22 Dekabr 2024, Bazar

Babək Rayon Mədəniyyət Evində səhiyyə işçilərinin iştirakı ilə 20 Yanvar hadisələrinin 24-cü ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Babək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəlil Cəfərəliyev açmış, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Nehrəm Kənd Sahə Xəstəxanasının baş həkimi Hüseyn Niftəliyev çıxış edərək qeyd etmişdir ki, xalqımızın milli azadlıq prosesində 20 Yanvar faciəsi son məqsədə çatmaq, müstəqil dövlətçilik ənənələrini bərpa etmək uğrunda mübarizədə mühüm mərhələdir. 20 Yanvar hadisələri bizi bütün dünyaya öz tarixi adət-ənənələrinə bağlı, müstəqil yaşamağa qadir, eyni zamanda əyilməz bir xalq kimi tanıtdı. 20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq tarixində şərəfli bir səhifədir. Qeyd olunmuşdur ki, ilk dəfə olaraq ulu öndərimiz tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir.

Ümummilli liderimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul olunmuşdur. Bu qərarda 20 Yanvar hadisələrinə siyasi qiymət verilmiş, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilmişdir. Qərarda 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması da öz əksini tapmışdı. 1992-ci il yanvarın 13-də “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuş, ulu öndərimizin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmiş, 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsi xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Babək Rayon Mərkəzi Xəstəxanasının ilk partiya təşkilatının sədri Hüseyn İsmayılov, xəstəxananın baş həkim müavini Vəliqulu Həsənov və həkim Leylan Həsənova çıxış etmişlər. Çıxışlarda bildirilmişdir ki, 20 Yanvar faciəsinin qurbanları zaman ötdükcə yaddaşımızda, qəlblərimizdə əbədiləşmiş, azadlığın rəmzi abidəsinə, heykəlinə çevrilmişdir. Bugünkü gənclik nikbindir, 20 Yanvarla, o gecənin tarixə düşən qəhrəmanlarıyla qürur duyur; xalq kimi, millət kimi sınmadığımız, əyilmədiyimiz, məğlub olmadığımız üçün öyünür. Bu, qan yaddaşımıza yazılmış faciəli tariximizdir, eyni zamanda qəhrəmanlıq salnaməmizdir. Əsrlər keçsə də, 1990-cı ilin 20 Yanvar hadisəsi heç vaxt yaddan çıxmayacaq, dönə-dönə xatırlanacaqdır. Şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar.

*   *   *

Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Aynur Mustafayeva  çıxış edərək xalqımızın faciəvi, eyni zamanda tariximizin şərəfli səhifəsinə çevrilən 20 Yanvar hadisələrinin dəhşətlərindən bəhs edib. Bildirilib ki, həmin gecə Azərbaycan xalqı müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxaraq ağır hərbi texnikanın, təpədən dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxdı, Vətənimizin qəhrəmanlıq salnaməsində daha bir səhifə yaratdı.
Ulu öndərin təşəbbüsü ilə bu qanlı faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini vurğulayan  məktəbin direktoru qeyd edib ki, bu faciə milli birlik və ləyaqətimizi sübut etməklə, bütövlükdə, zülmə, əsarətə qarşı mübarizə rəmzinə çevrilib. Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, qondarma Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlıların indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından zorla çıxarılması, süqutu labüd olan işğalçı sovet imperiyasının özünüxilas cəhdləri Azərbaycan xalqını müstəqillik uğrunda ölüm-dirim mücadiləsinə qaldırmışdı. Milli azadlıq hərəkatını boğmaq üçün Azərbaycanın xəyanətkar dövlət başçılarının dəstəyi ilə keçmiş SSRİ-nin böyük əksəriyyəti ermənilərdən ibarət olan silahlı ordusu Bakıda növbəti qanlı aksiya törətmiş, eyni zamanda Naxçıvan erməni işğalına məruz qalmışdı. Təəssüflər olsun ki, nə o zamankı iqtidar, nə də sonradan hakimiyyətə gələn AXC-Müsavat cütlüyü faciəyə siyasi qiymət vermək üçün əməli addımlar atmadılar. Həmin dövrdə hadisəyə siyasi-hüquqi qiymət verilməsi üçün lazımi işlər görmək mümkün idi. Hakimiyyətdə təmsil olunan şəxslərin yarıtmaz fəaliyyətləri, cəsarətsizliyi nəticəsində qanlı terror aktını törədənlərin istintaqı aparılaraq adlarının müəyyənləşdirilməsi istiqamətində heç bir tədbir görülməmişdi.
Sonra məktəbin müəllimlərindən Məhəbbət Seyidova, İlhamə Quliyeva, Reyhan Kərim­ova, Sara Mirzəyeva və başqaları çıxış ediblər. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Ümummilli liderimizin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz ümummilli liderimizin təşəbbüsü ilə mümkün oldu.
Tədbirin sonunda məktəbin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR