Naxçıvan Biznes Mərkəzində 18 dekabr – Beynəlxalq Miqrant Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov açaraq çıxış edib. Qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 18 dekabr 1990-cı ildə qəbul etdiyi “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın qəbuledilmə tarixi 4 dekabr 2000-ci ildə Baş Assambleya tərəfindən Beynəlxalq Miqrant Günü elan edilib. Azərbaycan Respublikasında bazar münasibətlərinin inkişafı istiqamətində aparılan iqtisadi islahatlar, dünyanın aparıcı şirkətləri ilə imzalanan və artıq öz bəhrəsini verməyə başlayan kontraktlar, tarixi İpək Yolunun bərpası və Azərbaycanın əlverişli geosiyasi mövqeyi respublikaya miqrasiya axınlarının artmasına səbəb olub. Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə ölkədə bir sıra zəruri normativ-hüquqi aktlar qəbul edilib, əcnəbilərin ölkəyə gəlməsi və ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün elektron informasiya resursları formalaşdırılıb.
Miqrasiya sahəsindəki qanunvericiliyin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına uyğunlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Miqrasiya Məcəlləsinin qəbul edilməsi, miqrasiya sahəsində hüquqpozmalara görə cinayət və inzibati məsuliyyəti müəyyənləşdirən qanunvericiliyin təkmilləşdirilməsi də bu işin tərkib hissəsidir. Miqrantların qeydiyyat və uçotunun təkmilləşdirilməsi, pasport-viza, vergi, gömrük və sərhəd nəzarəti texnologiyalarının unifikasiyası, avtomatlaşdırılması və möhkəmləndirilməsi miqrasiya proseslərinin tənzimlənməsində xüsusi əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova çıxış edərək miqrantların milli qanunvericilikdə təsbit olunan hüquq və azadlıqları haqqında danışıb. O deyib ki, Konstitusiyamızın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan üçüncü fəslində nəzərdə tutulan bütün müddəalar heç də yalnız Azərbaycan Respublikası vətəndaşlarına şamil edilmir. Bu fəsildə nəzərdə tutulan bir neçə maddə istisna olmaqla, sadalanan bütün hüquqlar ölkə əhalisinin müəyyən hissəsini təşkil edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir. Konstitusiyanın 69-cu maddəsində deyilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.
Bildirilib ki, ötən dövr ərzində Konstitusiyada nəzərdə tutulmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarından həm ölkə vətəndaşlarının, həmçinin əhalinin geniş sosial qrupunu təşkil edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də səmərəli istifadəsi üçün müvafiq tədbirlər həyata keçirilib. Həmçinin ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq-müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığını təmin etmək məqsədilə bir sıra dövlət proqramları qəbul edilib. Əhalinin müxtəlif sosial qruplarının, həmçinin miqrantların da hüquqlarının təmin edilməsi həmin dövlət proqramlarında diqqət mərkəzində saxlanılıb, bu istiqamətdə konkret tədbirlər müəyyən edilib. Bununla yanaşı, insan hüquq və azadlıqlarının səmərəli müdafiə mexanizmi kimi yaradılan müvəkkil təsisatının fəaliyyətinin əsas istiqamətlərindən birini əhalinin müxtəlif sosial qruplarının, o cümlədən miqrantların hüquqlarının müdafiəsi işi təşkil edir. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, Müvəkkil Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin muxtar respublikada insan hüquqlarının pozulmasına dair şikayətlərinə də baxır. Müvəkkil Aparatında bu kateqoriyadan olan şəxslər mövcud qanunvericilik çərçivəsində qəbul edilib, onların müraciətləri araşdırılıb və problemlərinin həllinə istər miqrasiya xidməti, istərsə də digər dövlət qurumları ilə birlikdə müvafiq köməklik göstərilib.
Muxtar respublikada miqrasiya proseslərinin tənzimlənməsi mövzusunda danışan Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Fazil Ələkbərov bildirib ki, bütün sahələrdə müşahidə olunan sürətli inkişaf ölkəmizə, eləcə də muxtar respublikamıza gələn əcnəbilərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu da miqrasiya proseslərinin intensivləşməsini şərtləndirib. Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti qarşısında mühüm vəzifələr qoyulub. Bu vəzifələr sırasında əmək ehtiyatlarından səmərəli istifadə olunması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması da var. Dövlət Miqrasiya Xidməti səlahiyyətləri çərçivəsində miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqinin təşkil edilməsi, miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə ölkədəolma müddətinin uzadılması, həmçinin ölkədə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazələrinin və sığınacaq axtaran şəxslərə qaçqın statusunun verilməsi ilə məşğul olur, vətəndaşlıq məsələlərinə baxılmasında iştirak edir. Qeyd olunub ki, muxtar respublikaya gələn əcnəbilərə və onların ailə üzvlərinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Muxtar respublika ərazisində yaşayan hər bir əcnəbi burada sərbəst surətdə hərəkət edir, təhsil alır, əmək fəaliyyəti ilə məşğul olur, qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə edir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin baş əməliyyat müvəkkili İntiqam Əmirovun, “Naxçıvan” Sərhəd Diviziyasının Sərhəd nəzarəti bölməsinin rəisi Əhməd Abbasovun, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyevin çıxışları olub. Çıxışlarda Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə aparmaq üçün hüquqi və praktik baza, sərhəd idarəçiliyinə dair təcrübələr və məqsədlər, əmək bazarında müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbat haqqında tədbir iştirakçılarına məlumat verilib.
Səbuhi HÜSEYNOV