Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən Naxçıvan şəhərindəki “Gənclik” kafesində 2013-cü ildə müxtəlif sahələrdə fərqlənən gənclərin mükafatlandırılması ilə bağlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq bu il gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd olunmuşdur ki, bu il də həm ictimai-siyasi, həm də sosial-iqtisadi və mədəni sahələrdə əldə edilən nailiyyətlər ölkəmizin dünya ölkələri sırasında mövqeyini bir qədər də möhkəmləndirmişdir. 2013-cü il ərzində ayrı-ayrı növlər üzrə muxtar respublika idmançılarının respublika və beynəlxalq əhəmiyyətli yarışlarda iştirakı təmin edilmiş, idmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə və Azərbaycan birinciliklərində medallar qazanmışlar.
Tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantı Əbubəkr Muradov çıxış edərək gənc nəslin əsl vətəndaş kimi formalaşmasında ulu öndərimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışmış, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.
Sonra Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin ifasında musiqili proqram təqdim olunmuş, müxtəlif sahələrdə fəallıq göstərən gənclər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Türkan HÜSEYNLİ