Dekabrın 30-da AMEA Naxçıvan Bölməsində bu mövzuda konfrans keçirilib. Konfransda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, dekabrın 31-i Azərbaycan xalqının tarixinə və taleyinə qızıl hərflərlə yazılıb. Vurğulanıb ki, hələ ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə sovet rejiminin bütün çətinliklərinə baxmayaraq, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılarla əlaqələrin qurulması istiqamətində müəyyən tədbirlər həyata keçirilib.
31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi əbədiləşdirilməsi də əbədiyaşar liderimizin adı ilə bağlıdır. Muxtar respublika sakinləri üçün isə bu gün ikiqat qürur günüdür. Çünki dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin təcəssümü olan hadisələr ilk dəfə Naxçıvanda başlayıb və bu günün rəsmiləşdirilməsini də ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının ali hakimiyyət orqanı həyata keçirib.
Sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Müasir, müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə həmrəylik gününün tarixindən və əhəmiyyətindən geniş bəhs olunub.
Konfransa yekun vuran AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev kollektivi qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.
Xəbərlər şöbəsi