22 Dekabr 2024, Bazar

Şərur rayonu

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Şərur rayonunda genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilmiş, ulu öndərimizin bila­vasitə rəhbərliyi və daimi nəzarəti ilə yaradılan Arpaçay Su Anbarı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan yaratmışdır. Rayon sakinləri milli liderimizin rəhbərliyi ilə həyata keçirilən bu tədbirləri bu gün minnətdarlıq hissi ilə xatırlayırlar. Ümummilli lider Heydər Əliyev muxtar respublikaya səfəri çərçivəsində Şərur rayonunda olarkən demişdir: “Mən arzu edirəm ki, siz gələcəkdə öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.

Rayon sakinləri ulu öndərin bu tövsiyələrini layiqincə yerinə yetirməyə çalışırlar. Rayonda bir sıra infrastruktur layihələri həyata keçirilmiş, onlarla müasir bina inşa olunmuşdur. Demək olar ki, rayonun bütün idarə, müəssisə və təşkilatları müasir binalarda fəaliyyət göstərir. Bu isə torpaq qədri bilən, yurd təəssüblü şərurlulara yüksək səviyyədə çalışmağa imkan verir.
Bu gün ümummilli liderimizin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Şərur inkişafın yeni mərhələsinə qədəm qoymuşdur.
Dahi rəhbərin anım günündə şərurlular ulu öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad etmişlər. Dekabrın 12-də Şərur şəhərinin Heydər Əliyev prospektində ulu öndəri­mizin əzəmətlə ucalan heykəli minlərlə insanın ziyarətgahına çevrilmişdir.

Culfa rayonu

Muxtar respublikamızın bütün bölgələri kimi, Culfa rayonunun sakinləri də ümummilli liderin anım günündə Onun əziz xatirəsini böyük ehtiramla yad edirlər. Rayonun hansı səmtinə üz tutsan, orada dahi rəhbərin ideyalarının uğurla davam etdirildiyinin şahidi olarsan.
Culfa rayonu istər tarixi-mədəni, istərsə də strateji baxımdan regionun mühüm əhəmiyyət kəsb edən ərazilərindən biridir. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə digər rayonlar kimi, Culfa rayonunun da  sosial, iqtisadi, mədəni yüksəlişinə daim qayğı ilə yanaşmışdır.
Heydər Əliyev siyasətinin muxtar respublikamızda uğurla davam etdirilməsinin nəticəsidir ki, son 18 il ərzində Culfa rayonunun mövcud 24 kəndindən 13-də kompleks quruculuq işləri aparılmış, rayonda onlarla məktəb binası, səhiyyə ocağı, mədəniyyət obyekti tikilib istifadəyə verilmişdir. Culfa şəhəri aparılan abadlıq-quruculuq tədbirləri nəticəsində gözəl bir rayon mərkəzinə çevrilmişdir. Bir-birindən yaraşıqlı inzibati və yaşayış binaları, parklar, abad prospekt və küçələr, həm şəhərdaxili, həm də rayonun kəndləri arasında salınmış asfalt yollar sakinlərin rahatlığına hərtərəfli şərait yaratmışdır.
Təbii ki, görülən işlər Culfa rayonunun sakinləri tərəfindən minnətdarlıqla qarşılanır, xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi dərin hörmət hissi ilə yad edilir. Elə bu hörmətin, böyük liderə olan ehtiramın ifadəsidir ki, rayon sakinləri ulu öndərin anım günündə bir daha dahi rəhbərin əziz xatirəsini yad etmiş, Onun Culfa Rayon İcra Hakimiyyətinin qarşısındakı büstünü ziyarət etmişlər.

Babək rayonu

Yarandığı dövrdən ötən müddət ərzində Babək rayonu böyük inkişaf yolu keçmiş, Heydər Əliyev quruculuq xəttinin yaradıcı gücünün konkret bir regionda əyani ifadəsinə çevrilmişdir.
Babək rayonunun təşkil olunması ideyası ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı qurucu­luq tədbirlərinin, Azərbaycanın dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi kimi ortaya çıxmışdır. Həmin dövrdə aparılan quruculuq xətti regionları da əhatə etmiş, Naxçıvan rayonunun tərkibindən ayrılmaqla yeni rayonun yaradılması qərara alınmışdır. 1978-ci il oktyabrın 23-də təşkil olunmuş yeni rayona mərkəzi hakimiyyətin iradəsinin əksi olaraq Babək adının verilməsi ulu öndərimizin qətiyyətinin, daim Azərbaycançılıq mövqeyində dayanmasının, milli yaddaşın bərpası istiqamətində həyata keçirdiyi taleyüklü tədbirlərin nəticəsi idi.
Dekabrın 12-də ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi muxtar respublikamızın hər yerində olduğu kimi, Babək rayonunda da böyük ehtiramla yad edilmişdir. Həmin gün rayon mərkəzinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsi minlərlə insanın ziyarətgahına çevrilmişdir. Rayon sakinləri abidə önünə tər gül dəstələri qoymuş, müstəqil Azərbaycanın qurucusunun xatirəsini dərin ehtiramla yad etmiş, böyük şəxsiyyətin ölməz xatirəsi önündə baş əymişlər. İdarə, müəssisə və təşkilatların, məktəblərin kollektivləri, ictimaiyyətin nümayəndələri, bir sözlə, minlərlə insan ulu öndərin əziz xatirəsinə sonsuz məhəbbətlərini ifadə etmişlər.

Şahbuz rayonu

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi siyasətinin bəhrələri yurdumuzun hər yerində olduğu kimi, Şahbuz rayonunda da öz möhtəşəmliyi ilə görünməkdədir. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Şahbuzda iqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüş, müstəqillik illərində ulu öndərin uzaqgörən siyasəti nəticəsində bu rayonun da həyatında yeni mərhələ – inkişaf və tərəqqi dövrü başlanmışdır. Şahbuzun hər yerində, onun ən ucqar yaşayış məntəqəsində artıq hər keçən gün ulu öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu ən böyük sərvətin – müstəqilliyin bəhrələri açıq-aydın görünməkdədir. İndi rayonda aparılan hər quruculuq tədbiri, çəkilən hər yeni yol, abadlaşan hər bir kənd ulu öndərin reallaşan arzularının, onun gerçəkləşən xalqa fədakar xidmət ideallarının bir təcəssümüdür. Şahbuzlular ulu öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərinin, ölkəmizin, muxtar respublikamızın inkişafı naminə gərgin əməyinin bəhrələrini daim öz həyatlarında görməkdədirlər.
Dünən – 12 dekabr, xalqımızın ümummilli liderinin əbədiyyətə qovuşduğu gün dahi rəhbərin xatirəsi Şahbuzda da ehtiramla yad edilmişdir. Anım günündə rayon sakinləri ulu öndərə öz dərin ehtiramlarını bir daha bildirmək üçün görkəmli dövlət xadiminin Şahbuz Rayon İcra Hakimiyyəti önündə ucaldılmış büstünü ziyarət etmişlər. İnsanlar  öz dahi rəhbərinin xatirəsini dərin ehtiramla yad edərək bir daha ulu öndərin mənalı ömrü boyu Vətəninə xidmətlərini, xalqına sədaqətini və doğma torpağına sevgisini minnətdarlıqla anmışlar.

Ordubad rayonu

Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunda xalqımızın böyük oğlunun yadigarları saymaqla qurtaran deyil. Rayon iqtisadiyyatının inkişaf etdirilməsi, bölgədə yeni iş yerlərinin yaradılması, insan amilinə xidmət edən digər məqsədyönlü tədbirlərin həyata keçirilməsi ümummilli liderin Azərbaycana rəhbərliyinin hər iki dövründə diqqətdə saxlanılmışdır. Zəngin fauna və floraya, tarixi-mədəni abidələrə malik olan Ordubad şəhərinin əvvəlcə qoruq, sonra rayon ərazisinin yasaqlıq elan edilməsi, müstəqillik illərində burada milli park yaradılması, yeni istehsal mü­əssisələrinin işə salınması dahi şəxsiyyətin bu bölgəyə böyük qayğısının ifadəsi kimi indi də yaddaşlarda yaşayır. Mənsub olduğu xalqı ürəkdən sevən, onun layiq olduğu səviyyədə yaşamasını təmin edən, insanların problemlərinə həssaslıqla yana­şan dahi şəxsiyyət Heydər Əliyev ordubadlıların da qəlbində əbədi yaşayır. Ümummilli liderin əziz xatirəsi anım günündə Ordubad rayonu sakinləri tərəfindən böyük minnətdarlıqla bir daha yad edilib.
Vurğulamaq gərəkdir ki, bir vaxtlar bu qədim yurd yeri də gözdənuzaq, könüldəniraq dövrlər yaşayıb. Digər bölgələrimiz kimi, ümummilli liderimizin səyləri hesabına Ordubad da sürətli inkişaf yoluna qədəm qoyub. Bölgənin ən ucqar dağ və sərhəd kəndlərinin belə, siması dəyişib, bu yaşayış məntəqələrində tikinti-quruculuq işləri geniş vüsət alıb. Yeni tikililər qədim yurd yerinə yeni görkəm gətirib. Aparılan məqsədyönlü tədbirlər insanların həyata baxışlarını da dəyişib. Bir sözlə, Ordubad tarixiliyini saxlamaqla ən abad və füsunkar bir yurd yerinə çevrilib. Elə başa vurmaqda olduğumuz ilə nəzər salsaq, bölgədə bir sıra böyük layihələrin gerçəkləşdirildiyini, bu hesaba Ordubadın müasir və abad bir rayona çevrildiyini görərik. Rayonun simasının əsaslı surətdə dəyişməsində tikinti-quruculuq tədbirləri başlıca rol oynayıb. Ənənəvi olaraq cari ildə də belə işlər rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində də aparılıb.
Ordubadlılar dərindən dərk edirlər ki, bütün bunlar muxtar respublikada Heydər Əliyev yoluna sədaqətin ifadəsi hesabınadır. Odur ki, xalqımızın dahi oğlu rayon sakinləri tərəfindən daim minnətdarlıqla, böyük sevgi hissləri ilə xatırlanır, ümummilli liderimizin xatirəsi əziz tutulur. Bu hisslər dünən bir daha yaşanıb. Ulu öndərin anım günündə rayon sakinləri görkəmli dövlət xadimi Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə gələrək ona sevgi və ehtiramlarını bildiriblər.

Kəngərli rayonu

Dünən xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Kəngərli rayonunda da hörmət və ehtiramla anılmışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq keçirilən mərasimdə rayon sakinləri ulu öndərin əziz xatirəsini elliklə yad etməklə dahi şəxsiyyətə olan hörmət və eh­tiramlarını bir daha nümayiş etdirmişlər.
Həmin gün xalqımızın böyük oğlunun rayon mərkəzində ucaldılmış abidəsi minlərlə insanın axın etdiyi məkana çevrilmişdir.

Sədərək rayonu

Sədərək rayonu ərazisində bir çox yaşayış massivlərinin salınması, bu rayonun yaradılması, inkişafı və tərəqqisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün rayon mərkəzi olan Heydərabad qəsəbəsinin əsası hələ ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövründə qoyulmuşdur.
XX əsrin 90-cı illərinin əvvəllərində Sədərək Ermənistan tərəfindən hücumlara məruz qalmışdır. Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd kəndi olan, Naxçıvanın qala qapısı sayılan Sədərəkdə Azərbaycanın ərazi bütövlüyü uğrunda 1990-1993-cü illərdə ağır döyüşlər aparılmışdır. O zaman buradakı ağır vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu təcavüzün və işğalın qarşısının alınması üçün misilsiz xidmətlər göstərmiş, dünyanın diqqətini burada baş verən hadisələrə yönəltmişdir. Ümummilli lider Heydər Əliyev Sədərəyi “Naxçıvanın qeyrət qalası” adlandıraraq demişdir: “Muxtar respublikanın sərhəd kənd­ləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq həmişə Sədərəyin üzərinə düşmüşdür. Sədərək kəndində vəziyyət tamam başqadır. Burada əsl müharibə gedib, atışmalar olub”.
Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə Sədərək rayonunun erməni işğalından qorunması, bölgənin sosial infrastrukturunun möhkəmləndirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, sərhəd bölgəsinin sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Araz çayı üzərində Türkiyə ilə Azərbaycanı birləşdirən Sədərək-Dilucu körpüsü tikilmiş, Türkiyənin həmsərhəd vilayətlərindən Sədərəyə elektrik xətti çəkilmişdir.
Ümummilli liderin müəyyənləşdirdiyi tarixi inkişaf konsepsiyasını muxtar respublikamızda uğurla həyata keçirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ulu öndərimizin tövsiyələrinə uyğun olaraq, bu tarixi və strateji Azərbaycan rayonuna xüsusi diqqət yetirir. Sədərəklilər bu gün ümummilli liderin Sədərək rayonunun yaradılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla anırlar. Onlar qürur duyurlar ki, məhz bu rayonun mərkəzi Azərbaycan xalqının və ümumilikdə, bütün türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyır.
Dünən Sədərək rayonunda da rayon ictimaiyyətinin nümayəndələri ulu öndərin Heydərabad qəsəbəsinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət etmişlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR