Yəqin ki, bir çoxlarımızın muxtar respublikanın yeganə hava qapısı olan Naxçıvan Beynəlxalq Hava Limanına yolu düşüb. Bakıya, Gəncəyə, İstanbula, Moskvaya getmək üçün aerokassadan bilet alıb, rahat, komfortlu təyyarələrdə istədiyimiz ünvana yetişmişik. Ancaq etiraf edək ki, heç birimiz bu prosesin hansı şəkildə həyata keçirildiyinin fərqində olmamışıq. Ötən günlərdə sözügedən limanın işi ilə yaxından tanış olan bir insan kimi deyə bilərəm ki, hər bir muxtar respublika sakininin hava yolçuluğunun başlanmasından sonunadək onlarla insan dəqiqliklə hazırlanmış qrafik əsasında əmək sərf edir, bu prosesdə ən müasir texnologiyalardan istifadə olunur, liman əməkdaşları sərnişinlərin və yüklərin təhlükəsiz şəraitdə mənzil başına çatması üçün böyük əzmkarlıq göstərirlər.
Məlumat üçün deyim ki, Naxçıvan Hava Limanı ötən əsrin 70-ci illərində tikilib və 3-cü dərəcəli təyyarələri (“YAK-40”, “AN-24”) qəbul edib. Həmin vaxt yalnız Bakı şəhərinə reyslər həyata keçirilib. Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya salınması nəticəsində aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə olub. Bu səbəbdən 1992-ci ildə, həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ulu öndərimiz Heydər Əliyev Naxçıvan Hava Limanının uçuş-enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürüb və bu iş yerli mütəxəssislər cəlb olunmaqla qısa müddət ərzində həyata keçirilib. Uçuş-enmə zolağının uzadılması nəticəsində hava limanı “TU-134”, “TU-154” tipli təyyarələri qəbul edə bilib. 2002-2004-cü illər ərzində yeni təyyarə vağzalı tikilib, 2004-cü ilin aprel ayında isə Naxçıvan Hava Limanı Beynəlxalq Hava Limanı statusu alıb.
Bəs bu gün hava limanında hansı proseslər gedir? Qeyd edim ki, liman əməkdaşları bu gün nəqliyyat prosesinin yerüstü texnikasına texniki xidmətin təşkilində elmin, texnikanın və qabaqcıl təcrübənin yeni nailiyyətlərindən istifadə edilməsinin həyata keçirilməsində böyük səy göstərirlər. Bundan başqa, hava limanı işçilərinin texniki hazırlığının, təkmilləşdirilməsinin və ixtisaslarının artırılmasının beynəlxalq tələblərə uyğun təşkil edilməsinə də xüsusi diqqət yetirilir.
Hava hərəkəti idarəsi qülləsini limanın “ürəyi” adlandırsaq, bəlkə də, səhv etmərik. Burada radiolokasiya nəzarəti və vizual müşahidə üçün dispetçer trenajoru quraşdırılıb, dispetçerlər üçün istirahət guşəsi yaradılıb. Hava hərəkəti idarəsi qülləsində yerləşən əməliyyat zalı ilə tanışlıq zamanı bu ifadənin boşuna işlənmədiyinin bir daha şahidi olduq. Əməliyyat zalından muxtar respublikanın bütün ərazisində hava hərəkətinin idarə edilməsi və nəzarəti həyata keçirilə bilər. Qüllədən ətraf ərazilər 360 dərəcədə müşahidə edilir. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş dispetçer masaları, hava-yer ultraqısa dalğalı radiorabitə sistemi, perronda hava gəmisinin hərəkətinə videomüşahidə sistemi quraşdırılıb.
Hava limanının texniki imkanları haqqında danışan limanın əsaslı tikinti və yerüstü qurğuların istismarı üzrə direktor müavini Hikmət Əhmədov deyir ki, limanın ümumi sahəsi 276 hektardan çoxdur. Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə cavab verən ikimərtəbəli aerovağzal binası saatda 300 sərnişinə xidmət göstərir. Bu aerovağzal yeni texnoloji avadanlıqlarla təmin edilib. Binada aviabiletlərin qeydiyyatı, gömrük və sərhəd xidməti nəzarət məntəqələri vardır.
Uzunluğu 3300 metr olan uçuş-enmə zolağı ağırtipli təyyarələri qəbul etməyə imkan verir. Buradan həm də uzunmənzilli uçuşları həyata keçirmək üçün ehtiyat hava limanı kimi də istifadə edilməsi mümkündür. Limanın inşası zamanı burada ərazisi 2400 kvadratmetr olan yük terminalı, sahəsi 100000 kvadratmetr olan asfalt-beton örtüklü perron, 20000 kvadratmetr sahədə yönəldici yol, aeroportun perimetri boyu 12 kilometrlik mühafizə hasarı, nəzarət-buraxılış məntəqələri, transformator stansiyası, yanacaqdoldurma məntəqəsi, yanğınsöndürmə binası və başqa mühüm obyektlər yaradılıb. Abadlıq işləri çərçivəsində 7500 kvadratmetr sahəyə asfalt döşənib. Bu gün Naxçıvan Beynəlxalq Hava Limanı Bakı, Gəncə, Moskva və İstanbul şəhərlərinə “Aerobus”, “Embraer”, “Boeing” tipli müasir təyyarələrlə cədvəl üzrə müntəzəm uçuşlar həyata keçirir. Hava limanının gələcək perspektiv planında uçuşların sayının və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.
Limanda hər bir xidmət digər xidmətlərlə əlaqəli şəkildə işləyir. Qeyd edək ki, hava limanında müasir xidmət tələblərinə cavab verə biləcək yüksəkixtisaslı gənclərin işə cəlb olunması ən böyük uğurlardan biridir. Sərnişinlərin rahatlığı və təhlükəsizliyinə cavabdeh olan hər bir xidməti və texniki işçi hava limanının, sadəcə, bir nəqliyyat müəssisəsi deyil, eyni zamanda muxtar respublikamızın ərazisinin astanası, diyarımız və onun insanları barədə ilkin təəssüratı formalaşdıran bir yer olduğunu yaxşı dərk edir.
Son illərdə hava limanında yeni layihə uğurla icra olunur, infrastruktur müasir tələblər səviyyəsinə yüksəldilir. Layihənin həyata keçirilməsində məqsəd sərnişin və yükdaşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Belə ki, yeni layihəyə əsasən, terminal binasında müasir eskalatorlar quraşdırılacaq, beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklərin tətbiqi həyata keçiriləcək. Bundan başqa, aerovağzal binasının ərazisində eyni vaxtda hər iki mərtəbədən sərnişinləri yola sala biləcək teleskopik traplar quraşdırılacaq. Müasir görünüşü ilə də diqqəti cəlb edəcək yeni dizaynlı aerovağzalda sərnişinlərə xidmət ən yüksək tələblər səviyyəsində olacaq. Liman binasında aparılan yenidənqurma işlərindən sonra hava limanının 1 saatda sərnişin yolasalma imkanları 450-500 nəfərədək artacaq. Bu həm də illik sərnişin dövriyyəsinə təsir edəcək, yerli və beynəlxalq aviareyslər daha müasir tələblər səviyyəsində həyata keçiriləcək. Bundan başqa, aerovağzal kompleksində Beynəlxalq Mülki Aviasiya standartlarına uyğun müasir tələblər səviyyəsində mexaniki və elektromexaniki vasitələrin, habelə rentgen yoxlama avadanlıqlarının quraşdırılması da nəzərdə tutulub. Binanın birinci mərtəbəsində ana və uşaq otağı, tibb məntəqəsi, VİP otaqlar və ticarət köşklərinin fəaliyyəti təmin ediləcək. Layihə çərçivəsində hava limanının ərazisində əməkdaşların səmərəli fəaliyyətinə daha yaxşı şərait yaradacaq yeni inzibati binanın tikintisi yekunlaşmaq üzrədir. Binanın tikintisini “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər. Bundan başqa, hava limanının yanacaq-sürtgü materialları anbarında da yenidənqurma işləri həyata keçirilib, ərazi genişləndirilib. Ötən illə müqayisədə TS-1 tipli təyyarə yanacağı ehtiyatı artırılaraq anbarda hər biri 1000 kubmetr olan 2 yanacaq çəni quraşdırılıb. Genişləndirmə layihəsi çərçivəsində mövcud yanacaq boru sisteminin paslanmaz boru ilə əvəz edilməsi, 1 ədəd 50 kubmetr həcmində çöküntü çəninin quraşdırılması, yanğından mühafizə məqsədilə su hidrantlarının quraşdırılması, avtomobil yanacağı məntəqəsində müasir tələblərə cavab verən yeni parkın qurulması işlərinə başlanılıb. Həmin parkda 65 kubmetr həcmli əlavə çən də quraşdırılıb. Yanacaq anbarının həyətində abadlıq işləri ilə bağlı bütün giriş-çıxış yollara – 6500 kvadratmetrə yeni asfalt örtük salınıb. Hava limanının ərazisində aparılan abadlaşdırma və yaşıllaşdırma işləri də diqqətə layiqdir. Burada dekorativ ağaclar və gül kolları əkilib, yaşıllıqlar salınıb, aerovağzal ətrafında yeni yaşıllıq zolaqları yaradılıb. Hava limanının işıqlandırma sistemi də orijinallığı və müasirliyi ilə diqqəti cəlb edir.
Hava limanı kompleksində, VİP və CİP salonlarda xidmətin nümunəvi təşkili, qonaqların qarşılanması və yola salınması üçün xüsusi qrupların hazırlanması, aviasiya təhlükəsizliyinin, gömrük xidmətinin təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Aerovağzal binasında sərnişinlər üçün ən yüksək səviyyədə iaşə xidməti göstərilir. Aeroportda sərnişinlərin yüklərinin qəbulu bölməsi də müasir avadanlıqlarla təmin olunub. Eyni zamanda terminalda sərnişin və yükdaşımalarla bağlı xidmətin səviyyəsinin yüksəldilməsi üçün kompleks tədbirlər həyata keçirilir.
Burada olarkən liman əməkdaşları üçün təşkil edilən ingilis dili kurslarında da iştirak etdik. İngilis dilinin sirlərinə dərindən bələd olan ingilis dili müəllimi Fəridə İsmayılova dedi ki, muxtar respublikaya artıq tez-tez gələn əcnəbi vətəndaşlara lazımi səviyyədə xidmət göstərilməsi üçün hava limanı işçilərinin ixtisas ingiliscəsi öyrənmələri vacibdir və bunun üçün də mütəmadi olaraq kurslar təşkil edilir. Kurslarda xarici vətəndaşlarla birbaşa təmasda olan liman əməkdaşlarına ingilis dili öyrədilir. Yaxın vaxtlarda liman əməkdaşları üçün rus dili kurslarının təşkili də nəzərdə tutulub.
Qarşıdan soyuq qış ayları gəlir. Bəs hava limanının kollektivi bu prosesə necə hazırlaşır? Qeyd edək ki, hava limanının fasiləsiz elektrik enerjisi ilə təmin olunması, yüksəkkeyfiyyətli aviasiya yanacağı və sürtgü materialları daşıyan maşınların alınıb istifadəyə verilməsi, irihəcmli yanacaq ehtiyatının yaradılması bugünkü tələblərə cavab verən şəraitin yalnız bir hissəsidir. Hava limanında son illərdə alınıb gətirilən texnikalar analoqları içində ən yeniləridir. Bu müxtəliftəyinatlı maşın və mexanizmlərlə, demək olar ki, bütün növ hava gəmilərinə xidmət etmək mümkündür.
Bu ilin fevral ayında hava limanına yeni maşın-mexanizmlər gətirilib. Təyyarə yanacağı daşıyan “MAN” markalı ağırtonnajlı avtomobil 28, “Mersedes-Benz” markalı yanacaqvuran avtomobil isə 20 tonluqdur. Sərnişinlərin rahatlığı üçün nəzərdə tutulan “Abus-6300” markalı avtobus 124 nəfərlikdir. Avtobus vasitəsilə sərnişinlər təyyarədən perrona və əks istiqamətə daşınacaqlar. Avtobusda əlillər üçün də xüsusi yerlər vardır. “ISUZU” markalı avtomaşında quraşdırılmış ambulifttipli tibbi avtomobil isə sağlamlıq imkanları məhdud sərnişinlərə xidmət göstərmək üçün nəzərdə tutulub. Soyutma sistemləri ilə də təchiz olunan avtomobildə əlil arabaları da yerləşdirilib. Hava limanına yeni gətirilmiş avtotrap və avtokonveyerlər, qoşqular və təyyarə dartıcısı, yük terminalı üçün avtoqaldırıcılar, “CAT” markalı ekskavator, 2 “Fiat-Doblo” markalı, 5 “NAZ Lifan X-60” markalı avtomobil, VİP sərnişinlərinə xidmət üçün “Mersedes-Benz” markalı yeni mikroavtobus, “Hobart” tipli təyyarə elektrik qidalandırıcısı və “TUG” markalı təyyarə mühərrikini hava ilə işə salan aqreqat da yüksək texniki göstəricilərə malikdir. Müasirtipli Skidoometr avadanlığı isə uçuş-enmə zolağında ilişmə əmsalını ölçmək üçündür.
Ümumiyyətlə, bu gün hava limanının istismarında sərnişin avtomobilləri də daxil olmaqla, 60-a yaxın maşın və texnika var. Ən son alınan texnikalar isə 35 min litr tutumu olan “MAN” markalı avtosistern, qış aylarında buzlaşmanın effektiv emal olunması üçün ABŞ istehsalı olan “Qlobal” markalı xüsusi avtomaşındır. Limanın texniki parkında istifadə olunan maşın-mexanizmlərin saz vəziyyətdə saxlanılmasına da ciddi diqqət yetirilir. Burada yaradılan şərait və ən son texnoloji nailiyyətlərin tətbiqi bütün mövsümlərdə sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir. Qış mövsümü ilə bağlı uçuş sahəsinin örtüyünün qardan təmizlənməsi, işıq-siqnal sisteminin yararlılığının yoxlanması, qarkürəyən, istilikverən avtomaşınların saz vəziyyətə gətirilməsi, qazanxana bölümündə istilik qazanlarının yoxlanması, ehtiyat hissələrinin yeniləri ilə əvəz olunması işləri başa çatdırılıb. Limanın mövsümün hadisəsiz başa vurulmasına cavabdeh xidmətlərinin maddi-texniki bazası möhkəmləndirilib. Bütün güc kabellərinin izolyasiyasının yoxlanması, dizel generatorlarına, transformatorlara, elektrik verilişi xətlərinə xidmət göstərilməsi işi yekunlaşdırılıb. Sərnişinlərin qış aylarında rahatlığının təmin olunması məqsədilə aerovağzal kompleksində profilaktik tədbirlər həyata keçirilib.
...“Yaxşı yol!” Hava limanının gözləmə salonunun önündə gülərüz liman əməkdaşları tərəfindən sərnişinlərə ünvanlanmış bu ifadəni tez-tez eşitmək mümkündür. Bu alqış sərnişinlər üçün həm də bir təminatdır. Onlar yaxşı bilirlər ki, gündən-günə inkişaf edən dövlətimizin qayğısı ilə müasirliyə doğru irəliləyən hava limanından dünyaya uzanan “Yaxşı yol”un əsası dahi rəhbərimiz Heydər Əliyev tərəfindən qoyulub və bu yolda heç bir maneə ola bilməz. Bu yolun təhlükəsiz olmasını isə qüdrətli Azərbaycan dövləti təmin edir.
Səbuhi HÜSEYNOV
Əli XUDİYEV (Foto)