22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində açıq dərs keçilmişdir. Açıq dərsdə 13 nömrəli tam orta məktəbin şagirdləri iştirak etmişlər.
Açıq dərsdə məktəbin tarix müəllimi Təhminə İbrahimova ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasından və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir araya gəlməsində dahi şəxsiyyətin həyata keçirdiyi tədbirlərdən danışmışdır. Bildirilmişdir ki, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyası XX əsrin sonlarına doğru Azərbaycan tarixinin və dövlətçiliyinin şərəfli səhifələrini yaradan ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi.

1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr – Dünya Azərbaycan türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Həmin sessiyadakı çıxışında ümummilli lideri­miz qərarın tarixi-siyasi əhəmiyyətini qeyd edərək demişdir: “Dünya Azərbaycan türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında mü­zakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”. Qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd edilmişdir. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin daha da kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, milli birliyə nail olunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmiş, Azərbaycançılıq anlayışı milli ideologiyaya çevrilmiş, xaricdə yaşayan həmvətənlərimizin Azərbaycanla əlaqələri genişləndirilmiş, milli diaspor təşkilatlarının yaradılmasına başlanılmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycana rəhbərliyi dövründə ümummilli liderimizin uzaqgörən siyasəti nəticəsində bu istiqamətdə mühüm tədbirlər reallaşdırılmışdır. Ulu öndərimizin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyin əldə edilməsində ən vacib şərt olan diaspor quruculuğu sahəsində həlledici mərhələnin başlanğıcı kimi tariximizə yazılmışdır. Bu ənənə davam etdirilmiş, indiyə qədər dünya azərbaycanlılarının 2006-cı və 2011-ci illərdə II və III qurultayları keçirilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına səbəb olmuşdur.
Ümumxalq, ümummilli bayram olan, Vətən eşqi, milli və mənəvi birlik hissləri aşılayan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il xalqımız tərəfindən böyük ruh yüksəkliyi, sabaha olan xoş ümidlərlə qeyd olunur.
Sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR