Bir çox milli-mənəvi dəyərlərimizə, musiqilərimizə və yeməklərimizə həyasızcasına sahib çıxmağa çalışan ermənilər indi də tarixi şəxsiyyətlərimizin mənimsənilməsi uğrunda addımlar atırlar.
Saxtakarlıq – bu sözün sinonimini tapmaq lazım gəlsəydi “erməni şovinizmi” ifadəsini işlətmək yerinə düşərdi. Gələcəkdə erməni etnik ünsürünü araşdıran etnoqrafların onlar haqqında qeyd etməli olduqları əsas xarakterik cəhət bu olacaq. Zaman-zaman tarixi Azərbaycan torpaqlarında müxtəlif “böyük qardaşların” dəstəyi və yardımı ilə məskunlaşan, sonradan isə bu torpaqlara sahib çıxan, XX əsrin son onilliyinin başlanğıcında tarixi və hüquqi Azərbaycan torpaqlarının daha bir hissəsini bütün dünyanın gözü qarşısında işğal edən ermənilər bu dəfə Hüseyn xan Naxçıvanskiyə sahiblənmək uğrunda təbliğata başlayıblar. Rus tədqiqatçılarının (xüsusilə R.İvanovun) son illərdə bu qəhrəman Azərbaycan övladı haqqında yazdıqlarını gördükdən sonra onlar belə qərara gəliblər ki, bu dəfə də Hüseyn xan Naxçıvanskini özününküləşdirsinlər. Bunu isə çox incə bir hiyləgərliklə həyata keçirməyə başlayıblar.
Belə ki, bir neçə gün öncə Bakı şəhərində yaşayan həmkarlarımızdan birinin Hüseyn xan Naxçıvanskinin 1905-ci ildə rus-yapon müharibəsində çəkilmiş rəsmlərindən birini sosial şəbəkələrdə paylaşması diqqətimi çəkdi və bu şəkli hansı mənbədən əldə etməsi barədə ondan soruşdum. Həmkarımız isə cavabında bunu dünyaca məşhur olan elektron ticarət saytında tapdığını bildirdi və bu rəsmi tapmaq üçün lazımi keçid linkini mənə təqdim etdi. Bu elektron ticarət saytına daxil olduğum zaman isə gözlərimə inanmadım. Üzərində Hüseyn xan Naxçıvanskinin döyüş səhnəsinin həkk olunduğu və Rusiya Ümumdünya Poçt İttifaqına aid olduğu üstündə açıq-aşkar qeyd edilən poçt markası qədim erməni poçt markası adı altında 9-17 Amerika Birləşmiş Ştatları dollarına satışa çıxarılıb. ABŞ-ın Nyu-York ştatı üzərindən satışa çıxarılan poçt markasının üzərində ermənilərə aid olduğunu göstərən hər hansı qeyd olmasa da, internet səhifəsi başlığında bu, erməni poçt markası kimi təqdim edilib. Başqa sözlə desək, onlar hələ ki özünü elə də ciddi büruzə verməyən, amma gələcəkdə ciddi bir təhlükəyə çevriləcək bir addımı atmaq üçün, necə deyərlər, “barmaq yeri” qoyublar.
Qeyd edək ki, 1905-ci il rus-yapon müharibəsinə aid şəklin altında belə yazılıb: “Xan Naxçıvanskinin rəhbərliyi altında hücum (14 yanvar 1905-ci il)”. Axtarışlarımız zamanı məlum oldu ki, bu rəsm əsəri haqqında tədqiqatçılardan R.İvanov, F.Nağdəliyev, E.İsmayılov, M.Quliyev müxtəlif vaxtlarda çap etdirdikləri elmi əsərlər və məqalələrdə məlumat veriblər. Qeyd edək ki, şəklin, həqiqətən də, Hüseyn xan Naxçıvanskiyə aid olub-olmamasını dəqiqləşdirmək üçün Naxçıvan xanlığının tarixi ilə bağlı ciddi araşdırmalar müəllifi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevlə görüşdük. Tədqiqatçı şəklin Hüseyn xan Naxçıvanskiyə məxsus olduğunu təsdiqlədi. Xan Naxçıvanskinin geyimindəki Dağıstan elementlərinin çoxluğunu isə onun rus-yapon müharibəsində məhz 2-ci Dağıstan polkunun komandiri olması ilə əlaqələndirdi.
Əvvəlki məqalələrimizdən birində də ifadə etdiyimiz kimi, qafqazlı olan və Qafqaz insanının xarakterinə bələd olan süvari alayının komandir köməkçisi, polkovnik Hüseyn xan Naxçıvanskiyə dağlılardan ibarət qeyri-nizami İkinci Dağıstan Süvari Alayının formalaşdırılmasının tapşırılması təsadüfi sayıla bilməz. İkinci Dağıstan Süvari Alayının da tərkibinə daxil olduğu Qafqaz Süvari Briqadasına digər bir qafqazlı – gürcü əsilli general-mayor, knyaz Orbeliani rəhbərlik edirdi. Məhz Hüseyn xan Naxçıvanski 1904-cü il mart ayının 16-da Dağıstan Süvari Alayının formalaşdırıldığı məntəqəyə – Petrovska gəldikdən sonra avarlardan, darginlərdən, laklardan və Andiy camaatından ibarət olan süvari alayının təşkilinə nail olmuşdu. Könüllülərin sayının 200 nəfərdən artıq olması nəzərdə tutulmuş alaya daxil olmaq üçün müraciət edənlərin sayının bundan ikiqat artıq olmasında da polkovnik Xan Naxçıvanskinin şəxsi nüfuzu xüsusi əhəmiyyət kəsb edirdi.
Araşdırmalar göstərir ki, bu rəsm əsərinin müəllifi döyüş rəsmlərini çəkən, batalist-rəssam V.V.Mazurovskidir (1859-1917). Əsər isə belə adlanır: “General Mişenkonun manevri. 2-ci Dağıstan polkunun Xan Naxçıvanskinin komandanlığı altında Lindanqou kəndi yaxınlığında yapon piyada və artilleriyasına hücumu”.
Qeyd edək ki, general Pavel İvanoviç Mişenko (1853-1918) 1904-1905-ci illər rus-yapon müharibəsinin qəhrəmanlarından biridir. Həmin vaxt o, Zabaykale kazak qoşunlarının komandiri olmuşdur. Rusiyada baş verən 1917-ci il inqilabından sonra o bir müddət Temir-Xan-Şurada (Sovet hakimiyyəti illərində Buynaksk şəhəri adlandırılmışdır) yaşamış və bolşeviklərin təzyiqlərinə dözməyərək özünü güllələmişdir.
İnformasiyanın sürətlə yayıldığı müasir şəraitdə ermənilərin gələcək iddialarına hesablanmış bu cür addımlarına qarşı ayıq-sayıq olmaq hər birimizin borcudur. Çünki ermənilərin 10-15 il qabaq hər hansı bir daş üzərində öz əlləri ilə cızdıqları xətləri sonradan necə dünyaya ermənilərin qədimliyi haqqında fakt kimi təqdim etdikləri hamımıza yaxşı məlumdur. Saxtakar və şovinist millətçilərinin əlində nəinki Qafqazın aborigen xalqlarının milli-mənəvi dəyərləri və fotoşəkilləri, gürcü tədqiqatçısı İ.Çavçavadzenin sözləri ilə desək, “daşlar da fəryad edir”. Nə daşların, nə də insanlarımızın fəryad etməməsi üçün isə təkcə tariximizi öyrənmək yetmir, onu həm də təbliğ etməyimiz lazımdır.
Elnur KƏLBİZADƏ