22 Dekabr 2024, Bazar

Tarix sübut edir ki, müəyyən səbəblərdən milli dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən xalqlar çətin sınaqlarda məsuliyyəti üzərinə götürmüş qətiyyətli liderlərin sayəsində mövcudluqlarını qorumuş, çətinliklərə sinə gərmiş, milli ideya ətrafında birləşmişlər. Ulu öndər Heydər Əliyev öz xalqına, Vətəninə sonsuz sədaqəti, tükənməz məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin əməyi ilə Azərbaycanın iyirminci əsr ictimai-siyasi, sosial-iqtisadi, mədəni və mənəvi həyatında dönüş yaradaraq ümummilli liderlik ucalığına yüksəlmişdir. Müdrik rəhbər böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.

Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış və ən başlıcası müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin ən böyük nəticəsi xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır.

1993-cü ildə tale Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə gətirəndə xalqın yeganə xilaskar kimi ulu öndər Heydər Əliyevi hakimiyyətdə görmək istəyi heç də təsadüfi deyildi. Çünki həmin dövrdə Azərbaycan bütünlüklə iflas həddinə çatmışdı, hüquqi dövlət quruculuğu, ədalət və qanunçuluqdan danışmaq isə, ümumiyyətlə, mümkün deyildi. Görkəmli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Əgər bu həlledici mərhələdə tarixə “Milli Qurtuluş Günü” kimi düşmüş əlamətdar hadisə baş verməsəydi, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı reallaşmasaydı, müstəqil, qüdrətli, günbəgün tərəqqi edən, yeniləşən və demokratikləşən bugünkü Azərbaycan dövləti də var ola bilməzdi.
Ulu öndərin Azərbaycan tarixində ən böyük xidmətlərindən biri də olduqca ağır şəraitdə müstəqilliyimizi xilas etmək, hüquq və ədalətə, demokratik inkişafa əsaslanan güclü dövlətçiliyin əsasını qoymaqdan ibarət olmuşdur. Məhz böyük öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqillik tarixində yeni, real dövlət quruculuğu səhifəsi açılmışdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, Azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuş, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesinin yeni mərhələsi başlanmışdır. Qısa zamanda müdrik rəhbərin dərin məntiqinin, silinməz dəst-xəttinin, zəngin siyasi təcrübəsinin və işıqlı zəkasının ən böyük bəhrələrindən biri olan Konstitusiya layihəsi hazırlanmış və geniş ictimai müzakirələrdən keçərək 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuşdur. Yeni Konstitusiya Azərbaycanda dövlət quruculuğu sahəsində fundamental islahatlara yol açmışdır. Konstitusiya sovet rejiminin institutlarını, dəyərlər kimi xalqın beyninə yeridilən ideologiyaları əbədilik tarixə gömərək demokratik inkişafın möhkəm bünövrəsini qoymuşdur. Həmin dövrdə  məhz ulu öndərin Konstitusiyanın hazırlanması işinə rəhbərlik etməsi onun mükəmməlliyini, siyasi-hüquqi akt və tarixi sənəd kimi yüksək nüfuzunu təmin edən amil olmuşdur. Beynəlxalq ekspertlər tərəfindən dünyanın demokratik konstitusiyalarından biri kimi qiymətləndirilən Əsas Qanunumuz Azərbaycanın qanunvericilik müstəvisini dünyanın mütərəqqi, demokratik dəyərləri ilə zənginləşdirməklə ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisinə çevrilmişdir. Məhz bu ali sənəddə sosial dövlət konsepsiyası öz əksini tapmış, Azərbaycan dövlətinin hər bir vətəndaşının rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalındığı bəyan edilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək bu hüquq və azadlıqların qorunması dövlət hakimiyyəti orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirilmişdir.
“Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik, vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”, – deyən ümummilli lider bununla Konstitusiyanın başlıca hədəflərini müəyyən etmişdir.
Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi və fəal iştirakı ilə məhkəmə-hüquq islahatlarının aparılması, qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyulmuşdur.
Böyük öndərin ədаlətli idаrəçilik sistemi yаrаtmаq amalı onun məhkəmə-hüquq islahatlarını prioritet məsələ olaraq məqsəd seçməsində özünü büruzə vermişdir. Məhz bu məqsədin nəticəsidir ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə məhkəmə hakimiyyəti anlayışı ilk milli Konstitusiyamızda öz əksini tapmış, Əsas Qanunda məhkəmə hakimiyyətinə verilən səlahiyyətlərə hakimlərin sərbəstliyi və müstəqilliyi daxil edilməklə ölkədə insan hüquqlarının qorunması və məhkəmə sistemində ədalət mühakiməsinin səmərəli təşkili baxımından mütərəqqi addımlar atılmışdır.
“Biz humanist, demokratik dövlət qururuq, demokratik prinsiplər əsasında yaşamaq istəyirik. İnsan hüquqlarının, insan şəxsiyyətinin qorunmasına çalışacağıq. Ancaq gərək insan da dövlətin qanunlarına riayət etsin. Dövlətin qanunlarına əməl etməyən insan dövlətin qanunları əsasında cəzalanmalıdır. Başqa yol yoxdur. Biz özbaşınalığa, hərc-mərcliyə yol verə bilmərik”, – deyən ümummilli lider Heydər Əliyev “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli Fərmanı ilə respublikada qanunun aliliyinin əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Ulu öndər Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı “İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanla insаn hüquqlаrının təminаtı istiqаmətində həyаtа keçirilən tədbirlərin mаhiyyəti və kоnsepsiyаsi dəqiq müəyyən edilmiş, bu sənədlə insаn hüquqlаrı məsələsi ümumdövlət səviyyəsinə qаldırılmışdır. İnsаn hüquqlаrının müdаfiəsi sаhəsində həyаtа keçirilən tədbirlərin səmərəliliyini аrtırmаq məqsədilə dahi rəhbər tərəfindən 1998-ci il iyun аyının 18-də xüsusi Sərəncam imzalanmışdır ki, məhz bu sərəncamla “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” hazırlanmışdır. Dövlət proqramında insan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması, Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual məcəllələrinin təkmilləşdirilməsi məqsədilə qanun layihələrinin hazır­lanması, “Prokurorluq haqqında”, “Vəkillik haqqında”, “Notariat haqqında” qanun layihələri üzrə işlərin tamamlanması, “Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanları haqqında” qanun layihəsinin hazırlanması və digər mühüm məsələlər nəzərdə tutulmuşdur.
Ulu öndərin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə yaradılmış Hüquq-İslahat Komissiyası tərəfindən işlənib hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmış, insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə məhkəmə hakimiyyətinin müstəqil fəaliyyətinə təminat vermişdir.
Qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədilə 1998-ci ilin iyul ayında Konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi yaradılmış, 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi fəaliyyətə başlamış, 2004-cü ildə məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası təsis edilmişdir.
1998-ci il iyulun 14-dən fəaliyyətə başlayan Konstitusiya Məhkəməsi ölkədə konstitusiya nəzarətini həyata keçirməklə insan hüquq və azadlıqlarına dair konstitusiya müddəalarının düzgün başa düşülməsini, həmin konstitusion normaların tətbiqinə mane olan normativ-hüquqi aktların qüvvədən salınmasını və beləliklə, insan hüquq və azadlıqlarının realizə edilməsi üçün şəraitin yaradılmasını təmin etmişdir.
Konstitusiya normalarının və bu normalar əsasında qəbul edilən aktların həyata keçirilməsinin məntiqi nəticəsi kimi qısa müddət ərzində ölkədə hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilən, insan hüquqlarının daha etibarlı  təminatına  xidmət edən, müasir tələblərə cavab verən “Prokurorluq haqqında”, “Polis haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış tədbirləri haqqında”, “Notariat haqqında” və sair qanunlar, Mülki, Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual, Vergi, Ailə, Əmək və sair məcəllələr qəbul edilmişdir.
Konstitusiyaya uyğun olaraq, Azərbaycanda demokratiyanın inkişafında yeni bir idarəçilik institutu – bələdiyyələr fоrmаlаşmаğа bаşlаmış, “Bələdiyyələrə seçkilər hаqqındа”, “Bələdiyyələrin stаtusu hаqqındа” qаnunlаr qəbul edilmiş və 1999-cu ilin dekаbr аyındа Аzərbаycаn Respublikаsındа ilk bələdiyyə seçkiləri keçirilmişdir.
Məhkəmə-hüquq islahatlarının məntiqi davamı kimi ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” 19 yanvar 2006-cı il tarixdə Fərman imzalamış, eləcə də 6 fevral 2009-cu il tarixdə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” qəbul edilmişdir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə aparılan, vətəndaşların hüquq və azadlıqlarının ədalət mühakiməsi yolu ilə qorunması prinsiplərinin inkişafına xidmət göstərən məhkəmə-hüquq islahatları Azərbaycanın bütün regionlarını əhatə etməkdədir.  Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün məhkəmələrin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil olunmasında yuxarıda qeyd edilən qanunvericilik aktları ilə yanaşı, “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanının müstəsna rolu vardır. Qeyd edilən fərmanla muхtar respublikada hüquq institutları inkişaf etdirilmiş, hüquq-mühafizə və məhkəmə оrqanlarının fəaliyyəti müasirləşdirilmiş, muxtar respublikada fəaliyyət göstərən hüquq-mühafizə və məhkəmə orqanları üçün müasir tələblərə cavab verən inzibati binalar tikilmiş, eləcə də məhkəmə orqanlarının fəaliyyətində yeni informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi istiqamətində bir sıra mühüm addımlar atılmışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Ulu öndərin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Dahi şəxsiyyətin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Ümummilli liderin Prezidentliyi dövründə respublikamız insan hüquq və azadlıqlarının, eləcə də demokratik təsisatların inkişafı ilə bağlı bir sıra mühüm beynəlxalq-hüquqi sənədlərə qoşulmuş, bütün bunların nəticəsi kimi 1996-cı ildən Avropa Şurasında “xüsusi qonaq statusu” ilə təmsil olunan Azərbaycan 2001-ci ilin yanvar ayında qurumun Nazirlər Komitəsinin qərarı ilə Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilmişdir.
Azərbaycanın hüquqi dövlət və humanizm prinsiplərinə sadiqliyini əks etdirən mühüm hadisələrdən biri Avropa Şurasına üzvlüyə qədər ölkədə ölüm hökmünün ləğv edilməsi olmuşdur. 1993-cü ildə ölüm cəzası üzərində moratoriumun qoyulması, 1995-ci ildə əfv komissiyasının bərpası, 10 fevral 1998-ci il tarixdə ölüm cəzasının tam ləğvi müdrik şəxsiyyətin daxilən yüksək humanizm, insanpərvərlik kimi keyfiyyətlərə malik olduğunun bariz nümunəsidir.
Azərbaycan Respublikasının demоkratik inkişaf yоlunda irəliləməsi, insan hüquq və azadlıqları ideyasının ölkəmizdə priоritet məsələyə çevrilməsi, cəmiyyətin müasirləşməsi və ictimai şüurda baş verən dəyişik­liklər insan hüquqlarının müdafiəsi üzrə meхanizmlər sisteminin genişləndirilməsini, ənənəvi məhkəmə müdafiəsi meхanizmləri ilə müqayisədə daha çevik qeyri-məhkəmə müdafiə vasitələrinin yaradılmasını tələb edirdi. Bu çağırışlara cavab оlaraq 2001-ci il 28 dekabr tariхli Qanunla Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Оmbudsman) təsisatı yaradılmışdır.

Bütün həyatını öz xalqına bəxş etmiş xalqımızın böyük oğlu Heydər Əliyevin dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Sənan QARAYEV
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR