22 Dekabr 2024, Bazar

Konstitusiyanın qəbul edilməsinin 15 illiyinə həsr olunmuş tədbirlər keçirilir

Dünən Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsinin 15 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq bildirib ki,  Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il Moskva və 13 ok­tyabr 1921-ci il Qars beynəlxalq müqavilələri ilə qoyulub. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilib. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Kon­stitusiyası qəbul edilib.

Bildirilib ki, 1998-ci il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Azərbaycan Konstitusiyası əsasında hazırlanmış yeni Konstitusiyası muxtar respublikanın Ali Məclisində qəbul edilib və həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunub. Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Konstitusiyası ilə üzvi surətdə bağlı olan bu Konstitusiyası qəbul edilərkən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, haqq-ədalətə, qanuna əsaslanaraq Naxçıvan Muxtar Respublikasının əhalisinin layiqli həyat səviyyəsini təmin etmək, güzəranını yaxşılaşdırmaq, Naxçıvan Muxtar Respublikasında Konstitusiya çərçivəsində demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat vermək, qanunun aliliyini qorumaq kimi niyyətlər bəyan edilib.
Sonra konfransda “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsinin ictimai-tarixi şəraiti” mövzusunda institutun Humanitar və təsviri incəsənət kafedrasının baş müəllimi Ələkbər Cabbarlının, “Qanunumuz haqq yolumuzdur” mövzusunda Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Rövşən Vəliyevin məruzələri olub.

Səbuhi HÜSEYNOV

*   *   *

Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasının Konstitusiyası dövlətçilik rəmzidir” mövzusunda tədbir keçirilmişdir. Tədbiri universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyan, demokratik quruluşa təminat verən ali hüquqi sənəddir. Rektor Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsinin 15-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) bu münasibətlə ali və orta ixtisas təhsili müəssisələri arasında keçirdiyi hüquq olimpiadasında I, II və III yerlərin qaliblərinin məhz universitetin qeyri-hüquq ixtisasında təhsil alan tələbələrinin olmasını yüksək qiymətləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, universitetin Hüquq fənləri kafedrasının müəllimi İlqar Mirzəyev mövzu ilə bağlı məruzə etmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının muxtar respublikanın konstitusion statusunun və Naxçıvanın muxtariyyətinin əsası kimi əhəmiyyətindən bəhs edən məruzəçi muxtar respublikanın muxtariyyət statusunun formalaşması, Konstitusiyasının yaranması tarixinə nəzər salmış, Naxçıvan Muxtar Respublikasının dördüncü Konstitusiyasının 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq edildiyini xatırlatmışdır. Bildirilmişdir ki, 6 fəsildən və 50 maddədən ibarət Konstitusiya Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağa, demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna və qanunun aliliyinə təminat verir.
Məruzədə həmçinin Konstitusiyanın Naxçıvan Muxtar Respublikasının statusunu müəyyənləşdirən, suverenliyini ifadə edən, qanunvericilik hakimiyyətini təsdiqləyən, əsas insan və vətəndaş hüquqları və azadlıqlarını əks etdirən fəsil və maddələri təhlil olunmuşdur.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR