22 Dekabr 2024, Bazar

XX əsrin sonlarında yenidən müstəqillik qazanmış Azərbaycan xalqına öz suverenliyini qorumaq üçün dövlətin əsas atributlarından biri olan güclü ordu lazım olub. Ancaq bədnam qonşularımızın təcavüzü nəticəsində qondarma Dağlıq Qarabağ problemi ortaya atılıb və dövlətimiz ordu quruculuğunu ərazi bütövlüyünü təmin etməklə paralel həyata keçirmək məcburiyyətində qalıb. Belə şəraitdə psixoloji cəhətdən güclü, həmçinin yüksək hazırlıqlı ordunun yaranması günün ən vacib məsələsi kimi ortaya çıxıb. Ümummilli liderimiz Heydər Əliyevin böyük səyləri ilə Azərbaycan Ordusu formalaşmağa başlayıb və görülən işlər nəticəsində ordumuz regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevrilib. Bu gün fəxrlə deyə bilərik ki, müstəqil Azərbaycanın Silahlı Qüvvələri istənilən hərbi tapşırığı qısa müddətdə və yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir.

Hərbi-strateji baxımdan region üçün böyük əhəmiyyət kəsb edən Naxçıvan Muxtar Respublikası ordu quruculuğu sahəsində həyata keçirilən ciddi və məqsədyönlü tədbirlər nəticəsində, sözün həqiqi mənasında, düşmən qarşısında alınmaz qalaya çevrilib. “Hər bir Azərbaycan vətəndaşı vətənpərvərdir. Öz torpağının, öz ordusunun qeyrətini çəkir. Bizim keçdiyimiz yol da Azərbaycan xalqının nə qədər qüdrətli bir xalq olduğunu göstərir. Bu gün hər bir Azərbaycan vətəndaşı silah götürüb torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmrinə hazırdır. Bu, onu göstərir ki, Azərbaycanda xalqla ordu birdir. Bu birliksə mütləq Azərbaycanın müstəqilliyini daimi edəcək, torpaqlarımızın azad olunmasına şərait yaradacaq”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun regionda ordu qurucu­luğu sahəsində həyata keçirdiyi tədbirlər öz bəhrəsini verib, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı hərbi birləşmələrinin maddi-texniki bazası gücləndirilib, hərbi hissələrdə hərtərəfli xidmət şəraiti yaradılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin maddi-texniki təminatı müasir tələblər nəzərə alınaraq möhkəmləndirilir, əsgərlər üçün məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Ordumuzun Naxçıvan Muxtar Respublikasındakı birləşmə və hissələrinin döyüş qabiliyyəti və peşəkarlığı artırılır.
Qeyd etdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının müdafiəsinin etibarlı təminatı hər zaman diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə atılan növbəti addım ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dekabrın 18-də Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Fərman imzalaması oldu. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasın­­da Əlahiddə Ümumqoşun Ordusu yaradılıb.  
Hərbi hissələrə hər səfərimiz zamanı daha bir yeniliyin şahidi oluruq və bir daha bu qənaətə gəlirik ki, indi bizim bir əsgərimiz düşmənin on hərbçisinə cavab verməyə qadirdir. Ordu həyatında kimliyindən asılı olmayaraq,  öz peşəsinin əzəmətliliyinə görə qürur hissi keçirməyən hərbçi yoxdur. Bu gün Azərbaycan hərbçisi yalnız bir ideya və amalla yaşayır. Bu ideya Vətənə layiqincə xidmət etmək, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməkdən ibarətdir. Qonağı olduğumuz Culfa rayonundakı “N” hərbi hissədə də bunun bir daha şahidi olduq. Onu da gördük ki, hərbçilərimiz öz məqsədlərinə kor-koranə yox, hərbi biliklərə dərindən yiyələnməklə, müasir silahların sirlərinə bələd olmaqla çatmaq istəyirlər.
Deyirlər, general olmaq istəməyən əsgər əsgər deyildir. Gənc zabitlərimizlə söhbətlərimizin bir çoxunda bu fikir dilə gətirilir:  ordu həyatında ixtisas üzrə yüksək pilləyə yalnız o şəxs qalxa bilər ki, hərbi əxlaq və bilik xəzinəsində özünə yer tapmış olsun, həmçinin öz döyüşçü ruhuna, müqəddəs amalına uyğun gələn dəyərli bilgiləri həmin xəzinədən almaq ehtirası sönməsin.
Əsgər Elnur Abdullayev deyir ki, hərbi xidmət çağı insanın daha yaxşı dərketmə dövrünə düşəndə mənəvi qazanc, mətinlik məktəbindən qazanılan biliklər daha çox olur. İstəyirəm ki, döyüş sınağı da bunun üzərinə gəlsin. Yəni öz biliklərimi, komandirlərimizin mənə öyrətdiklərini döyüşdə, düşmən üzərinə son və qəti hücumda sınaya bilim, onlardan qisas alım, qələbəni görüm, bu sarıdan tale üzümə gülsün. Bilim ki, Vətənim, xalqım üçün nəsə etdim. Bu həm də mənim üçün özünütəsdiqdir.
Hərbi hissə komandiri ilə söhbətimiz isə hərbi təlim-tədris prosesinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı olur. Komandir deyir ki, hərbi təlim-tədris prosesini səmərəli şəkildə həyata keçirmək ordunun döyüş qabiliyyətinin yüksəldilməsinin əsasını təşkil edir. Bu vəzifənin layiqincə yerinə yetirilməsi hərbi pedaqoji-psixoloji prosesin nailiyyətlərini dərindən dərk edərək tətbiq etmək qabiliyyətinə malik zabit heyətindən çox asılıdır. Yaxşı zabit yaxşı əsgər, yaxşı əsgər isə düşmən üzərində  tam qələbə deməkdir. Əgər zabit təlimlərdə, mənəvi-humanitar hazırlıq dərslərində hərbi intizamdan, nizamnamə qaydalarından və onun mahiyyətindən ağızdolusu danışırsa, əməli işlərində, gündəlik xidməti vəzifələrin icrasında və onun yerinə yetirilməsində səylə çalışmırsa, intizam qaydalarını pozursa, demək, qazandığı biliklər əqidəyə çevrilməmişdir, onun xidməti formal xarakter daşıyır, yetişdirdiyi əsgər də parlaq gələcək vəd etmir. Ona görə də əsas iş gənc zabitlər  üzərində qurulub. Bu gün sıralarımızda xidməti vəzifəsinə soyuq yanaşan zabitlər yox dərəcəsindədir.
Rabitə, artilleriya, istehkam, qarovul xidməti və digər sahələrdə əsgərlərin bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən məşğələlərdə iştirak edirik. Gənc zabitlər müasir rabitə vasitələri, bu vasitələrdən istifadə qaydaları, taktiki-texniki göstəricilər haqqında məlumat verir, əsgərləri maraqlandıran sualları cavablandırırlar.  
Xidmət keçən əsgər və zabitlərimiz üçün yaradılan məişət şəraiti barədə oxucularımıza qısa da olsa, məlumat vermək istərdim. Yəqin ki, bu təkcə övladları hərbi xidmətdə olan valideynlər üçün deyil, hər bir ata-ana üçün də maraqlıdır.
Burada kiçik bir haşiyə çıxaraq qeyd etmək istərdim ki, 1994-cü ilin mart-may aylarında mən də bu hərbi hissədə xidmət etmişəm. O zaman hərbi hissə kiçik tikililərdən, şəraiti olmayan yataqxanalardan ibarət idi. Geyim, ərzaq qıtlığı hər an özünü büruzə verirdi. İndi isə buraya gələrkən tam başqa bir mənzərə ilə qarşılaşdım. Açığını deyim ki, qarşılaşdığım bu möhtəşəm mənzərəni, ötən illər ərzində hərbi hissədəki dəyişiklikləri sözlə ifadə etmək çox çətindir. Bunu gözlə görmək lazımdır. Əsgərlərimizin xidmət şəraitini, geyimini, yeməyini, silah-sursatını görəndə bir daha əmin olursan ki, bu gün ordumuz, həqiqətən də, layiq olduğu diqqət və qayğı ilə əhatə edilib. İsti evi xatırladan, hər cür məişət şəraiti olan əsgər yataqxanaları, yeməkxanalar, məişət otaqları, istirahət guşələri, idman qurğuları ordumuzda ötən illər ərzində baş verən böyük dəyişikliklərdən xəbər verir.

Bu mənzərəyə bir də sıralarda şux addımlayan, dağ vüqarlı əsgərlərimizin qələbə əzmini, döyüşkənlik yağan çöhrələrini, əzəmətli baxışlarını da əlavə etsək, tam qətiyyətlə deyə bilərəm ki, bütün bunları dəyişiklik yox, ordu quruculuğu sahəsində inqilab adlandırmaq daha doğru olar. Möhtəşəm inqilabın ideoloqu isə ulu öndərimizdir. Bu həm də ordu quruculuğu sahəsində Heydər Əliyev ideyalarının qədim oğuz-türk məskənində, Naxçıvanskilər, Kəngərlilər yurdunda təntənəsi, zəfəridir.  İndi Vətənimizin keşikçiləri ilə söhbətlərin bir yekunu, bir nəticəsi, bir ortaq məxrəci var. Bu da ondan ibarətdir ki, müharibə başlasa, qələbə çalmaq çox qısa vaxt aparacaq. Düşmən bu gün ən müasir silahlarla təchiz edilmiş ordumuzun, qəlbi Vətən hissi ilə alışıb-yanan, tökülən qanları yerdə qoymaq istəməyən vətən oğullarının qarşısında tab gətirə bilməz. Lap ötən əsrin sonlarındakı kimi, havadarları tökülüb gəlsə belə.  Bu gün, hələlik, keşik çəkilən səngərlər sabah qələbəyə aparacaq cığırlardır. Onların sonu mütləq qələbə zirvəsi olmalıdır. Başqa yol yoxdur.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR