22 Dekabr 2024, Bazar

Ordunun inkişafı, döyüş qabiliyyətinin artırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika və silahlarla təminatla yanaşı, xalq-ordu birliyinin də güclü olmasından asılıdır. Xalq-ordu birliyinin gücləndirilməsinə daim diqqətlə yanaşan ümummilli lideri­miz Heydər Əliyev demişdir: “Xalq, dövlət orduya ümid edir, orduya güvənir. Ordu isə xalqın, dövlətin dəstəyinə güvənir. Dövlət xalqındır, xalq üçündür, millət üçündür. Ordu xalqındır və ordu xalq üçündür, millət üçündür. Güman edirəm ki, bu anlayışlar heç vaxt unudulmayacaqdır”.
Əsası ulu öndərimiz tərəfindən qoyulan xalq-ordu birliyi ənənəsi bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Xidməti vəzifələrini layiqincə yerinə yetirmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılan hərbçilərimiz eyni zamanda  xalqın diqqət və qayğısı əhatəsindədirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri xalqla ordunun birliyinin ölkənin möhkəmlənməsində əsas şərtlərdən biri olduğunu önə çəkərək demişdir: “Ordumuz günü-gündən güclənir, inkişaf edir, ölkəmizdə sabitlik, əmin-amanlıq möhkəmlənir. Bütün bunlar imkan verir ki, biz də muxtar respublika iqtisadiyyatını gücləndirək, ordu quruculuğuna diqqəti artıraq və torpaqlarımızın qorunmasında fəal iştirak edək. Bunun üçün isə hər bir vətəndaş özünə, öz vicdanına hesabat verməlidir: mən ordu üçün nə etmişəm? Əgər hər bir vətəndaşımız orduda xidmət edən əsgəri düşünürsə, orduda xidmət edən əsgərlərimiz isə vətəndaşlarımızı düşünürsə, bu, əsl həmrəylikdir”.
Hər il olduğu kimi, bu il də muxtar respublikanın nazirlik, komitə, agentlik, idarə, müəssisə və təşkilatlarının kollektivləri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində hərbi hissələrə gedir, onlara bayram sovqatları aparır, şəxsi heyətlə görüşlər keçirirlər.
Dünən Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman, Nəqliyyat nazir­liklərinin, Dövlət Gömrük Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Energetika Agentliyinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin və digər təşkilatların nümayəndələri hərbi hissələrə bayram sovqatları aparıblar.
Əsgər və zabitlərlə görüşlərdə qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrinin döyüş qabiliyyəti artırılır, etibarlı müdafiənin təşkili üçün müasir texniki imkanlar yaradılır. Göstərilən yüksək diqqət və qayğı nəticəsində bu gün muxtar respublikamızda bütün hərbi hissələrdə – dağ şəraitində və hakim yüksəkliklərdə yerləşən tabor mərkəzlərində, bölük və tağım dayaq məntəqələrində yüksək səviyyədə xidmət təşkil edilib. Ordumuzu daha qüvvətli edən amillərdən biri də xalq-ordu birliyinin təmin olunmasıdır. Bu birlik xalq tərəfindən orduya verilən yüksək mənəvi dəstəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR