22 Dekabr 2024, Bazar

Ulu öndər Heydər ƏLİYEV: Mən ümumiyyətlə demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim. O, sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər.

Siyasi fəaliyyətdə uğur qazanmaq üçün ictimai inam və etibar başlıca şərtdir. Yalnız öz fəaliyyətini xalqa layiqli xidmət prinsipi üzərində quran və bunu əməli işi ilə sübuta yetirən şəxslər yüksək etimada layiqdirlər. Elə bu səbəbdən də ictimai rəyə əsaslanan, insanların maraq və mənafeyinə xidmət edən siyasi fəaliyyət hər zaman dəstəklənir, təqdir olunur. Müstəqillik dövründə muxtar respublikada inkişafın mükəmməl modeli yaradılmışdır. Bu model dövlət müstəqilliyimizin və davamlı inkişafın qarantı olan Heydər Əliyev siyasi xəttinə sonsuz sədaqət və xalqa xidmət prinsipləri üzərində qurulmuşdur.
Böyük fransız maarifçisi Volter vaxtilə yazırdı ki, “İş ideya üçün yaranmır – ideya iş üçün yaranır”. Bu illərdə Naxçıvan Muxtar Respublikasının keçdiyi hərtərəfli inkişaf yolu da məhz xalq və dövlət üçün formalaşan ideyanın real həyatda təzahürünə çevrilmişdir. Bu gün Naxçıvanda hansı sahəyə baxsan, orada kompleks islahatların aparıldığının şahidi olursan. Ötən dövr ərzində elə böyük nailiyyətlər əldə edilmişdir ki, bu uğurların blokada şəraitində qazanılması inanılmaz gerçəklikdir. Naxçıvanın inkişafdan intibaha qovuşması düzgün idarəetmənin nəticəsi, Vətən sevgisinin, yurd sahibliyinin misilsiz nümunəsidir.

Naxçıvan Muxtar Respublikasında sosial həyatın bütün sahələrində analoqu olmayan uğurların qazanılmasında bir başlıca səbəb vardır: o da ulu öndərimizin yoluna sədaqət və bu yolun davam etdirilməsidir. Müdriklərin fikrinə görə, “Qısa vaxtda böyük izlər qoymaq hər şəxsə qismət olmur. Bunu edənlər əsl siyasi xadimlərdir”. Muxtar respublikamızda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nəticələr seçilən düzgün siyasi xəttin bəhrəsi olmaqla yanaşı, həm də rəhbər faktorunun real siyasi fəaliyyətdə təsdiqidir. 1996-cı ildən ötən dövrdə muxtar respublikada bütün makroiqtisadi göstəricilərin artım tempi təmin edilmiş, 2013-cü ildə Ümumi Daxili Məhsulun həcmi 1995-ci ilə nisbətən 54 dəfə, sənaye məhsulunun həcmi 95 dəfə, əsas kapitala yönəldilən investisiyalar 340 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 9 dəfə, nəqliyyat sektorunda yük daşınması 24 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 107 dəfə, pərakəndə əmtəə dövriyyəsi 30 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 47 dəfə, ixracın həcmi 201 dəfə, əhalinin gəlirləri isə 55 dəfə artmışdır. Bir sıra əsas göstəricilər baxımından son illərdə yaradılmış iqtisadi potensial və qazanılmış uğurlar muxtar respublikamızın yarandığı 1924-cü ildən keçən 70 ildən artıq bir dövrdə əldə olunanları xeyli üstələyir. Diqqəti bir fakta cəlb edək: əgər 1996-cı ilə qədər muxtar respublikada ümumilikdə 56 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, ötən 18 ildə onların sayı 8 dəfə artaraq 438-ə çatmışdır.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, cəmiyyətin inkişafının əsas şərtlərindən biri elm və təhsildir. Müasir dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılmasında, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasında bu, vacib məsələdir. Bu baxımdan Naxçıvandakı elm və təhsil qurucu­luğu regionda yeniləşmənin əsas hərəkətverici qüvvəsi rolunu oynayır. Vaxtilə tarixinin orta əsrlər dövrü belə, lazımi səviyyədə tədqiq edilməyən Naxçıvanın bu gün 5 min illik tarixə malik şəhər mədəniyyəti öyrənilmiş, ilkin yaşayışın və şəhərsalma yerinin arqumentləri kimi Naxçıvandakı tarixi abidələrin pasportlaşdırılması işi başa çatdırılmış, Naxçıvan Duzdağ mədəniyyəti yeni elmi istiqamət kimi müəyyənləşdirilmiş, aktual məsələlərə həsr olunmuş beynəlxalq konfrans və simpoziumlar keçirilmişdir. Ali Məclis Sədrinin xüsusi Sərəncamı əsasında “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması da bu qədim yurdun keçmişinin yaşadılmasına, bu günün yaradılmasına və gələcəyinin təmin edilməsinə olan dərin inamın göstəricisidir.
Təhsil infrastrukturunun yenilənməsi, yeni məktəb binalarının tikilməsi dünya təhsil sisteminə inteqrasiya istiqamətində atılan mühüm addımlardır. 1996-cı ildən başlayaraq muxtar respublikada müasir informasiya texnologiyaları ilə təmin olunmuş 220 məktəb binası istifadəyə verilmiş, orta ixtisas və ali təhsil məktəbləri üçün tədris korpusları tikilmişdir. Bu gün Havuş, Bist, Nəsirvaz, Kükü, Şahbulaq, Teyvaz kimi ucqar dağ kəndlərinin məktəblərində şagirdlərin kompüterlərdən, elektron lövhələrdən, müasir laboratoriyalardan, fondunda on minlərlə ədəbiyyat olan kitabxanalardan və internetdən istifadə etməsini təkcə təhsilin inkişafı sahəsində görülən cari işlər kimi səciyyələndirmək olmaz. Bu, bütövlükdə, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi, xalqın və dövlətin gələcək müqəddəratına hesablanmış “İqtisadi resursların insan kapitalına çevrilməsi” prinsipinin konkret bir regionda əməli iş müstəvisinə keçirilməsinin əyani ifadəsidir.
Naxçıvan Muxtar Respublikasında rayonların tarazlı inkişafı təmin edilmiş, kəndlə şəhər arasındakı fərq aradan qaldırılmışdır. Şəhər və rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində istifadəyə verilən yeni sosial obyektlər, tikilən inzibati binalar, yaradılan istehsal sahələri, açılan iş yerləri, ilk növbədə, əhalinin sosial problemlərinin həllinə və nəticə etibarilə insanların məskunlaşmasına, bölgələrin inkişafına səbəb olmuşdur. Zəngin tarixi və mədəniyyəti, gözəl təbiəti ilə seçilən qədim Naxçıvan bu gün həm də yüksək yaşayış səviyyəsi, abad yaşayış məntəqələri ilə Azərbaycanın nümunəvi regionlarından birinə çevrilmişdir.
İntibaha qovuşan müasir Naxçıvanın inkişafında əsas xarakterik cəhətlərdən biri də ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasıdır. Muxtar respublikada bu iki amil həyata keçirilən islahatların prioritet istiqamətini təşkil edir. Əgər 1996-cı ildə muxtar respublikada 1 su elektrik stansiyası vardısa, hazırda elektrik stansiyalarının sayı 6-ya çatdırılmış, yaşayış məntəqələri tamamilə qazlaşdırılmışdır. 2009-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin etibarlı ərzaq məhsulları ilə təminatına dair və 2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının qəbul olunması və icrası muxtar respublikada yerli istehsalın həcminin artmasına, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına geniş imkanlar yaratmışdır. Bir zaman zəruri ərzaq və sənaye məhsullarına olan tələbatını tamamilə idxal hesabına ödəyən muxtar respublikada bu gün 106-sı ərzaq, 226-sı qeyri-ərzaq olmaqla, 332 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir, Naxçıvanın ixrac potensialı artırılır.
Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, dövlətimizin ən qiymətli sərvəti onun vətəndaşlarıdır. Məhz bu prinsip üstün tutulmaqla əhalinin sağlamlığının qorunması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası muxtar respublikada səhiyyə sahəsində reallaşdırılan mühüm islahatlardandır. 1996-cı ildən ötən dövrdə muxtar respublikada 230-a yaxın səhiyyə ocağı tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Müasir diaqnostika-müalicə və doğum mərkəzlərində, rayon mərkəzi xəstəxanalarında, dispanserlər, sahə xəstəxanaları, həkim ambulatoriyaları və feldşer-mama məntəqələrində insanların müayinə və müalicəsi günün tələbləri səviyyəsində təşkil olunmuşdur.
Muxtar respublikada həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı ön planda saxlanılır. Buna yüzlərlə misal gətirmək olar. Elə götürək son illər şəhər və rayon mərkəzlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirlərini. Muxtar respublikanın mövcud təbii potensialından istifadə edilməklə yüksək mühəndis-texnoloji yeniliklər əsasında aparılan bu işlər ən müasir infra­strukturun və insanların kommunal-məişət şəraitinin yaxşılaşdırılmasına hesablanıb. Müasir dövrdə inkişafın başlıca şərtlərindən biri olan informasiya-kommunikasiya texnologiyalarının təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə geniş tətbiqi, elektron kitabxanaların yaradılması, əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün yeni nəsil ATS-lərin quraşdırılması, hətta ucqar dağ kənd­lərinin fiber-optik bağlantılarla təmin olunması və genişzolaqlı internet xidmətinin göstərilməsi inkişafın  tərkib hissələridir.
Görülən işlər muxtar respublikada insanların yaşayış səviyyəsini də yaxşılaşdırmışdır. Təkcə 2013-cü ildə əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 358 min kvadratmetrdən artıq yaşayış sahəsi tikilmişdir ki, bu da 1995-ci illə müqayisədə 21 dəfə çoxdur.
Əldə olunan nailiyyətlər muxtar respublikanın keçdiyi intibah yolunun bəhrələridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanın inkişafı barədə demişdir: “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir”.
Müasir Naxçıvan bu gün tərəqqi və inkişafın ən yüksək zirvəsindədir. Bu zirvədən baxdıqda insan iradəsinin, zəhmətinin nəyə qadir olduğu aydın görünür. Artıq naxçıvanlıları nə ərzaq və enerji qıtlığı, nə blokada çətinlikləri, nə də düşmən təhlükəsi qorxudur. Bu gün muxtar respublikada əhalinin həyat səviyyəsi getdikcə yüksəlir, insanların torpağa bağlılığı, yurd sevgisi artır, yaşayış məntəqələri müasirləşir, əsas ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir, torpaqlarımız güclü və nizami ordu hissələri tərəfindən qorunur, Naxçıvan şəhəri zirvə görüşlərinə, beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir...
2014-cü ildə Naxçıvan muxtariyyətinin 90 yaşını qeyd edəcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2013-cü il dekabrın 28-də keçirilmiş dördüncü çağırış səkkizinci sessiyasında Ali Məclisin Sədri tərəfindən 2014-cü il Naxçıvanda “Muxtariyyət ili” elan olunmuşdur. Şübhəsiz ki, “Muxtariyyət ili”ndə də Naxçıvanda hərtərəfli inkişaf təmin ediləcək, abadlıq-quruculuq işlərinin həcmi, sosial-iqtisadi inkişaf dinamikası və əhalinin rifah halı daha da artacaq, 2014-cü il tariximizə daha bir yüksəliş və tərəqqi dövrü kimi yazılacaqdır.

Xarizmatik şəxsiyyətlər siyasi varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edir, gələcəyə hesablanmış ideoloji-siyasi və iqtisadi əsaslara söykənən güclü idarəetmə modeli yaradırlar. Artıq belə bir model göz qabağındadır – bu, inkişafın “Naxçıvan modeli”dir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR