22 Dekabr 2024, Bazar

İl ictimai-siyasi həyatda fəallıq və qazanılan uğurlarla yaddaqalan olub

Əslində, ötən 2013-cü ildə ictimai siyasi həyatda əvvəlki dövrlərdə olduğu kimi, hansı siyasi proseslərin əsas tutulacağının ilk konturlarını hələ 2012-ci il dekabrın 22-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından sonra müəyyənləşdirmək mümkün idi. Belə ki, artıq sessiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2013-cü ilin “Heydər Əliyev  ili” elan edilməsi muxtar respublikada daha böyük uğurların qazanılacağının mesajı idi. Naxçıvan Muxtar Respublikasının yolu Heydər Əliyev yoludur və Heydər Əliyev tərəfindən müəyyənləşdirilən yol Naxçıvanın inkişafını və tərəqqisini təmin edir. Sessiyada başa çatan ilin yekunlarının müzakirəsi ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatının və Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyəti rəhbərinin məlumatının dinlənilməsi və müzakirəsi qarşıdakı ildə muxtariyyətdə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində aparılan demokratik islahatların davam etdiriləcəyinə, muxtar dövlətin Azərbaycanın ümumi dövlətçilik maraqlarına uyğun olaraq, Avroatlantik məkana inteqrasiyası istiqamətində bir sıra addımlar atacağına işarə idi.

2013-cü ilin siyasi xəritəsində ilk hadisə yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşü oldu. Görüşdə Azərbaycan-İran münasibətlərinin parlamentlərarası dostluq qrupları səviyyəsində də inkişafından danışıldı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
2013-cü il fevral ayının 4-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirə ilə yaddaqalan oldu. 2012-ci ildə qazanılan uğurlardan bəhs edildi, qarşıda duran vəzifələr müzakirə olundu. Yol verilən nöqsanların miqyasına uyğun qərarların qəbul edildiyi müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri birmənalı şəkildə vurğuladı: “Qeyd olunan nöqsan və çatışmazlıqlar aidiyyəti qurumların məsuliyyət hissinin artırılmasını tələb edir. Qarşıdakı dövr ərzində istər mərkəzi, istərsə də yerli icra hakimiyyətləri işə münasibəti kökündən dəyişməlidirlər”.
9 fevral 2013-cü il. Naxçıvanın muxtariyyət gününə təsadüf edən bu əlamətdar tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yeni binasının açılışı oldu, başqa sözlə desək, Naxçıvanın təkcə tarixini, mədəniyyətini deyil, həm də inkişaf istiqamətlərini araşdırmalı, öyrənməli olan strateji araşdırma mərkəzi yaradıldı. Açılış mərasimində qeyd edildi ki, Azərbaycanşünaslığın üzvi tərkib hissəsi olan Naxçıvanşünaslığa dair irsin, xüsusilə Naxçıvan Muxtar Respublikasının tarixinin, elmi, ədəbi mühitinin, incəsənətinin, təbii sərvətlərinin, mədəniyyətinin, habelə Naxçıvanın görkəm­li şəxsiyyətlərinin həyatı və fəaliyyətinin öyrənilməsi, təbliğ olunması Naxçıvanşünaslıq Mərkəzinin əsas fəaliyyət istiqamətidir.
Ötən il martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İslam İnkişaf Bankının vitse-prezidenti Birama Bobakar Sidibenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. İslam İnkişaf Bankının ölkəmizdə həyata keçirdiyi layihələrin özünü doğrultduğunu qeyd edən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə İslam İnkişaf Bankı arasında 2000-ci ildə qurulan əməkdaşlıq əlaqələrinin ötən müddətdə uğurla inkişaf etdiyini bildirdi və əməkdaşlığın gələcək perspektivləri müzakirə edildi.
2013-cü il aprel ayının 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz ilə görüşdü. Görüşdə Azərbaycanın bu qədim diyarının hərtərəfli inkişafının böyük məmnunluq doğurduğunu qeyd edən səfir muxtar respublikada əldə edilən inkişafı uğurlu sosial-iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirdi.
Mayın 9-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə yubiley tədbiri keçirildi. Təntənəli mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ölkəmizin gələcək inkişafının yalnız Heydər Əliyev yolu ilə bağlı olduğunu bir daha vurğuladı: “Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır. Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir”.
Ötən il Azərbaycanın siyasi həyatına və tarixinə həm də dünyanın ən ali qurumunun – BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü ili kimi də düşdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət xətti ölkəmizi dünyanın zirvə dövlətləri sırasına qaldırdı. Mayın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Antonius Bruk və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Görüşdə beynəlxalq təşkilatın nümayəndəsi təmsil etdiyi təşkilatla Azərbaycan, eləcə də onun Naxçıvan Muxtar Respublikası arasındakı mövcud əməkdaşlığın məmnunluq doğurduğunu vurğuladı, fəaliyyəti dövründə bu əlaqələrin inkişafı istiqamətində səyini artıracağını qeyd etdi.
İyunun 14-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Qurtuluş Gününün 20-ci ildönümü münasibətilə tədbir keçirildi. Ali Məclisin Sədri tədbirdə çıxış edərək dedi: “Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir. Ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün müstəqil Azərbaycanda sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza görə Milli Qurtuluş Gününə borcluyuq. Bu bayram bizim üçün bir də ona görə müqəddəsdir ki, o, ulu öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır”.
İyunun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fələstin dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nəssir Əbdül Kərim ilə görüşdü.
İyulun 23-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirildi. 2013-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları müzakirə edildi. İlin ikinci yarısında da işlərin uğurla həyata keçirilməsinin vacibliyinin vurğulandığı sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bir fikri xüsusilə diqqət çəkdi: “Qəzetlər, televiziya və radiolar tənqidi materialların hazırlanmasından çəkinməməli, nöqsanlar tənqid olunmalı, bununla yanaşı, tarix və vətənpərvərlik mövzularına aid materialların verilməsini də diqqət mərkəzində saxlamalı, mətbuat hər bir vətəndaşımızda vətənpərvərlik, yurd sevgisi, milli duyğular oyatmalı, milli dəyərlərimiz və milli mədəniyyətimiz təbliğ edilməlidir.
Muxtar respublikanın bütün müəssisə və təşkilatları “Heydər Əliyev ili”ni yüksək nailiyyətlərlə başa vurmaq üçün kəmiyyətlə yanaşı, keyfiyyət amilinə də ciddi diqqət yetirməlidirlər”.
Avqustun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar, sentyabrın 12-də isə elm və təhsil müəssisələrində qarşıda duran vəzifələrlə əlaqədar müşavirələr keçirildi.
Ötən ilin ən böyük siyasi hadisəsi sayılan prezident seçkilərinin Naxçıvan Muxtar Respublikasında da demokratik prinsiplərə və Azərbaycanın seçki qanunvericiliyinə uyğun olaraq keçirilməsi, namizədlərə bərabər imkanların yaradılması, vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq qurumların seçkilərə hazırlıq mərhələsini və seçki prosesini sərbəst şəkildə izləməsi təmin edildi.
Azərbaycanın siyasi tarixində mühüm rol oynayan və ölkənin əsas siyasi rəy mərkəzlərindən biri olan Naxçıvana seçki ərəfəsində beynəlxalq birliyin diqqəti daha da artdı. Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə gələn missiyasının muxtar respublikada fəaliyyət göstərəcək müşahidəçiləri Olena Qreçcanyuk və Vida Koren Holm, sentyabrın 25-də ATƏT-in müşahidə missiyasının rəhbəri Tana de Zuluetanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
2013-cü il oktyabrın 9-u Azərbaycanın tarixinə növbəti prezident seçkiləri günü kimi düşdü. Muxtar respublika əhalisi mütəşəkkilliklə seçkilərdə iştirak etdi və naxçıvanlılar Heydər Əliyev yolunu dəstəklədiklərini bir daha təsdiqlədilər.
Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin muxtar respublikamıza yeni təyin olunmuş Baş konsulu Əli Rza Akıncı ilə görüşdü.Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin uğurla inkişaf etdiyini bildirən Ali Məclisin Sədri möhkəm təməllər üzərində qurulan münasibətlərin məmnunluq doğurduğunu qeyd etdi və Baş konsula diplomatik fəaliyyətində uğurlar arzuladı.
Oktyabrın 31-də Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu işə başladı. Forum çərçivəsində Azərbaycana gəlmiş xarici qonaqların bir qrupu Naxçıvan Muxtar Respublikasına səfər etdi. Noyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Məclisinin Sədri Avtandil Beridze ilə görüşdü. Görüşdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı əlaqələrin qədim tarixə və dərin köklərə malik olduğu qeyd edildi, əlaqələrin yeni strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirildiyi vurğulandı. Qeyd olundu ki, hər iki muxtar respublikanın turizm, təhsil, səhiyyə, iqtisadi-ticarət və nəqliyyat sahələrindəki münasibətləri məmnunluq doğurur.
Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Jan Qabrielseni, noyabrın 28-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə görüşdü.
İlin siyasi yekunu dekabr ayının 28-də oldu. Həmin gün keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları dinlənildi, Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi təsdiq edildi. Sessiyada Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı dinlənildi və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) seçildi. Sessiya daha bir tarixi-siyasi qərarla yaddaqalan oldu. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə 2014-cü il muxtar respublikada “Muxtariyyət ili” elan edildi.   

Beləliklə, yola saldığımız il ölkəmizin, eləcə də muxtar respublikamızın tarixində həm də qazanılan siyasi uğurlarla yaddaqalan oldu. Bu uğurlar isə keçilən yolun nəticəsi, qarşıdakı illərdə qazanılacaq uğurların səbəbidir.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR