31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində hərbi hissələrə sovqat aparılması artıq ənənə halını almışdır. Hər il müxtəlif dövlət qurumları, müəssisə və təşkilatlar, ayrı-ayrı sahibkarlıq subyektləri hərbi hissələrə baş çəkir, əsgərlərə sovqatlar aparırlar.
Dünən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin, Şərur Rayon İcra Hakimiyyətinin və digər təşkilatların kollektivləri Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən hərbi hissələrində olmuş, əsgərlərə bayram sovqatları aparmışlar.
Hərbi hissələrdə şəxsi heyətlə görüşlərdə vurğulanmışdır ki, bu gün ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ordu quruculuğu işi uğurla davam etdirilir, sərhədlərimizin etibarlı müdafiəsi təmin olunur.
Göstərilən bu qayğı və diqqətin nəticəsidir ki, ötən müddət ərzində Milli Ordunun Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrinin maddi-texniki bazası daha da gücləndirilmiş, döyüş qabiliyyəti yüksəldilmişdir. Naxçıvan əhalisinin, buradakı idarə və təşkilatların əlamətdar günlərdə, bayramlarda əsgərlərimizi heç vaxt yaddan çıxarmaması, onlara hər cür mənəvi dəstək verməsi artıq adət halını alıb. Dövlətimizin ərazi bütövlüyünün, sülhün, əmin-amanlığın, müstəqilliyimizin təminatçısı məhz ordumuzdur. Çünki ordunun arxasında Azərbaycan xalqı dayanır.
Xəbərlər şöbəsi