22 Dekabr 2024, Bazar

“Mən həyatım, bütün əmək fəaliyyətim dövründə ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, xalq üçün, insanlar üçün yaşamışam”, – deyən ulu öndərimiz Heydər Əliyev bütün ömrünü canı, qanı qədər sevdiyi, özünə əbədi qibləgah saydığı doğma Vətənə fədakar xidmətə həsr etmiş, xalqımızı nurlu səadətə qovuşdurmuşdur. Bütün zamanların ən böyük Azərbaycanlısı, ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm fəaliyyəti Vətənə, xalqa şərəfli xidmətin ideal nümunəsi olduğu kimi, onun mükəmməl təlimi, konseptual nəzəri-ideoloji irsi də son dərəcə qiymətlidir.

Sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələri ilə bağlı ulu öndərimizin söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr bu gün üçün də, gələcək üçün də ölçüyəgəlməz əhəmiyyətə malikdir.

Bu baxımdan ulu öndərimizin insanın şəxsi ləyaqəti, mənəvi tərbiyəsi, cəmiyyətdəki mövqeyi, Vətən və xalq qarşısında məsuliyyət hissi və sair barədə bütöv bir sistem təşkil edən mükəmməl, müdrik qənaətləri hər bir vətəndaş üçün misilsiz həyat dərsliyidir. Görkəm­li dövlət xadiminin aşağıdakı qiymətli fikri bütün dövrlərdə və cəmiyyətlərdə hər bir insan üçün əsl fəaliyyət devizi, yaşam prinsipi kimi daim öz möhtəşəmliyini saxlamaq iqtidarındadır: “Həyatın mənası çox, yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”.
Ümummilli liderimiz ölkənin hər bir sakininin də məhz Vətənə, xalqa sədaqətlə xidmət göstərmək, layiqli vətəndaş olmaq ruhunda, milli ideyalar əsasında tərbiyəsini, mənəvi kamilliyini çox vacib vəzifə saymışdır. “Mən istərdim ki, hər bir şəxs öz mənəviyyatını hər şeydən üstün tutsun”, – deyən dahi rəhbər hər bir şəxs üçün mənəvi ləyaqəti əvəzsiz keyfiyyət hesab etmiş, ona böyük əhəmiyyət vermişdir. Həyatın mənasını mənəvi ucalığın ülviyyətində, əbədiyyətində görən dahi şəxsiyyətin dəqiq, müdrik qənaəti belədir ki: “İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan,  yaşadan insan əbədi olacaqdır”.
O da ayrıca qeyd olunmalıdır ki, ümummilli liderimiz Heydər Əliyev mənəvi tərbiyə, əxlaqi saflıq məsələlərinə kompleks şəkildə yanaşmış, bunun dərin ictimai mündəricəsinə də xüsusi fikir vermişdir. Başqa sözlə deyilsə, ulu öndər mənəvi kamilliyi fərdi xarakter daşıyan bir proses sayma­mış, onu cəmiyyətin sosial-mənəvi amalları kontekstində qiymətləndirmişdir. Çünki hər bir cəmiyyət şəxslərdən, fərdlərdən ibarətdir, toplumun bütövlükdə sağlam əsaslar üzərində qurulması, yüksək amallara xidmət etməsi üçün məhz cəmiyyəti təşkil edən hər bir vətəndaşın yetkinliyi, kamilliyi, Vətən və xalq qarşısında öz borc və məsuliyyətini dərk etməsi, layiqincə yerinə yetirməsi çox vacib faktordur. Bu mənada görkəmli dövlət xadimi Heydər Əliyev mükəmməl mənəvi dəyərlər sisteminin xalqı öz ətrafında birləşdirmək imkanlarına yüksək qiymət verməklə onun geniş ideoloji funksiyasına məxsusi diqqət yetirmişdir: “Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür”.
Göründüyü kimi, dahi rəhbər ümummilli mənafelər naminə birləşmək, vətəndaş həmrəyliyini təmin etmək sahəsində mənəviyyat faktorunun, milli-mənəvi dəyərlərin digər amillərlə müqayisədə daha üstün rola malik olduğunu ayrıca vurğulamışdır. Ümummilli liderimiz Heydər Əliyev mənəviyyatın itirilməsini, bütövlükdə, Vətənin, xalqın, dövlətin taleyi üçün çox təhlükəli saymışdır. “Əgər mənəviyyat pozulmuşdursa, hər şey pozulacaqdır”, – deyən ulu öndər cəmiyyət həyatının bütün sahələrində yüksək mənəvi prinsiplərə, əxlaqi dəyərlərə, nəcib amallara əməl etməyi həmişə mühüm vəzifə kimi önə çəkmiş, bu istiqamətdə ardıcıl, qətiyyətli fəaliyyət göstərməyi vacib saymışdır: “Cəmiyyətimizdə saf mənəviyyatı bərqərar etmək, inkişaf etdirmək, bütün mənfi hallara qarşı mübarizəni gücləndirmək əsas vəzifəmizdir”.
Vətənə, xalqa layiqli xidmət göstərməyi yetkin mənəviyyatın üzvi tərkib hissəsi sayan ulu öndərimiz  həqiqi mənəvi prinsiplərin bəxş etdiyi ucalığı, ləyaqəti də yüksək qiymətləndirmişdir. Dahi rəhbər məxsusi vurğulamışdır ki, tarix boyu əsl mənəviyyat sahibləri həyatın dolanbacları, kəşməkəşləri ilə qarşılaşanda da, məhrumiyyətlərə, çətinliklərə düçar olanda da öz yollarından dönməmiş, ülvi, nəcib amallarından çəkinməmişlər. Bu isə onlara daim mənəvi ucalıq bəxş etmişdir.
Elə buradaca bir daha minnətdarlıqla qeyd etmək yerinə düşər ki, ulu öndərimiz Heydər Əliyevin bütün həyatı, fəaliyyəti məhz ali mənəviyyatın, əsl mənəvi ucalıq və ləyaqətin ən parlaq nümunəsidir. Vətənin və xalqın üzləşdiyi ən böyük çətinlikləri də məhz yenilməz iradəsi, müdrik dühası, möhtəşəm siyasəti və pak mənəviyyatı ilə dəf edən, bizi əbədi səadətə qovuşduran böyük şəxsiyyət nəsillərə nümunədir.
Böyük dahinin mənəviyyat konsepsiyasında həqiqətpərəstliyin, doğruçuluğun, yalanlara uymamağın da müvafiq dəyərləndirilməsi vardır.  “Mən həmişə həqiqəti sevmişəm və həyatım da həqiqət üzərində qurulmuşdur!” sözləri də məhz bu qayənin nuruna boyanmışdır.
Ulu öndər Heydər Əliyev həm bugünkü, həm də gələcək nəsillərin Vətənə sədaqət, xalqa xidmət, təmiz mənəviyyat, saf əqidə, sağlam əxlaq prinsipləri əsasında formalaşdırılması işinə sistemli, məsuliyyətli bir proses, aktual vəzifə kimi baxmışdır. Ölkənin gələcəyinin böyüməkdə olan nəsilləri necə və hansı ruhda yetişdirməkdən, tərbiyə etməkdən çox asılı olduğunu vurğulayan ulu öndərimiz demişdir: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”. Görkəmli dövlət xadimi uşaq, yeniyetmə və gənclərin müasir tələblər səviyyəsində formalaşması üçün onlara yüksək savad, dərin bilik verilməsini çox mühüm şərt saymış, bununla yanaşı, digər mühüm faktoru da təhsil alanların mənəvi kamilliyində, əqidə saflığında görmüşdür. Başqa sözlə deyilsə, Heydər Əliyev təlimində təhsillə tərbiyənin, mükəmməl biliklə yüksək mənəviyyatın vəhdəti son dərəcə mühüm prinsip kimi əsaslandırılmışdır. Təhsil ocaqlarının tərbiyəedici funksiyasına xüsusi fikir verən müdrik dahinin aşağıdakı sözləri də bu ali həqiqətin ifadəsidir: “Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.
Ulu öndər mənəvi yetkinliyi, kamilliyi ölkəyə layiqli övlad olmağın vacib faktorlarından saymışdır. Dahi rəhbərimizin müdrik tövsiyəsi belədir ki, əsl pedaqoq olmaq, şagird və tələbələrə mükəmməl, hərtərəfli bilik vermək, onları nəcib mənəvi amallara sədaqət ruhunda yetişdirmək üçün müəllimin özü bu yüksək keyfiyyətləri dərindən mənimsəməli, yetirmələrinə nümunə olmalıdır: “Məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanın gələcək vətəndaşı gərək, birincisi, mənəviyyatca saf olsun. Ona görə də gərək mənəvi saflıq ali məktəblərdə, orta məktəblərdə hökm sürsün... Ona görə də gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər...Yüksək mənəvi keyfiyyətlərə malik olmaq, daim ünsiyyətdə olduğu gənclərə nümunə göstərmək müəllimin borcudur”.  
Yeniyetmə və gənclərin gələcəyin savadlı mütəxəssisi, layiqli vətəndaşı kimi formalaşması üçün bütün cəmiyyət maraqlı olmalıdır, xüsusən də məktəblə ailənin birgə fəaliyyəti təmin edilməlidir. “Adamların mənəvi aləmi təkcə əməkdə, ictimai fəaliyyətdə deyil, həmçinin ailədə formalaşır”, – deyən ümummilli liderimiz həmin məsələyə də diqqət yetirərək müdrik tövsiyələrini belə ümumiləşdirmişdir: “Məktəblə ailənin sıx, qarşılıqlı əlaqəsi olmadan mükəmməl tərbiyə ola bilməz, çünki bu proses kompleks bir prosesdir və onun səmərəliliyini valideynlərlə pedaqoqların birgə səyi ilə yüksəltmək lazımdır”.
Ulu öndər Heydər Əliyevin möhtəşəm təlimində ən mühüm məqamlardan biri də mənəvi tərbiyənin xalqımızın əsrlərin sınağından çıxmış şərəfli ənənələri, ülvi dəyərləri, əxlaqi-etik qənaətləri əsasında həyata keçirməklə əlaqədardır. Bütün bunları kompleks halında nəzərə alan dahi rəhbər demişdir: “Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr əsasında tərbiyə edilsinlər”.
Ümummilli liderimiz xalqımızın zəngin mənəvi dəyərlər sisteminə, qiymətli mənəvi və mədəni ənənələrə malik olduğunu qürurla vurğulamış, hər bir Azərbaycan vətəndaşını bu irsə layiq olmağa çağırmışdır: “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə daha məsuliyyət hissi ilə yanaşmalıdır”.

Hazırda müstəqil Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan, böyük intibah dövrünü yaşayan Naxçıvanda ulu öndər Heydər Əliyevin amal və əməlləri bütün istiqamətlərdə, o cümlədən mənəvi tərbiyə sahəsində yüksək səviyyədə həyata keçirilir, dahi rəhbərin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun təntənəsi özünü parlaq şəkildə göstərir.

Hüseyn  HƏŞİMLİ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR