“Dicovery Azerbaijan” elmi-kütləvi turizm jurnalının noyabr-dekabr aylarında çıxan 15-ci nömrəsində Naxçıvanla bağlı bir sıra maraqlı məqalələr təqdim edilib. Jurnalın redaksiya heyəti bu sayda oxucularla birlikdə Nuhun əfsanəvi torpağına – Naxçıvana virtual səfərə çıxır. Bu qədim diyarda orta əsrlərin yadigarları olan möcüzəli tarixi abidələri, dahi Əcəmi Naxçıvaninin yaratdığı XII əsr memarlığının ən gözəl nümunələri, Əshabi-Kəhf möcüzəsini anladan rəvayət haqqında məlumat verən, Batabat, Gəmiqaya, Haçadağ haqqında danışılan jurnalın bu sayında, ümumilikdə, Naxçıvanla bağlı 3 məqalə və onlarla fotoşəkil təqdim olunub. Jurnalın üz qabığının ön hissəsində Naxçıvandakı Xan sarayının güzgülü salonunun, arxa hissədə isə Əshabi-Kəhf mağarasının yerləşdiyi dağların fotosu yerləşdirilib.
“Gözdən uzaq, könüldən yaxın: Nuhun izi ilə…” adlı ilk məqalədə müəllif Rəna Kərimova “Tıxaclardan və səs-küydən uzaq şəhər”, “Yumurta sarısı ilə tikilən sevgi abidəsi”, “Başları kəsilən qoçların aqibəti”, “Kimlər gəldi, kimlər keçdi bu saraydan?”, “Tanrının kitabında adı keçən məkan”, “Həcc ziyarətinə bərabər sayılan Əshabi-Kəhf”, “Qaynayan bulaq”, “Batabat da gözəldir!”, “Nuhun məskəni olan şəhər”, “Nəqşicahan xalçaları”, “Naxçıvanın ilk muzeyi” başlıqları altında Naxçıvanın təbii gözəlliklərini, tarixi qədimliyini, mədəni zənginliyini, inanc müqəddəsliyini təsvir edib, bugünkü Naxçıvanın inkişafına və tərəqqisinə işıq salıb. Bu məqalədə müəllifin xüsusilə bir qeydi diqqət çəkir: “Yolunuzu buradan salsanız, geniş və müasir yollarda özünüzü Avropanın kiçik şəhərlərindən birindəki kimi hiss edəcəksiniz”. Naxçıvanı gəzdikdən, öz gözləri ilə gördükdən sonra müəllifin gəldiyi nəticə də maraqlıdır: “Naxçıvana gedərkən mətbuatdan oxuduqlarımız, ayrı-ayrı insanlardan eşitdiklərimiz bizdə müəyyən mənada yanlış təsəvvürlər formalaşdırmışdı. Amma gördüklərimiz oxuduqlarımızdan tamamilə fərqli oldu. Qayda-qanunun hökm sürdüyü, səliqəli, təmiz şəhər, müasir yollar, üslubu ilə tarixi binanı xatırladan bir-birindən gözəl tikililər, yaşıllıqlar, qonaqpərvər insanlar və sair və ilaxır… Siz də qərəzli yazarların qələmindən çıxan yazılardakı oxuduqlarınıza, dili həqiqətə uyuşmayanlardan eşitdiklərinizə deyil, gözlərinizə inanın, Nuhun məskəni Naxçıvanı özünüz kəşf edin”.
Jurnalda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə “Naxçıvan qəlbimdə hər an!” başlıqlı müsahibə də xüsusi maraq doğurur. Müsahibədə alimin Naxçıvanla bağlı düşüncələri, Naxçıvanın dünəni və bugünkü inkişafının müqayisəsi, bu diyarın tarixi və turizm ehtiyatları, buradakı elmi mühitlə bağlı fikirləri öz əksini tapıb.
Jurnalda Naxçıvanla bağlı təqdim olunan sayca üçüncü məqalə isə “Yaranıza duz basın!” adlanır. Bu məqalədə müəllif Naxçıvanın unikal iqlimi, möcüzəvi duz mağarası, duzun müalicəvi xüsusiyyətləri, Duzdağ Fizioterapiya Mərkəzində müalicə üsulları haqqında ətraflı məlumat verib.
Elnur KƏLBİZADƏ