Bu gün müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanda ulu öndərin ideyaları dönmədən həyata keçirilir. Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan da intibah dövrünü yaşayır. Yaradılmış sağlam mühit iqtisadi inkişafa, sosial yüksəlişə təkan verir, adamları doğma diyarın hər qarışını cənnətə döndərmək uğrunda inamlı mübarizəyə ruhlandırır.
Sürətlə gözəlləşən Naxçıvanın simasını dəyişdirən təkcə abad küçələr, rahat yollar, yaraşıqlı parklar, binalar deyil. Doğma yurda sonsuz məhəbbətin ifadəsi hər addımda hiss olunur. Ürəklə, həvəslə görülən işlərin könülaçan fərəhli nəticələri isə göz qabağındadır. Bu gün Naxçıvan yenidən qurulur. Ancaq bu yenidənqurmada dünənimizə məhəbbət və ehtiram hissləri də qəlbimizi dağa döndərir. Beş min il şəhərsalma tarixi olan, Azərbaycanın ən qədim yurd yerlərindən biri, hər daşında, qayasında minilliklərin izini yaşadan, bəşər sivilizasiyasının ilkin məskənlərindən sayılan Naxçıvanın simvoluna çevrilən tarixi memarlıq nümunələri qorunub saxlanılır, yeni tikintilər isə elə inşa olunur ki, tarixlə vəhdət yaranır. Uğurla davam etdirilən iqtisadi siyasətin nəticəsidir ki, bu gün Naxçıvan ölkənin digər regionlarından öndədir.
Bunu hər bir naxçıvanlı, qədim diyarımıza gələn hər bir qonaq da görür və təqdir edir. Təsadüfi deyildir ki, təkcə son on ildə muxtar respublika iqtisadiyyatı real ifadədə 12,5 dəfə artmışdır. Sənaye sahəsində 45,4 dəfə, kənd təsərrüfatında 4,5 dəfə, tikinti sektorunda 14,2 dəfə, nəqliyyat sektorunda gəlirlər üzrə 3,3 dəfə, rabitə və informasiya sektorunda 9,7 dəfə, xarici ticarət dövriyyəsində 12,2 dəfə artım olmuşdur. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün əsas kapitala 3 milyard 704 milyon manat vəsait yönəldilmiş, onun 46,4 faizini dövlət, 53,6 faizini isə qeyri-dövlət investisiyaları təşkil etmişdir. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 15,8 dəfə artaraq 3 milyard 588 milyon manat təşkil etmiş, xarici mənbələrdən əsas kapitala 116 milyon manat vəsait yönəldilmişdir. Dövlət tərəfindən sahibkarlıq subyektlərinə 90 milyon manata yaxın güzəştli kredit verilmişdir. Ümumi məhsul istehsalının həcmində qeyri-dövlət müəssisələrinin payı 87 faiz olmuşdur. Bu dövrdə 954 istehsal və xidmət müəssisəsi yaradılmış, sahibkarlıq subyektlərinin sayı 2 dəfə artmışdır. Sahibkarlığın inkişafına göstərilən qayğının, iqtisadiyyatın sürətli inkişafının nəticəsidir ki, 58 min 460 yeni iş yeri açılmış, muxtar respublikada işsizliyin səviyyəsi sıfra enmişdir. Əhalinin sosial müdafiəsinə və təminatına çəkilən xərclər 55,1 dəfə, əhalinin gəlirləri 9,5 dəfə, əməkhaqqı 9,5 dəfə yüksəlmişdir. Yoxsulluğun səviyyəsi 35,1 faizdən 4,5 faizə enmiş, yoxsul əhalinin sayı 6,8 dəfə azalmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvana sonuncu səfərində də muxtar respublikada aparılan quruculuq işlərini yüksək qiymətləndirmiş və bunun səbəblərini belə açıqlamışdır: “Burada hər bir sahədə gözəl inkişaf vardır... Hər tərəf göz oxşayır, hər tərəfdə böyük zövqlə binalar tikilir. Bütün bu işlər onu göstərir ki, bu işləri görən insanlar doğma xalqına, doğma diyarına qəlbən bağlıdırlar. Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların Vətənə bağlılığı həmişə olduğu kimi, çox yüksək səviyyədədir”.
Yuxarıda sadaladığımız faktlar, sadəcə, statistik rəqəmlər deyil. Bu rəqəmlər ulu öndər Heydər Əliyevin quruculuq xəttinin, onun irsinin konkret bir regionda bəhrələridir. Sözsüz ki, muxtar respublikamızın ayrılmaz həyat ritminə çevrilən bu prosesin təməlində Heydər Əliyev yoluna sədaqət, digər tərəfdən isə düzgün idarəetmə prinsipləri və təşəbbüskarlıq dayanır.
İnkişaf etmiş dövlətlərin tarixi təcrübəsində sübut edilib ki, hər bir dövlətin ən qiymətli sərvəti onun vətəndaşlarıdır. Əgər dövlət öz vətəndaşının qayğısına qalır, onun problemlərinin həllini, yaxşı yaşamasını təmin etməyi, insan hüquq və azadlıqlarını qorumağı özünün prioritet vəzifəsinə çevirirsə, bu halda həmin ölkənin inkişafı labüddür. Bu gün muxtar respublika həyatının ayrılmaz tərkib hissəsinə çevrilən tikinti-quruculuq prosesləri dinamik xarakteri ilə regionun ən ucqar dağ və sərhəd kəndlərini belə əhatə edir. Elə bu faktın özü də insan amilinə qayğının ifadəsi deyilmi? Yəni tikilənlər, qurulanlar muxtar respublika sakinlərinə yaxşı iş şəraiti və normal fəaliyyət yaradılmasına, regionun sosial-iqtisadi inkişafına onların daha böyük töhfələr verməsinə, mahiyyət etibarilə diyarımızın daha da müasir görkəmə qovuşmasına hesablanmış məqsədyönlü tədbirlərin ifadəsidir.
Hər bir millətin tərəqqisi məktəb, təhsil və müəllimlə bağlıdır. Buna görə də haqlı olaraq müəllimləri cəmiyyətin elitası adlandırırlar. Bu baxımdan ümummilli lider Heydər Əliyevin “Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır”, “Təhsil millətin gələcəyidir” müdrik kəlamlarına daim sadiq qalınaraq hər il ölkəmizdə, eləcə də muxtar respublikamızda neçə-neçə təhsil müəssisəsinin tikilməsinə, həmçinin zəruri ehtiyacı olan təhsil ocaqlarının əsaslı təmir edilməsinə, yenidən qurulmasına, habelə onların dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz olunmasına xüsusi diqqət yetirilir. İstedadlı gənclərimizin xarici ölkələrin nüfuzlu universitetlərində yüksək səviyyədə təhsil almalarına hər cür şərait yaradılması, qayğı göstərilməsi təhsillə bağlı aparılan siyasətin tərkib hissələrindən biridir. Onu qeyd edək ki, muxtar respublikamızda təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, məktəblərimizin dərs vəsaitləri, dərslik və bədii ədəbiyyat, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması da diqqət mərkəzində saxlanılır.
Həyata keçirilən tədbirləri göz önünə gətirəndə muxtar respublikamızda görülən işlərin həcmi, sözün həqiqi mənasında, hər birimizin qəlbini qürurla doldurur. Onda düşünürsən ki, öz torpağına, xalqına qəlbən bağlı olan insanların amalı və əməlləri ən yüksək qiymətə layiqdir. Naxçıvanın bugünkü inkişafı Azərbaycanımızın müstəqilliyinə verilən böyük töhfədir. Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan ona görə inkişaf edir ki, ümummilli liderimizin yolu ilə gedir.
Mövcud uğurlar insanlarda gələcək barədə yalnız nikbin təəssürat və əminlik doğurur. Bu gün cəmiyyətimizin inkişafı ulu öndərin ideyalarına söykənir. Heydər Əliyev yolu ilə, Heydər Əliyev ideyaları ilə Azərbaycan daim böyük uğurlar əldə edərək zirvələr fəth edir. Bu gün ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən inkişaf etdirilən müstəqil Azərbaycanı daha böyük uğurlar və perspektivlər gözləyir. Xalqın yüksək etimadı ilə müstəqil Azərbaycan Respublikasının üçüncü dəfə Prezidenti seçilmiş cənab İlham Əliyevi xalqımız intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq həyatında baş vermiş böyük dəyişikliklərin, bizi Azərbaycanımızın parlaq sabahına aparan siyasi kursun alternativsizliyini yaxşı dərk edir və bu siyasəti birmənalı dəstəkləyir.
Namiq MƏMMƏDOV
Azərbaycan Respublikasının əməkdar müəllimi