Çağdaş Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyev dünya tarixində özünəməxsus rol oynamışdır. Onun Azərbaycan xalqına bəxş etdiyi ən böyük sərvət Azərbaycan dövlətinin sarsılmaz dövlət müstəqilliyi olmuşdur. Bununla belə, ulu öndər Heydər Əliyevin siyasi missiyası tək Azərbaycanla məhdudlaşmamış və buna görə də Onun adı dünyəvi siyasətin tarixi xəzinəsinə əbədi olaraq həkk edilmişdir.
Dünya tarixinə bir çox siyasətçilərin adı düşmüşdür... Lakin tarix onların hamısına eyni qiyməti verməmişdir. Tarixi yazan tarixçilər, yaradan isə siyasətçilərdir. Dünya tarixinə adı düşmüş siyasətçilərə yekun siyasi qiyməti yenə də tarixçilər verir. Bu qiymətin təbiəti siyasətçinin öz xalqına və bəşəri inkişafa göstərdiyi təsirindən asılı olur.
Təsadüfi deyil ki, dünyanın ən nüfuzlu tarixçi alimləri xalqımızın böyük oğlu Heydər Əliyevi Mustafa Kamal Atatürk, Otto fon Bismark, Avraam Linkoln kimi qüdrətli siyasətçilərlə yanaşı tuturlar. Adıçəkilən şəxsiyyətlərin fəaliyyətində eyni məqamlar, paralellər var: dövlətin siyasi bütövlüyünü bərqərar etmək, daxildə əmin-amanlığa nail olmaq, vətəndaşların siyasi hüquqlarını qorumaq, xalqın maddi vəziyyətini, həyat səviyyəsini, eləcə də ölkənin siyasi nüfuzunu yüksəltmək və bu kimi digər pozitiv məqamlar.
Dahi şəxsiyyət Heydər Əliyev dünya miqyaslı siyasətçi idi. 1997-ci ildə Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klinton Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə təşkil edilmiş rəsmi ziyafətdə belə söyləmişdir: “Siz tək Azərbaycanı deyil, bütün dünyanı idarə etməyə qadir bir şəxsiyyətsiniz!” Burada xüsusən qeyd ediləsi və olduqca incə bir məqam var ki, belə bir etiraf dünya tarixində heç kimə bildirilməmişdir!
Görkəmli dövlət xadimi Heydər Əliyev Yer kürəsinin 1/6 hissəsinə hakim olan dövlət rəhbərlərindən biri olmuşdur. O zaman Moskvada olanda milliyyətcə rus olan yerli sakinlərdən şəxsən eşitmişdim: “Bizim atamız Heydər Əliyevdir...” Adi bir epizoddur, amma böyük məqamlardan xəbər verir!
Ulu öndər Heydər Əliyevin bir sıra Yaxın Şərq və Asiya dövlətlərinə etdiyi sülhməramlı səfərlərdə onilliklərlə düyünə düşmüş siyasi məsələlər öz həllini tapmışdır.
Tanınmış Amerika politoloqu Henri Alfred Kissincer ümummilli lider Heydər Əliyev haqqında demişdir: “Dünyanın siyasi tarixində Heydər Əliyev kimi siyasətçilərin olması olduqca nadir bir haldır. Biz Heydər Əliyevlə eyni ildə, 1923-cü ildə anadan olmuşuq. Buna görə də, demək olar ki, eyni siyasi staja, illər boyunca hər cür sınaqdan keçmiş bir təcrübəyə malikik. Səmimi etiraf etməliyəm ki, Sovetlər Birliyi rəhbərliyində demokratik baxışlarına görə ən düzgün mövqedə duran məhz Heydər Əliyev idi. Sovet hakimiyyətinin ən strateji və geosiyasi məsələlərinin həllində Heydər Əliyev əvəzedilməz bir siyasətçi idi. Sonralar Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi də tarixi qanunauyğunluqdan irəli gəlir. Bütün maneələrə baxmayaraq, Qafqaz regionu uğrunda gedən böyük “siyasi oyunlar” mühitində O, Azərbaycanı regionun ən güclü və aparıcı bir dövlətinə çevirməyi bacardı. ABŞ ilə Azərbaycan arasında strateji əməkdaşlığın əsasını da məhz Heydər Əliyev qoymuşdur. Ümumiyyətlə, Heydər Əliyev şəxsiyyət kimi bir fenomendir!”
Dünyada təsadüfi heç nə olmur, hər nə varsa, zərurətdən doğur... Bu elmi-fəlsəfi həqiqəti rəhbər tutaraq dahi şəxsiyyət Heydər Əliyevin məhz qədim Naxçıvan diyarında dünyaya gəlməsini də təsadüf hesab etmək olmaz... Qədim yazılardan bir çoxunda Naxçıvanın “Nuhun şəhəri” kimi daha qədim bir adına təsadüf edilir. Bu haqda İ.Şopen, Dyubua-de Monpere, K.A.Nikitin və V.M.Sısoyev kimi alim və tədqiqatçılar da müvafiq məlumatlar vermişlər. Əfsanəyə görə, dünya tufanı zamanı Həzrəti Nuh Peyğəmbərin gəmisi Naxçıvanda lövbər salmışdır. Əfsanələr boş yerdən yaranmaz! Belə ki, dünyanın ən nüfuzlu tarixi mənbələri ulu Naxçıvanı müasir bəşəriyyətin beşiyi hesab edir. Xalqımızın böyük oğlu Heydər Əliyev kimi böyük bir simanın məhz bu diyarda həyata göz açması da əsrlər boyu ciddi bir tədqiqat mövzusu olacaq.
Dekabrın 12-də 50 milyonluq Azərbaycan xalqı öz ümummilli liderini anmaq üçün bir qibləyə gəldi. 50 milyon döyünən ürək, 50 milyon düşünən beyin, 50 milyonluq bir vəhdət! Deyirlər, insan dünyaya iki dəfə gəlir... İnsanın ilk doğum günü onun anadan olduğu gün, ikinci doğum günü isə onun əbədiyyətə qovuşduğu gündür. Lakin bir bəşər övladı kimi ümummilli lider Heydər Əliyev tək əbədiyyətə qovuşmadı, əbədiyyətin özünə çevrildi. Onun adı Azərbaycanın dövlət bayrağı, gerbi, himni kimi əbədi bir dövlət rəmzi oldu!
Elşən NƏSİROV