməsinə səbəb olub. Adıçəkilən sənəd imzalandıqdan sonra onun icrası istiqamətində görülən işlər, həyata keçirilən digər məqsədyönlü tədbirlər Sədərəyi müasir rayona çevirib.
20 Yanvar faciəsinin ildönümü ərəfəsində rayona getməkdə məqsədimiz 24 il bundan əvvələ qayıtmaq, Sədərəyin ağır günlərini görmüş, o dövrü yaşamış insanlarla görüşmək idi. Rayon mərkəzi Heydərabad qəsəbəsində öncə onu düşündüm ki, verəcəyim suallarla bu qədim yurd yerinin məğrur, igid, qoçaq sakinlərinin yaralarının qaysağını qoparmaram ki? Tez də bu fikri özümdən uzaqlaşdırdım. Çünki bu insanlar 24 ildir ki, düşmən qabağında dayanıblar, arabir atılan güllə səsləri onları zərrə qədər də qorxutmur. Çünki 18 yanvar döyüşlərini yaşayıblar. Bu gün arxalarında güclü bir dövlətin dayandığını görürlər.
Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri,  uzun illər Sədərəkdə təhsil sahəsində fəaliyyət göstərmiş Teymur Quliyevin də ürəyi doludur:
– 24 il bundan əvvəl baş verənlər bir saatın, bir günün, bir ilin işi deyildi. Bu, uzun illər qonşuluq etdiyimiz namərdlərin bizə qarşı uzun illər hazırladıqları plan idi. Lakin arzuları gözlərində qaldı, istəklərinə nail ola bilmədilər. Ulu öndərimizin həmin illərdə dəfələrlə Sədərəyə gəlməsi, bölgə sakinlərinə tövsiyələrini verməsi təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qorudu. Bu gündən sabaha ümidləri olmayan sədərəklilər də dahi şəxsiyyətin ətrafında sıx birləşdilər, hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inandılar. Bu gün qovuşduğumuz bu işıqlı həyat tərzi məhz Heydər Əliyev ideyalarının işığı hesabına mümkün olub... Bu işığın heç vaxt sönməyəcək ziyası bütün ölkəmizi daha xoş sabahlara aparır. Sədərəkdə bərqərar olunmuş sabitlik, sosial-iqtisadi inkişaf, insanların maddi-rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi bölgə sakinlərinin qurub-yaratmaq əzmini birə-beş artırıb. Onlar layiq olduqları səviyyədə yaşadıqları üçün dövlətimizə minnətdar­dırlar. İnanıram ki, bu sərhəd bölgəsində yaradılmış şəraiti 2014-cü ildə əsir qalmış torpaqlarımızda da görəcəyik.
96 yaşlı İsmayıl Heydərov rayonun ən yaşlı sakinlərindən biridir. Sədərəyə gəlişimizin və onunla görüşməyimizin səbəbini biləndə bir müddət fikrə getdi. Düşündüm ki, yəqin, o günləri xatırlayır. Fikrimdə yanılmamışdım:
– Unudulası günlər deyil, oğul. Heç unutmağa da haqqımız yoxdur. O günləri unutsaq, bugünkü gənclik həmin faciələrdən necə xəbər tutacaq? Bu faciələri gələcəyə kim çatdıracaq? Düzdür, nə qədər istəsən,  kitab-dəftərdən o barədə öyrənə bilərsən. Ancaq biri var ki, gözünlə gördüyün, özün yaşadığın, hər an düşmən gülləsinə tuş gələ biləcəyin anları bugünkü nəslə başa salasan, bir də var ki, gənclər onu kitabdan oxuya. Bu gün Sədərək gənclərini bu ruhda böyüdürük. Onlar da rayonun hansı  ərazidə yerləşdiyini görürlər. Lakin qorxu hissi onlardan uzaqdır. Çünki öz torpaqlarında yaşamağı, bu torpaqları qorumağı birinci dərəcəli vəzifələri hesab edirlər. 24 il bundan əvvəl bu torpaq uğrunda gedən döyüşlərdə şəhid olanların ruhu onların başı üstündədir. Üstəgəl, Sədərəyin bugünkü inkişafını görürlər. Hərtərəfli dövlət qayğısının böyük ərməğanları qədim yurd yerini müasir məkana çevirib. Və bu məkanı qorumaq vəzifəsi də onların üzərinə düşüb.
Sədərək kənd 1 nömrəli tam orta məktəbin direktoru Yaşar Hacıyev:
– Sədərək rayonunun sürətli inkişafı bu gün mənfur düşmənlərə ən böyük gözdağıdır. Burada son illərdə müasir tələblərə cavab verən onlarla ikimərtəbəli yaşayış evləri, rayonun idarə, müəssisə və təşkilatları üçün inzibati binalar tikilib. Yeni obyektlər Heydərabad qəsəbəsinin simasını tamamilə dəyişib. Rayonun Sədərək və Qaraağac kəndləri də bu gün müasirlik donundadırlar. Muxtar respublikanın ən böyük kənd yaşayış məntəqəsi olan Sədərək hərtərəfli dövlət qayğısı hesabına qəsəbə təsiri bağışlayır. Rayonun bir neçə idarə və təşkilatı bu kənddə fəaliyyət göstərir. Onlar üçün son illərdə müasir tələblərə cavab verən yeni tikililər inşa olunub. 2013-cü ildə quruculuq işləri davam etdirilib. Heydərabad qəsəbəsində 144 yerlik uşaq bağçası və seysmoloji stansiya, Sədərək kənd 1 nömrəli tam orta məktəbin binaları istifadəyə verilib. Bu günlə ötən 24 il arasındakı qısa zaman kəsiyi Sədərəyi tanınmaz dərəcədə dəyişdirib. Daha dəqiq desək, 1990-cı ilin Sədərəyindən əsər-əlamət qalmayıb. Necə deyərlər, bir vaxtlar güllələr düşən yerdə indi güllər bitir.

P.S. Bizim gəldiyimiz qənaət: Doğrudan da, Sədərək rayonunda gözlə görünən hər şey dəyişib. Hər addımda yeniliklə rastlaşırsan. Müasir yaşayış binaları, sosial obyektlər, gülzarlıqlar rayona bənzərsiz gözəllik bəxş edib. Bütün bunlar isə sədərəklilərin həyat tərzini də kökündən dəyişdirib. Dəyişməyən insanların doğma yurd yerlərinə bağlılığıdır. Bu bağlılıq 24 il ərzində daha da güclənib. Bundan sonra da belə olacaq.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR