22 Dekabr 2024, Bazar

Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının, insanların həyat və sağlamlıqlarının qorunması, qanunvericiliklə nəzərdə tutulmuş hüquqi mənafelərinin cinayətkar qəsdlərdən müdafiəsi sahəsində daxili işlər orqanları qarşısında mühüm vəzifələr durur. Bu məqsədlə həyata keçirilmiş tədbirlər zamanı daxili işlər orqanlarının hər bir əməkdaşından şəffaf fəaliyyət, dövlətə və dövlətçiliyə, xidməti vəzifə borcuna sədaqət, Vətənə məhəbbət, düzlük, prinsipiallıq tələb edilmiş, onlara fədakarlıq və cəsarətlilik, bir çox mənəvi-psixoloji, işgüzar və peşəkar keyfiyyətlər aşılanmışdır. Bunun müqabilində muxtar respublika daxili işlər orqanlarının əməkdaşları 2013-cü ildə cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin  təmini sahəsində qətiyyətli addımlar atmış, xidməti vəzifələrini layiqincə yerinə yetirmişlər.

Cinayətlərin qarşısının alınması və açılması, ictimai asayişin təmini sahəsində əvvəlki illərin müsbət nəticələri inkişaf etdirilmiş, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər daha da təkmilləşdirilmişdir.

Daxili işlər orqanlarının əməkdaşları əhali arasında aparılan hüquqi-maarifləndirmə tədbirlərinə daha çox üstünlük vermişlər. İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin və ictimai təhlükəsizliyin təmini sahəsində qarşıya qoyulan vəzifələr, əməliyyat xidməti fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlar tam həcmdə yerinə yetirilmişdir.     
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində sahəvi xidmətlərin, orqan və hissələrin yeni informasiya texnologiyaları ilə təmin olunması, şəxsi heyətin sosial müdafiəsinin və iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər cari ildə də davam etdirilmişdir.
Cinayətlərin profilaktikası, əhalinin hüquqi maarifləndirilməsi və polisin fəaliyyətində şəffaflığın təmin edilməsi xüsusi plan əsasında həyata keçirilmişdir. Aparılmış profilaktik tədbirlərin nəticəsidir ki, vətəndaşların həyatı, sağlamlığı və əmlakı cinayətkar qəsdlərdən qorunmuş, onların təhlükəsizliyi yüksək səviyyədə təmin edilmiş, muxtar respublika ərazisində cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin qorunmasında nailiyyətlər əldə olunmuşdur.        
Həyata keçirilən bu kimi tədbirlər muxtar respublikada cinayətkarlığın dinamikasına müsbət təsir göstərmiş, Naxçıvanı dünyanın ən təhlükəsiz regionlarından birinə çevirmişdir.    
Cinayətkarlığa və hüquq pozuntularına qarşı barışmaz mübarizə aparılmış, nəticə etibarilə, cinayətlərin sayı son 2 ildə minimum səviyyəyə endirilmişdir. Son 10 ildən artıq bir dövrdə cinayətkarlığın transmilli mütəşəkkil növləri üzrə heç bir cinayət qeydə alınmamış, terrorçuluq, banditizm, adamları girovgötürmə və bu kimi xüsusilə ağır cinayətlər baş verməmişdir. Bunun nəticəsidir ki, muxtar respublika tarixində ən az cinayət 2013-cü ildə qeydə alınmışdır. Bütün hadisələrin açılması isə tam təmin edilmişdir.    
Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, 1992-ci ildə Naxçıvanda 684 cinayət hadisəsi qeydə alınmışdırsa, 2013-cü ildə bu rəqəm 16 olmuşdur. Həmin illərdə törədilmiş cinayətləri əhalinin sayına görə müqayisə etsək, görərik ki, 1992-ci ildə əhalinin 100 min nəfərinə 216 cinayət düşürdüsə, 2013-cü ildə qeydə alınmış cinayətlərin sayına görə 100 min nəfərə cəmi 4 cinayət hadisəsi düşür. 1992-ci ildə 9 quldurluq və soyğunçuluq, 9 qəsdən adamöldürmə, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı 28, xüsusi və dövlət əmlakının oğurlanması ilə bağlı 103, nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı 30 (20-si ölümlə nəticələnib), 1993-cü ildə 16 quldurluq və soyğunçuluq, 18 qəsdən adamöldürmə, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 46, xüsusi və dövlət əmlakının oğurluğu ilə bağlı 149, yol-nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı 38 (23-ü ölümlə nəticələnib), 1994-cü ildə 3 quldurluq və soyğunçuluq, 17 qəsdən adamöldürmə, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 104, xüsusi və dövlət əmlakının oğurluğu ilə bağlı 130, yol-nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı 46 (22-si ölümlə nəticələnib) cinayət hadisəsi törədilmişdir. 1992-ci ildə 684, 1993-cü ildə 640 və 1994-cü ildə 773 cinayət hadisəsi qeydə alınmışdır ki, həmin cinayətlərin əksəriyyəti qəsdən törədilən ağır cinayətlər olmuşdur.
Burada bir daha nəzərə çatdırmaq istərdik ki, həmin illərdə muxtar respublikada əhalinin sayı indikindən xeyli az idi. Həmçinin avtonəqliyyatın sayı 10 mindən az olmuş, ancaq hadisələrin və ölümlərin sayı yüksək olmuşdur. Artıq muxtar respublikada 40 minə yaxın nəqliyyat vasitəsi var. Lakin hadisələrin və ölümlərin sayı o illərdən dəfələrlə aşağıdır.    
Məlum olduğu kimi, Azərbaycan ikinci dəfə öz müstəqilliyini qazandıqdan sonra ölkə çox böyük problemlərlə üzləşmişdir. Bir tərəfdən Ermənistanın Azərbaycana ərazi iddiası, qaçqın problemi, digər tərəfdən o zamankı iqtidar dövründə ayrı-ayrı siyasi partiyalara məxsus silahlı dəstələrin hakimiyyət davası kriminogen duruma öz mənfi təsirini göstərmişdir. Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən ali hakimiyyətə qayıdışından sonra sabitliyin ölkədə bərqərar olunması birbaşa kriminogen duruma müsbət təsir etmişdir.
Ölkədə aparılan islahatlar, quruculuq işləri daxili işlər orqanlarının fəaliyyətinə bilavasitə müsbət təsir göstərmişdir. Rəqəmlərdən göründüyü kimi, Naxçıvanda daha uğurlu addımlar atılmış və cinayətkarlığa qarşı mübarizədə uğurlu nəticələr əldə olunmuşdur.
2013-cü ildə törədilmiş cinayət hadisələrinin 1992-ci ildə törədilmiş cinayət hadisələri ilə müqayisəsi göstərir ki, törədilmiş cinayətlər 668 fakt, yəni 97,7 faiz, ictimai təhlükəlilik dərəcəsinə görə isə ağır və xüsusilə ağır cinayətlər 88,6 faiz azalmışdır. Yetkinlik yaşına çatmayanlar və yeniyetmələr tərəfindən 1992-ci ildə 17, 1993-cü ildə 40 cinayət hadisəsinin törədildiyi qeydə alındığı halda, son beş ildə, ümumiyyətlə, yetkinlik yaşına çatmayanlar və yeniyetmələr tərəfindən cinayət hadisəsinin törədilməsi halları qeydə alınmamışdır.
Keçmiş illərdə törədilən cinayətlərin törədilmə üsullarına nəzər saldıqda görürük ki, 1993-cü ildə odlu silahla 49, 1994-cü ildə 50 cinayət hadisəsi törədilmişdir. Lakin son on ildə bu tip cinayət, ümumiyyətlə, qeydə alınmamışdır. Bəhs olunan illərdə törədilən cinayətlərin əksəriyyətini odlu silahla törədilən cinayətlər təşkil etdiyindən bu istiqamətdə tədbirlər daha da gücləndirilmişdir. Aparılmış profilaktik tədbirlərin və əhalinin hüquqi maarifləndirilməsinin nəticəsidir ki, qanunsuz saxlanılan 6570 ədəddən çox silah, çoxlu sayda döyüş sursatı və hərbi ləvazimat yığılmışdır.
Əhalinin hüquqi maarifləndirilməsi, sosial-məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi cinayət məsuliyyətinə cəlb olunanlarla yanaşı, inzibati məsuliyyətə cəlbolunma hallarının da azalmasına səbəb olmuşdur. Belə ki, 2003-cü ildə yalnız sahə inspektorları tərəfindən 4782 nəfərin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı protokol tərtib edilmişdirsə, 2013-cü il ərzində bu rəqəm 180 olmuşdur. Statistik rəqəmlərdən göründüyü kimi, inzibati məsuliyyətə cəlbolunma hallarının azalmasında, əsasən, vətəndaşların hüquq və vəzifələrinin hüquq-mühafizə orqanları tərəfindən daha etibarlı müdafiəsi, əhalinin məşğulluğunun artırılması kimi amillər rol oynamışdır.
Muxtar respublikamızda cinayətlərin sayının ilbəil azalmasının əsas səbəblərindən biri də genişmiqyaslı quruculuq, abadlıq işlərinin həyata keçirilməsi, əhalinin məişət şəraitinin yaxşılaşdırılması, yeniyetmələrin və gənclərin asudə vaxtının səmərəli təşkili və ən əsası əhali arasında hüquqi maarifləndirmə işinin aparılması olmuşdur. Bu gün tam əminliklə demək olar ki, muxtar respublikamız nəinki MDB, hətta Şərqi Avropa ölkələri ilə müqayisədə cinayətkarlığın azalmasına görə liderdir.
Hesab etmək olar ki, Naxçıvan 2013-cü ili cinayətsiz başa vurur. Bunu cinayətlərin strukturundakı dəyişikliklərə əsaslanmaqla tam əminliklə demək olar. Cinayətlərin azalmasına təsir edən digər əsas amillər muxtar respublikada aparılan islahatlar və xalqla dövlət arasındakı bağlılıqdan ibarətdir.
Muxtar respublika rəhbərinin tələb və tövsiyələrinə ciddi əməl olunaraq hüquqazidd əməllərin qarşısının alınmasında, asayişin mühafizəsində şəxsi heyətin intellektual hazırlığı, əhalinin hüquqi maarifləndirilməsi, əməliyyat xidməti fəaliyyətinin bütün sahələrində profilaktik tədbirlərin genişləndirilməsi və bu məqsədlə kütləvi informasiya vasitələri ilə əlaqələrin gücləndirilməsi ön plana çəkilərək zəruri tədbirlər həyata keçirilmişdir.
Məlum olduğu kimi, polis informasiya ilə işləyən, cəmiyyətə mütəmadi hesabat verən, təhlükəsizliyi və insan hüquqlarının qorunmasını təmin edən, xalqına sədaqətlə xidmət göstərən dövlət qurumudur. Məhz öz vəzifələrinin öhdəsindən layiqincə gəlmək üçün polis, ilk növbədə, əhalinin etibarını və inamını qazanmalıdır. Bu məqsədlə əhali ilə mütəmadi görüşlər keçirir, polis və vətəndaş cəmiyyətinin kompakt əlaqələri genişləndirilməklə əhalinin inam və etibarını qazanmağa çalışırıq.
Muxtar respublikada əhalinin məşğulluğunun artırılması, istər iqtisadi, istərsə də aqrar sahələrdə aparılan islahatlar, uşaqlara və gənc­lərə göstərilən dövlət qayğısı və digər bu kimi tədbirlər də cinayətlərin sayının azalmasında mühüm rol oynamışdır.         
Naxçıvanda aparılan quruculuq işləri digər sahələrlə yanaşı, polis orqanlarını da əhatə etmişdir. Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının ən müasir səviyyəyə çatdırılması istiqamətində lazımi tədbirlər həyata keçirilmiş və bu istiqamətdə tədbirlər davam etdirilir. Hər bir əməkdaş yaradılmış maddi-texniki bazanın qorunub saxlanılması üçün səy göstərir.
Son illər yerli polis orqanlarının inzibati binaları yenidən tikilərək müasir tələblər səviyyəsində istifadəyə verilmiş, ərazilərdə polis sahə məntəqələrinin əksəriyyəti yenilənmişdir. Bütün bunlarla yanaşı, köhnə nəqliyyat vasitələrinin yeniləri ilə əvəzlənməsi, polis sahə inspektorlarının nəqliyyat vasitələri ilə, eləcə də şəxsi heyətin mövsümi geyim formaları ilə təmin olunması işi davam etdirilir.            
Daxili işlər orqanlarında xidmət edən əməkdaşların maddi-rifah halının yaxşılaşdırılmasına böyük dövlət qayğısı göstərilir. Ölkə Prezidenti tərəfindən 2013-cü ilin sentyabr ayında daxili işlər orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması buna bariz nümunədir. Bundan başqa, əməkdaşların məişət-sosial problemlərinin həlli də dövlət qayğısından kənarda qalmamışdır. Bu baxımdan Daxili Qoşunların Naxçıvan Alayında xidmət edən zabit və gizirlərin ailələrinin mənzil-yaşayış fondunun yaxşılaşdırılması məqsədilə dövlət proqramı çərçivəsində 5 mərtəbədən, 60 mənzildən ibarət, lazım olan avadanlıqlarla tam təchiz olunmuş yeni yaşayış binası tikilmişdir. Bundan əlavə, 5 mərtəbə, 45 mənzildən ibarət yeni yaşayış binası və hərbi qulluqçuların istifadəsində olan 2 mərtəbədən, 8 mənzildən ibarət yaşayış binası yenidən 1 mərtəbə də əlavə olunmaqla əsaslı təmir olunur və yaxın zamanlarda  istifadəyə veriləcəkdir. Eləcə də son illər bir çox polis əməkdaşı mənzillərlə təmin edilmişdir.
İctimai qaydanın və ictimai təhlükəsizliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı qorunması məqsədilə ərazilərdə yeni, müasir polis bölmələri yaradılmışdır. Həmin bölmələr Naxçıvan şəhəri ərazisində yerləşən 1 nömrəli, Babək rayonu ərazisində yerləşən Cəhri, Şərur rayonu ərazisində yerləşən İbadullah, Ordubad rayonu ərazisindəki Biləv və Culfa rayonu ərazisindəki Əlincə Polis bölmələridir ki, həmin polis bölmələri hər cür avadanlıqlarla təchiz edilmişdir.
Muxtar respublikada cinayətlərin baş vermədən qarşısının alınması məqsədilə əhalinin hüquqi maarifləndirilməsi, profilaktik tədbirlərin real təşkili üzrə həyata keçirilən tədbirlər, muxtar respublika rəhbərinin qarşıya qoyduğu “Cinayətsiz region” prinsipinə sədaqətlə və əzmkarcasına əməl olunması Naxçıvanı ölkəmizin ən stabil bölgələrindən birinə çevirmişdir. Həyata keçirilən tədbirlər muxtar respublikanı dünyanın ən inkişaf etmiş bölgələri ilə müqayisə etməyə və burada bir sıra mühüm əhəmiyyətli dövlət tədbirlərinin keçirilməsinə imkan verir.
2013-cü il muxtar respublika daxili işlər orqanları üçün uğurlu olmuş və bu müsbət ənənənin gələcəkdə də davam etdirilməsi üçün zəmin yaranmışdır. Bütün bunlara əsaslanaraq muxtar respublika sakinlərini əmin edirik ki, Naxçıvan polisi cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiə olunması sahəsində qarşıya qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəkdir.
Bu gün öz işini qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi prinsipləri üzərində quran Daxili İşlər Nazirliyi Avropa standartlarını, inkişaf etmiş dövlətlərin hüquq-mühafizə orqanlarının qabaqcıl təcrübəsini nəzərə alaraq islahatları davam etdirir.
Yanvar ayının 18-də qeyd edəcəyimiz Naxçıvan polisinin bayramına, Naxçıvan polisinin yaranmasının 90-cı ildönümünə şərəflə və qürurla yaxınlaşırıq.
1995-ci ildən Naxçıvanda kriminogen durum köklü surətdə müsbətə doğru dəyişmişdir.

Ümummilli liderimiz Heydər Əliyev 2003-cü il iyulun 1-də daxili işlər orqanlarının şəxsi heyətinə müraciətində demişdir: “Dövlətimizin güclənməsi, demokratiyanın inkişafı, qanunun aliliyinin təmin edilməsi sahəsində biz əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik”. Bu tövsiyəyə uyğun olaraq, böyük çətinliklər və gərgin əmək hesabına qazanılmış uğurları Naxçıvan polisi bundan sonra da əldən verməyəcək, əksinə, onu qoruyub daha da inkişaf etdirmək üçün var-qüvvəsi ilə çalışacaqdır. Heydər Əliyev ideyalarına sadiq olan Naxçıvan polisi asayişin keşiyində həmişə ayıq-sayıq dayanacaqdır.

Əli TAĞIYEV
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin
Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR