Milli tariximizin istənilən dövrünə nəzər salsaq, xalqımızın azadlığı və dövlətçiliyi uğrunda mübarizəsinin şahidi olarıq. Tariximizin səhifələrinə qürurla yazılan 1918-ci il həm də ona görə önəmlidir ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk yaranmış müstəqil dövlət idi. Həmin dövrdə bu müstəqil dövlətin bütün atributları, o cümlədən Milli Ordumuz formalaşdırılmışdır. Cəmi 23 ay yaşamasına baxmayaraq, milli hökumət həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı ciddi mübarizə aparmışdır. Ancaq təəssüflər olsun ki, ölkəmizin bolşeviklər tərəfindən işğal olunması demokratik hökumətin süqutuna, milli ordu hissələrinin ləğv edilməsinə gətirib çıxardı.
Azərbaycanda ordu quruculuğu prosesi 1918-1920-ci illərdə aparılsa da, ordu yaratmaq zərurəti bütün dövrlərdə zəruri olmuşdur. Ermənilərin həmişə göz dikdikləri Azərbaycan torpaqları müzakirə mövzusuna çevrilərək hər an işğaledilmə, təcavüzə uğrama qorxusu ilə üz-üzə qalmışdır. Bütün bunlarla mübarizə aparan qüvvə isə böyük bir ordu yox, lakin bir ordunu belə əvəz edəcək dahi Heydər Əliyev idi.
Hamımıza məlumdur ki, ulu öndər Heydər Əliyevin fəaliyyətinin müəyyən bir hissəsi təhlükəsizlik orqanlarında xidmətlə bağlı olmuşdur. Məhz böyük imperiyanın ən güclü vaxtlarında belə, bu böyük sərkərdə öz qətiyyəti, bacarığı ilə Vətəninə qarşı həyata keçirilən mənfur planların qarşısını müvəffəqiyyətlə ala bilmişdir. Hər birimizin bilməli olduğumuz bu hadisələrin, sadəcə, biri haqqında məlumat vermək, düşünürəm ki, oxucularımız üçün də maraqlı olar. 1967-ci ilin əvvəllərində erməni-daşnak dairələri və təxribatçıları tərəfindən əvvəlcədən hazırlanan plana əsasən, Dağlıq Qarabağda milliyyətcə erməni olan bir nəfər qətlə yetirilir. Ermənilər həmin qətl hadisəsi ilə bağlı məhkəmə iclasının keçirildiyi zala girərək şübhəli şəxs kimi həmin prosesdə dindirilən 2 azərbaycanlını zorla mühafizəçilərin əlindən alıb xüsusi amansızlıqla öldürürlər. Təqsirləndirilən, lakin sonradan bəraət almış digər azərbaycanlı isə dustaq maşını ilə birlikdə yandırılır. Burada əsas məqsəd hadisələri qızışdırıb milli zəminə yönəltmək, nəticədə, azərbaycanlıların bütün Qarabağ ərazisindən köçürülməsinin və ərazinin Ermənistana birləşdirilməsinin təməlini qoymaq idi. Lakin Azərbaycan təhlükəsizlik orqanlarının çevik müdaxiləsi nəticəsində bu hadisələrin qarşısı qısa müddətdə alınmışdır. Təxribat zamanı xüsusi fəallıq göstərən 20 nəfər milliyyətcə erməni olan şəxs həbs edilmişdir. İşin istintaqı şəxsən ulu öndər Heydər Əliyevin nəzarətində idi. O, bu məqsədlə Xankəndinə gedərək 15 gün orada qalmışdı. Araşdırmalar göstərmişdi ki, Dağlıq Qarabağda baş verən hadisələrin əksəriyyəti ermənilərin xarici daşnak havadarlarının təhriki ilə Ermənistandan gəlmiş emissarlar tərəfindən törədilir. Ulu öndərin təşəbbüsü ilə bu məsələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosuna çıxarılaraq ətraflı müzakirə edilmiş, vilayət rəhbərliyinin bu məsələyə laqeyd yanaşması, işlərindəki ciddi qüsur və nöqsanlar tənqid olunmuş, məsələ ilə bağlı gələcək adekvat tədbirlər müəyyənləşdirilmişdi.
Diqqət edək, hadisələrin böyük əksəriyyəti 1960-70-ci illərdə baş verir. Bu dövrlər SSRİ-nin inkişaf edən qızıl dövrü, fərqli millətlərin “xalqlar dostluğu” çətiri altında “firavan yaşadıqları” zamanlar idi. Təbii ki, təhlükəsizlik orqanlarının ulu öndərin təşkilatçılığı və rəhbərliyi altında keçirdikləri əməliyyatlardan cəmiyyətin xəbəri olmurdu. Ancaq dahi rəhbər bütün bu hadisələri müdrikcəsinə təhlil edərək yeni ümummilli planlarını həyata keçirməyə başlayır – qeyd olunan hadisədən 3 il sonra, 1971-ci ildə Bakıda hərbi təmayüllü internat məktəbinin açılmasına nail olur. Məktəbi açdırmaq özlüyündə nə qədər riskli olsa da, məktəbə 15 il bundan əvvəl bəraət almış “xalq düşməni”nin adını vermək də böyük cəsarət tələb edirdi. Burada haşiyə çıxaraq hörmətli oxuculara bildirim ki, o vaxt SSRİ-də iki belə məktəb vardı: Naximov və Suvorov adına hərbi təmayüllü məktəblər. Üçüncü belə məktəbin Azərbaycanda yaradılmasının əsas məqsədini ermənilər də, sovet rəhbərliyi də yaxşı anlayırdı. Ona görə də Bakıya ciddi təzyiqlər başlandı. Ermənilər açıq-aşkar deyirdilər ki, bu məktəb bağlanmalı və Yerevanda açılmalıdır. Mərkəzə məktublar, teleqramlar göndərirdilər ki, Bakıda açılan bu məktəbi bağlatsınlar. Təlaş içində olan Moskva hesab edirdi ki, belə bir məktəbi bağlamaq onlar üçün çox asandır. Lakin Heydər Əliyev şəxsiyyəti qarşısında düşünməli oldular. Ona görə də hüquqi yol axtarmağa başladılar. Məktəbin lüzumsuzluğunu sübut etmək üçün SSRİ Müdafiə Nazirliyi general-leytenant Topovu Bakıya ezam edir. Ümummilli lider Heydər Əliyevin tapşırığı ilə xüsusi komissiya yaradılır. Topovun irəli sürdüyü hər bir dəlilin qarşısına çoxsaylı faktlar çıxarılır. O, açıqca deyirmiş ki, mən mərkəz qarşısında cavab verməliyəm. Məktəb bağlanmalıdır... Axır ki, komissiya işini bitirir. Sonda Topovu dahi şəxsiyyət özü qəbul edir. Bu yüksəkrütbəli hərbçi, bəlkə də, ilk dəfə idi ki, mərkəzin tapşırığını yerinə yetirməmiş Moskvaya qayıdırdı. Beləliklə, Kreml dahi Heydər Əliyevin məntiqi qarşısında geri çəkilməli oldu. C.Naxçıvanski adına məktəb yaşadı, inkişaf etdi. Yalnız müstəqilliyimizin bərpasından sonra dərk etdik ki, bu məktəbin yaradılmasında məqsəd nədən ibarət olmuşdur. Maraqlı bundadır ki, o zamanlar sovet ordusu sıralarına Azərbaycandan hər il 60 mindən çox gənc çağırılırdı. Lakin sırf təsadüflər istisna olmaqla, onların çoxu inşaat batalyonlarında xidmət etməli olurdu. Buna görə də ümummilli lider Heydər Əliyev ordu quruculuğunda hərbi təhsilin rolunu çox yüksək qiymətləndirir, alitəhsilli kadrlar olmadan gələcəkdə heç nəyə nail olunmayacağını gözəl bilirdi. Buna görə də azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasının himayədarı da ulu öndər özü idi.
Bir məqamı vurğulamaq lazımdır ki, ordu quruculuğundan bəhs edərkən yalnız Müdafiə Nazirliyinə məxsus ordu birləşmələrindən bəhs etmək düzgün olmaz. Ulu öndərin böyüklüyü onda idi ki, o, digər bölmələr – dövlət təhlükəsizlik və onun tərkibində olan sərhəd birləşmələri, hərbi dəniz qüvvələri, aviasiya və digər birləşmələrdə də kadrların milliləşdirilməsi işinə başlamışdı. Hər vəchlə keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə göndərilən azərbaycanlı gənclərin sayı artırılmış, onların orduda zabit kimi xidmətləri diqqətdə saxlanılmışdır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra həmin zabitlərin böyük əksəriyyəti ulu öndərin çağırışı ilə Silahlı Qüvvələrimizin bərpası və torpaqlarımızın müdafiəsində yaxından iştirak etmişlər. Yeri düşmüşkən bir faktı da diqqətə çatdırmaq istərdim. Görkəmli dövlət xadimi Heydər Əliyevin Sovet İttifaqı dövründəki fəaliyyətində dövlət sərhədinin mühafizəsi məsələləri, sərhədçilərin yerli əhali ilə və qarşılıqlı əlaqədə olduqları sovet və partiya orqanları ilə dostluq münasibətlərinin möhkəmləndirilməsi prosesləri mühüm yer tutmuşdur. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsində çalışarkən ulu öndər sərhəd mühafizəsinin yerli ərazilərin inkişafı ilə bağlı şəkildə təmin olunması məsələsini uğurla həll etmişdir. Bu məsələ ilə bağlı konkret fakta nəzər salaq: 60-cı illərin ortalarında SSRİ Sərhəd Qoşunlarının rəisi, general-polkovnik P.İ.Zıryanov dövlət sərhədinin mühafizə sistemində və təşkilati strukturunda köklü islahatlar aparmaq fikrinə düşür. Bu məqsədlə dəstələrdə, qarnizon və şəhərciklərdə böyük tikinti işləri aparılmalı idi. Bu cür tikintinin Naxçıvan Sərhəd Dəstəsinin qarnizonunda da aparılması nəzərdə tutulmuşdu. Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları Baş İdarəsi belə bir təkliflə çıxış edir ki, Naxçıvan şəhərindəki mövcud qarnizon tam şəkildə respublikaya verilsin, əvəzində isə yeni qarnizonun tikilməsi üçün lazımi torpaq sahəsi ayrılsın və müəyyən qədər tikinti materialları ilə köməklik göstərilsin. Bu variantı öyrənmək məqsədilə bir-birinin ardınca SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Azərbaycana 3 dəfə komissiya göndərir. Həmin komissiyalar bu qənaətə gəlirlər ki, yeni bir qarnizon tikməyə ehtiyac yoxdur. Mövcud qarnizondakı binaların 20-25 faizini sökmək və yeni binalar tikməklə xeyli maliyyə vəsaitinə qənaət etmək olar. Lakin bu variantla müasir tələblərə cavab verən yeni qarnizon yaradıla bilməzdi. Çünki inzibati, yataqxana, tədris, təsərrüfat, yaşayış binalarını planlı və ayrı-ayrı yerləşdirmək mümkün olmayacaqdı. Dörd ay davam edən müzakirənin sonunda dahi şəxsiyyət Heydər Əliyev işə qarışır və Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi öz fikrini aydın dəlillərlə əsaslandırır. Yalnız bundan sonra Naxçıvanda tamamilə yeni qarnizonun tikilməsi mümkün olur və bu gün “Naxçıvan” Sərhəd Diviziyasının yerləşdiyi qarnizon kompleksi tikilir. Sonralar Naxçıvan Sərhəd Dəstəsinin əsgər və zabitləri ilə görüşündə ulu öndər deyəcəkdi: “Mən bu sərhəd dəstəsini yaxşı tanıyıram. Gənc ikən, Naxçıvanda oxuyarkən sərhədçilərə çox maraq göstərər və bəzən bu sərhəd dəstəsinin ayrı-ayrı hissələrinə gedərdim. Sonra Azərbaycanın rəhbəri işləyərkən respublikanın sərhədlərində olanda mütləq sərhəd dəstələrinə baş çəkərdim. Naxçıvan Sərhəd Dəstəsində də dəfələrlə olmuşdum. Sərhəd dəstəsinin, onun qərargahının məhz burada yerləşməsi və bu binaların tikilməsi, böyük bir şəhərciyin yaranması da o vaxt mənim bilavasitə iştirakımla olmuşdur. Hətta bu şəhərciyi yaratmaq üçün Azərbaycan Respublikasının büdcəsindən böyük vəsait ayırmışdıq və bu binaların, kompleksin yaranmasına nəinki kömək etmişdik, demək olar, onu özümüz yaratmışdıq”.
Deməli, bu gün ordu quruculuğundan danışarkən, düşünmək olmaz ki, bu prosesə yaxın 20 ildə başlanılmışdır. Böyük sərkərdə Heydər Əliyevin uzagörənliyi ilə uzun illər əvvəl bu sahədə infrastruktur yaradılmışdı. Ancaq bəzən taleyin sərt sınaqları da olur. Ümummilli liderin Moskvadan doğma yurduna qayıdışı elə bir tarixi dövrə təsadüf edirdi ki, Vətən torpaqları od tutub yanırdı. Yenicə bərpa edilmiş müstəqillik uçuruma doğru yuvarlanmaqda idi. Vətəndaş müharibəsi baş qaldırmışdı. Azərbaycan faktiki olaraq nəinki çökməkdə, hətta xəritədən silinmək qorxusu ilə üz-üzə qalmışdı. Məhz belə bir zamanda Böyük Sərkərdə böyüyüb boya-başa çatdığı Naxçıvan torpağında ordu quruculuğu prosesini yeni mərhələyə çıxarmış oldu. 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində bu prosesi daha da irəliyə apardı. Ordu quruculuğu sahəsində yaxın 20 il ərzində görülən işlər isə hamımıza aydın olduğundan yazını burada yekunlaşdırmaq istərdik.
Sonda bir şeyi qeyd etmək istərdik ki, ümummilli lider, Böyük Sərkərdə Heydər Əliyevin ideyaları Azərbaycanın yenilməz Silahlı Qüvvələrini bu gün dünyanın ən güclü orduları sırasına çıxarmışdır. Bizim hər birimiz isə bu ideyaların sadiq əsgərləriyik!
Səbuhi HƏSƏNOV