22 Dekabr 2024, Bazar

Xəbər verdiyimiz kimi, deka­brın 6-da Heydər Əliyev Muzeyində yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin “Ömrün Naxçıvan aşırımları” adlanan V cildinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimindən sonra müəllif “Şərq qapısı” qəzetinə müsahibə verib.
– Elmira xanım, bu gün sizin kitabınızın Naxçıvanda – ümummilli lider Heydər Əliyevin dünyaya göz açdığı torpaqda təqdimatı oldu. Hansı hissləri keçirirsiniz?
– Bunlar çox ülvi hisslərdir. Hər dəfə Naxçıvana gələndə mən Naxçıvanda ümummilli lider Heydər Əliyevlə birinci görüşümüzü xatırlayıram və kövrəlirəm. 20 il keçib. Amma bu 20 il ərzində baş verən hadisələrə diqqət yetirdikdə adama elə gəlir ki, böyük bir dövr keçib, böyük bir epoxa keçib. Mən ulu öndər Heydər Əliyev haqqında yazmağa o vaxtdan başladım. Artıq 20 ildir ki, mən bu işi böyük fəxrlə davam etdirirəm. Mən fəxr edirəm ki, hələ Heydər Əliyevin sağlığında onun haqqında yazılan ilk dedektiv əsər olan  “Naşirin qətli” əsərinin iki müəllifindən biriyəm. Sonralar da müxtəlif məqalələr və kitablar yazdım. Və ən nəhayətində, bu 7 cildlik roman-tədqiqat. 

Ümummilli liderimizin xeyir-duası ilə mən bu roman üzərində işlədim. Amma işlədiyim dövrlər arasında xüsusi bir məsuliyyət tələb edən dövr var idi. Bu, dahi rəhbər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü idi.
Çünki mən bilirdim ki, həm ulu öndər Heydər Əliyev üçün, həm də bütün Azərbaycan üçün bu ən dramatik, ən çətin, ən ağır, eyni zamanda ən şərəfli bir dövrdür. Ulu öndər Heydər Əliyev həmişə bu dövrlə fəxr edirdi. Mənim yaddaşımdadır; Prezident seçildikdən sonra ulu öndər Naxçıvana hər səfərində o illəri xatırlayırdı. “Siz məni qoruyub saxladınız”– ümummilli liderin naxçıvanlılara müraciət edərkən dediyi bu cümlə, yəqin ki, Naxçıvan insanının yaxşı yadındadır. Bu kitab da naxçıvanlılara çox böyük bir sevgi ilə yazılan kitabdır.
Ümummilli liderimiz Heydər Əliyevin adını və dəyərlərini özündə yaşadan bu tarixi məkanda – Heydər Əliyev Muzeyində ulu öndərimizin o illərdə ən yaxın ideya silahdaşlarından biri olmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü, yüksək diqqət və qayğısı ilə bu təqdimat mərasimi keçirildi.
Mən çox istərdim ki, xüsusilə bizim cavanlarımız bu kitabı oxusunlar. Çünki bu kitabda çox böyük tarixi həqiqətlər var. Bu kitabda 3 illik qısa, amma böyük tarixi hadisələrlə zəngin bir dövr əks olunub. SSRİ-nin dağılması, Azərbaycanda hakimiyyət qarışıqlığı, ümummilli lider Heydər Əliyevin Sovet İttifaqının dağılmasına münasibəti, ölkədə baş verən qiyam və separatçı hərəkatlar, digər bütün hadisələr təfərrüatı ilə burada əksini tapıb.
O dövrün həqiqətlərini az adamlar bilir. Bilirsiniz, indi miflər yaranıb. Hətta bəziləri indi çıxıb deyirlər ki, biz o vaxtı belə vuruşurduq, belə mübarizə aparırdıq. Əslində, axı belə deyil. Gənc nəsil həqiqəti az bildiyi üçün, tarixi dövrün şahidi olmadığı üçün bunlara inana bilər. Ona görə belə kitablar çox lazımdır ki, həqiqətlər insanlara məlum olsun. Gənclər həqiqəti bilsinlər, faktları bilsinlər. Bəzən görürsən ki, o zaman ümummilli liderin yanında olmayanlar, ulu öndər Heydər Əliyevlə birgə Azərbaycanın dövlətçiliyinin qorunması uğrunda bircə addım da atmayanlar indi bəzən çıxıb deyirlər  ki, mən belə qəhrəmanlıq göstərmişəm və sair. Bax bu kitab bütün o cür cəfəngiyyatı dağıdır.
Ümummilli liderimiz Heydər Əliyev həmişə bizə deyirdi: “Həqiqəti yazın!” O, bizə həqiqəti yazmağı tövsiyə edirdi. Həqiqət isə ondan ibarətdir  ki, o vaxt ulu öndər Heydər Əliyevi qanı və canı bahasına qoruyan insanlar olub. Həqiqəti həqiqət kimi yazmaq lazımdır. Həqiqəti görmək lazımdır. Amma bəzi adamlar həqiqəti görmək istəmirlər. Həmişə müstəqil jurnalistikada çalışan bir insan kimi həqiqəti yazmağı üstün tutmuşam və ümummilli lider Heydər Əliyevin bizə – jurnalistlərə tövsiyələrini əsas götürmüşəm.
– Siz təqdimat mərasimində Naxçıvanın dünəni və bu günündən danışdınız. O zamankı ağır vəziyyəti və bu günün reallığını çox gözəl ifadələrlə təsvir etdiniz. Siz o zaman bir mətbuat nümayəndəsi kimi ümummilli liderlə ünsiyyətdə olmusunuz və yəqin ki, bu mövzuda fikirlərini eşitmisiniz. İndi ümummilli liderin sizə tövsiyə etdiyi həqiqət meyarına əsaslanaraq deyin: Naxçıvan ulu öndər Heydər Əliyevin görmək istədiyi Naxçıvandırmı?
Bəli, əlbəttə ki, bu, ümummilli lider Heydər Əliyevin görmək istədiyi Naxçıvandır. Biz indi Bakıda Naxçıvan haqqında eşidirik və yaxud gəlib buradakı inkişafın şahidi oluruq. Burada iqtisadi inkişaf yüksək sürətlə gedir, istehsal genişlənir, hətta Naxçıvan avtomobil istehsal edir. O zaman isə bunu heç xəyal etmək belə olmazdı. Naxçıvana gəlirsən, burdan getdikdən qısa müddət sonra yenidən Naxçıvana qayıdanda görürsən ki, şəhər necə sürətlə dəyişir, necə sürətlə inkişaf edir.
Naxçıvanın bu inkişafının bir səbəbi var. Bu, birbaşa ümummilli lider Heydər Əliyevin siyasi ideallarını, arzularını reallaşdırmağı qarşıya məqsəd qoyan, onun dövlətçilik yolunu yaxşı bilən rəhbərin iradəsinin nəticəsidir. Elə buna görə də ümummilli lider Heydər Əliyev əbədiyaşar liderdir. Onun yolunu cənab Prezident İlham Əliyev uğurla davam etdirir, yaşadır, Naxçıvan Muxtar Respublikasında isə bu işi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri uğurla həyata keçirir.
Bunu tək mən demirəm. Bunu tədqiqatçılar və sosioloji mərkəzlər deyir. Bizim inkişafımıza dünya qibtə edir. Qibtə etməklə yanaşı, bizim inkişafımıza zərbə vurmaq istəyənlər də çoxdur. Biz bunu da başa düşməliyik, bunu da bilməliyik. Ona görə biz bax bu sabitliyi göz bəbəyi kimi qorumalıyıq. Biz bilirik, nədir qeyri-sabitlik. Azərbaycan bunu görüb, Naxçıvan bunu görüb. Biz qüdrətli olmalıyıq. Azərbaycan daha qüdrətli dövlətə çevrildikcə bütün problemlərimiz bizim xeyrimizə həllini tapır.
– Maraqlı müsahibə üçün çox sağ olun!

Müsahibəni hazırladı:
Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR